Akkettura — İtaliyanın Basilikata regionunda, Matera əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər Kalçano, Kampomaccore, Çirilyano, Oliveto Lukano, Pietrapertosa, San Mauro Forte və Stilyano bələdiyyələri ilə həmsərhəddir.

Coğrafiyası

Ərazinin təxminən yarısını meşələr və otlaqlar təşkil edir. Akketturanın ətrafında Mançe, Qallipoli, Montepiano, Vallefredda və Tempakortallye dağları yerləşir. Şəhər dəniz səviyyəsindən 770 metr yüksəklikdə yerləşir. Şimalda Kampomaccore və Kalçano, şərqdə Oliveto Lukano və San Mauro Forte, cənubda Stilyano və Çirilyano, qərbdə isə Pietrapertosa bələdiyyələri ilə həmsərhəddir.

Etimologiyası

Bəzi fikirlərə görə, Akkettura adı latınca Accipiter sözündən yaranmış "acceptor" kökü ilə bağlıdır. Digər ehtimala görə isə ad şəhərin simvolu ilə, torpaq sahəsinin qəbul edilməsi və ya bölüşdürülməsi ilə əlaqədardır.

Tarixi

Akkettura haqqında ilk rəsmi məlumat 1060-cı ildə Papa II Nikolay tərəfindən verilmiş sənəddə qeyd olunur. O, Trikariko yepiskopuna göndərdiyi sənəddə yaşayış məntəqəsini "Achitorem" adı ilə qeyd etmişdir.

Akkettura Lukan Apeninlərində, Qallipoli-Konyato parkında yerləşir. Şəhərin əsası X əsrdə yerli əhalinin yaxınlıqdakı üç kəndi tərk etməsindən sonra qoyulmuşdur. Müasir dövrdə əhali əsasən kənd təsərrüfatı, heyvandarlıq və turizmlə məşğul olur.

X əsrdə Akkettura Monteskalyozzo feodal ərazisinin tərkibində idi. 1272-ci ildə şəhər tamamilə yanğın nəticəsində dağıldı. Qısa müddət sonra I Karl Anju şəhərin yenidən qurulmasını əmr etdi.

Tarixi boyunca Akkettura müxtəlif zadəgan ailələrinin mülkiyyətində olmuşdur. Bunlara Bazzano, Della Marra, Ponsiako, Karafa və XIX əsrin sonlarına qədər şəhərə sahib olan Spinelli ailələri daxildir.

Akkettura Maqqiosu festivalı

Akketturada Müqəddəs Julian festivalı yerli əhali arasında "Maggio di Accettura" və ya sadəcə "Maggio" adı ilə tanınır. Festival Pentikost bayramı ətrafında keçirilir və həm yerli əhalini, həm də turistləri cəlb edir. Festivaldan əvvəl geniş hazırlıq işləri və müxtəlif tədbirlər keçirilir. Bunlara şəhərin himayədarı Müqəddəs Julianın heykəlinin, eləcə də müqəddəslər Vəftizçi İohann və Pavelin təsvirlərinin aparıldığı yürüşlər daxildir.

Festivalın kulminasiya mərhələsində budaqları təmizlənmiş böyük palıd ağacı şəhər meydanında qaldırılır və ona daha kiçik bir ağac birləşdirilir. Bu mərasim zamanı ənənəvi rəqslər, tamaşalar, ayin xarakterli təqdimlər və atəşfəşanlıq nümayişləri keçirilir.

Festival kənd təsərrüfatı ilə bağlı pagan ənənələri Katolik Kilsəsinin dini elementləri ilə birləşdirir və onun mənşəyinin Lombardların bu əraziyə köçü ilə bağlı olduğu ehtimal edilir.

