Stara Əbülfəz qızı Tarixazər (04 yanvar, 1965, Bakı) — Azərbaycan alimi, coğrafiya elmləri doktoru, dosent, Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin “Geoekologiya” laboratoriyasının rəhbəri
Həyatı və Təhsili Tarixazər Stara Əbülfəz qızı 04.01.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Stara Tarixazər 1972–1982-ci illərdə Bakı şəhərindəki 211 nömrəli orta məktəbdə təhsil almışdır. 1983–1988-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsində təhsil almışdır.
1992-ci ildə aspiranturaya daxil olmuş, 1995-ci ildə aspiranturanı bitirmişdir. 13 yanvar 1998-ci ildə “Dağlıq ölkələrin morfoskulpturlarının (Böyük Qafqazın şimal-şərq yamacı daxilində) deşifrələnməsi metodikasının işlənib hazırlanması” mövzusunda geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2021-ci ilin mart ayında Stara xanım “Böyük Qafqazın geosistemlərinin ekzodinamik təhlükə və riskinin ekogeomorfoloji qiymətləndirilməsi” mövzusunda geomorfologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Atası – Tarixazər Əbülfəz Rəhim oğlu 1945–1946-cı illərdə Cənubi Azərbaycanın “Azərbaycan Demokrat Partiyası”nın üzvü olmuşdur. Azərbaycan SSR-də iki ali təhsil alaraq (Tibb İnstitutunu və APİ-ni bitirmişdir) Zirə qəsəbəsinin ambulatoriyasında həkim-stomatoloq işləmişdir. Anası – Nəsrullayeva Raisa İzatulla qızı ixtisasca həkim-mama olmuş, o da Zirə qəsəbəsində çalışmışdır. Stara xanımın həyat yoldaşı – Kərimov Rəhim Əliqulu oğlu – Azərbaycanın əməkdar pilotu, SSRİ-nin “Şərəf Nişanı” ordeninin kavaleridir, SSRİ-nin gümüş medalı ilə təltif edilmişdir, “Qəzalar olmadan uçuş”a görə SSRİ medalı ilə təltif olunmuş, əmək fəaliyyəti ərzində çoxsaylı fəxri fərman və mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikasının I Qarabağ müharibəsi veteranıdır. Oğlu – Kərimov Fərəcağa Rəhim oğlu – A-319/320 kapitanı, AZAL aviaşirkətinin nəzəri hazırlıq üzrə baş meneceridir. Üç diplomu vardır: Azərbaycan İqtisad Universitetini, Rusiya Federasiyasının Sankt-Peterburq Aviasiya Akademiyasını və Avropanın “Baltic Flight Academic” təhsil müəssisəsini pilot ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyəti Stara xanım əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının (hazırda Elm və Təhsil Nazirliyinin) akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda başlamış və burada laborant vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. O, “Kartoqrafiya və toponimika”, “Aerokosmik tədqiqat metodları”, “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbələrində çalışmışdır. “Geomorfologiya və təbii risklər” laboratoriyasının müdiri olmuşdur.
2010-cu ildə geomorfologiya və paleocoğrafiya ixtisası üzrə “dosent” elmi adını almışdır. 2015-ci ilin dekabr ayında Coğrafiya İnstitutunun 70 illik yubileyi münasibətilə elmi fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir.
2000–2015-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
2016-cı ildə S.Ə.Tarixazərin Əlizadə E.K. ilə birgə yazdığı “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk” monoqrafiyası Rusiya Federasiyasının Moskva şəhərində nəşr olunmuş və Rusiya Coğrafiya Cəmiyyətinin “Billur Kompas” müsabiqəsində elmi nailiyyətlər nominasiyası üzrə qalib olmuşdur. Azərbaycan alimləri “Finalçı diplomu” ilə təltif edilmişlər.
2018–2023-cü illərdə Coğrafiya İnstitutunun “Qadınlar Şurası”nın elm üzrə sədr müavini olmuşdur. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Stara xanım Azərbaycan Elmlər Akademiyasının elmi və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edilmişdir.
2017-ci ildə Stara xanım “Sel Assosiasiyası” Regionlararası İctimai Təşkilatının üzvü olmuşdur. Bu təşkilat sellərin və digər fəlakətli proseslərin tədqiqi, onlardan mühafizə və onların mənfi təsirinin azaldılması məqsədilə sel hadisələri üzrə mütəxəssislərin peşəkar birliyidir.
6–10 oktyabr 2025-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən “Sel axınları: fəlakətlər, risk, proqnoz, mühafizə” adlı VIII Beynəlxalq konfransda elmi məruzə ilə çıxış etmişdir. Konfransın bağlanış mərasimində selşünaslıq sahəsində xidmətlərinə və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Stara Tarixazər S.M. Fleyşman medalı ilə təltif edilmişdir.
Tarixazər S.Ə. Qazaxıstan Respublikasının “Coğrafiya və su ehtiyatları” elmi jurnalının baş redaktor müavinidir. 2023–2025-ci illərdə BDU-nun “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə Dissertasiya Şurasının üzvü və Kiçik Şurasının sədri olmuşdur.
Tarixazər Stara 180-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 2 dərs vəsaitinin və 1 kataloqun müəllifidir. Elmi fəaliyyətinin əsas istiqamətləri ekzomorfogenez, ekogeomorfologiya, geomorfoloji xəritələşdirmə və risk geomorfologiyasıdır.
Hazırda Stara xanım Azərbaycan Elm və Təhsil Nazirliyinin Geologiya İnstitutu PHŞ-nin “Geoekologiya” laboratoriyasına rəhbərlik edir.
Seçilmiş elmi əsərləri
Seçilmiş elmi məqalələr
Monoqrafiyalar
İstinadlar
Kateqoriya:Azərbaycan coğrafiyaşünasları