Görməli yerləri

Dini tikililər

Müjdə kilsəsi — barokko üslubunda tikilmiş və daha əvvəl mövcud olmuş binanın yerində yenidən inşa edilmişdir. Kilsənin daxilində XVI əsrə aid, körpə İsa ilə Madonna təsvir olunan taxta heykəl və eyni mövzunu əks etdirən həmin dövrə aid rəsm əsəri yerləşir. Kilsənin XIV əsrə aid pəncərəsi də diqqətəlayiqdir. Müqəddəs Nikolay kafedral kilsəsi — XV əsrdən əvvəl tikilmiş və sonrakı dövrlərdə dəfələrlə yenilənmişdir. Burada 1611-ci ildə Gaspare di Missanello tərəfindən tökülmüş zəng, XV əsrə aid taxta xaç, XVI əsrə aid Müqəddəs Antonio taxta heykəli, həmçinin Müqəddəs Julian, Müqəddəs Filomena və Müqəddəs Paskualın heykəlləri və XVIII əsrin sonlarına aid Məcdəlli Məryəm təsviri olan rəsm əsəri saxlanılır. Müqəddəs Antonio kilsəsi — əvvəllər fransiskan monastırı olmuşdur. Burada XVII əsrə aid, ehtimal ki, Pietrafesaya məxsus rəsm əsərləri qorunub saxlanılmışdır. Müqəddəs İohann və Pavel kapellası — Valdiennada yerləşir. Santa Mariya kapellası — Ermolidə yerləşir və XVIII əsrə aiddir. Müqəddəs Klara de Qallipoli kilsəsi — XVI əsrə aid rəsm əsərləri qorunub saxlanılmışdır.

Digər tikililər

Akketturada Amodio, Spagna və Nota zadəgan ailələrinə məxsus saraylar yerləşir.

Spagna və De Luca fermaları XVIII əsrə aid möhkəmləndirilmiş təsərrüfat tikililəridir.

Təbii görməli yerlər

Montepiano meşələri regionun Akkettura, Cirigliano, Stigliano və Pietrapertosa bələdiyyələrinin ərazilərini əhatə edir. Meşələrdə çoxsaylı istehkam qalıqları aşkar edilmişdir. Onların bəziləri e.ə. III və ya IV əsrə aiddir.

Qallipoli-Konyato meşə qoruğu — Monte Krokçanın arxeoloji ərazisində yerləşən təbiət qoruğudur. Burada e.ə. VI və VII əsrlərə aid divar qalıqları qorunub saxlanılmışdır. Serra Roza — burada qala və digər orta əsr tikililərinin qalıqları yerləşir.

Museo dei culti arborei Akketturada yerləşir. Muzeydə hər il keçirilən Maqqio festivalına aid rəsm əsərləri, fotoşəkillər və videolar, həmçinin ərazidə kənd təsərrüfatı və meşə təsərrüfatında istifadə olunan alətlər nümayiş etdirilir. Muzeydə bölgənin antropoloji və sosial ayinləri, eləcə də "gözəl ağaclar kultu" ilə bağlı qədim ənənələr haqqında məlumat və mətnlər təqdim olunur.

İqtisadiyyatı

Akketturanın iqtisadiyyatı əsasən heyvandarlıq və taxılçılığa əsaslanır. Taxıl bitkiləri becərilən torpaqların 73%-ni təşkil edir.

Sənaye sektorunda əsasən tikinti və istehsal müəssisələri fəaliyyət göstərir. Şəhər ənənəvi üsulla köhnə sobada istehsal olunan kərpic və kirəmitlə də tanınır. Bundan əlavə, qida sənayesi müəssisələri və əsasən mebel və ərzaq məhsullarının pərakəndə satışına əsaslanan xidmət sektoru fəaliyyət göstərir. Şəhərdə çoxsaylı restoranlar və turizm obyektləri mövcuddur.

Əhalisi

2025-ci il dekabrın 31-nə olan məlumata görə, Akketturanın əhalisi 1.575 nəfərdir.

İstinadlar

Mənbələr

Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:Bazilikatanın şəhər və qəsəbələri