Sioda () — Klavdi Ptolemeyin "Coğrafiya" əsərində Qafqaz Albaniyasının yaşayış məntəqələri sırasında qeyd edilən qədim yaşayış məntəqəsi. Ptolemey onun koordinatlarını 78°15′ uzunluq və 44°40′ enlik kimi göstərmişdir. Siodanın müasir lokalizasiyası müəyyən edilməmişdir. Müxtəlif tədqiqatçılar onu Kür–Alazan hövzəsi, Mingəçevir yaxınlığındakı Sudağılan şəhər yeri və Kür–Araz qovşağındakı Cavad ətrafı ilə əlaqələndirmişlər.
Antik mənbədə
Sioda haqqında əsas antik məlumat II əsr coğrafiyaşünası Klavdi Ptolemeyin "Coğrafiya" əsərinin Qafqaz Albaniyasına həsr olunmuş V kitabının 11-ci fəslində qorunmuşdur. Ptolemey Albaniyanın yaşayış məntəqələrini sadalayarkən Siodanı formasında qeyd etmiş və onun koordinatlarını 78°15′ uzunluq və 44°40′ enlik kimi göstərmişdir.
Ptolemeyin coğrafi məlumatlarının müasir xəritəyə uyğunlaşdırılması tədqiqatçılar arasında müxtəlif nəticələrə səbəb olmuşdur. Kamilla Trever Ptolemeyin Qafqaz Albaniyasının şəhər və digər yaşayış məntəqələri üçün verdiyi adların müasir toponimika vasitəsilə müəyyənləşdirilməsinin çətinliyini qeyd etmişdir.
Lokalizasiya
Siodanın lokalizasiyası ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Nigar Şərifzyanovanın verdiyi məlumata görə, Konrad Mannert Siodanı Kür çayı üzərində, Alazanın Kürə töküldüyü yerdən yuxarıda yerləşdirirdi. Vasili Latışev isə yaşayış məntəqəsini ehtimalən Kürlə Alazanın qovuşduğu ərazidə lokalizasiya etmişdir.
XIX əsrin sonlarında Vilhelm Tomaşek Ptolemeyin Albaniya üçün sadaladığı yaşayış məntəqələrinin lokalizasiyası ilə bağlı əvvəlki tədqiqatların nəticələrinə ehtiyatla yanaşmışdır. O, Jan-Batist d'Anvil, Mannert, Karl Eyxvald, A. O. Yanovski və Boris Dornun Ptolemey toponimlərini müasir coğrafiya ilə uyğunlaşdırmaq cəhdlərinin etibarlı nəticə vermədiyini qeyd etmişdir.
1983-cü ildə Sergey Muravyov Ptolemeyin Qafqaz Albaniyası xəritəsinin sistemli təhlilini aparmışdır. Muravyovun bildirdiyinə görə, Stepan Yeremyan 1981-ci ilin oktyabrında Sioda adının Mingəçevir yaxınlığındakı Sudağılan şəhər yerinin adı ilə müqayisəsini təklif etmişdi. Muravyov bu müqayisəni diqqətəlayiq hesab etsə də, Siodanın Sudağılanla eyniliyini müəyyən edilmiş lokalizasiya kimi qəbul etməmişdir.
Qiyasəddin Qeybullayev 1986-cı ildə fərqli lokalizasiya irəli sürmüşdür. O, Ptolemeyin Kürlə Arazın qovuşduğu yer üçün göstərdiyi koordinatlarla Siodanın koordinatlarını eyni hesab edərək Siodanın Kür–Araz qovşağında, müasir Cavadın yerləşdiyi ərazidə ola biləcəyini ehtimal etmişdir. Qeybullayev həmçinin Siodanın Cavad toponiminin qədim ötürülmə forması ola biləcəyini mümkün saymış, lakin adın dil mənşəyinin qeyri-müəyyən qaldığını qeyd etmişdir.
Aleksan Akopyan 2023-cü ildə Ptolemeyin Albaniya coğrafiyasını digər Ptolemey toponimləri ilə birlikdə yenidən nəzərdən keçirmişdir. Akopyan Siodanın "göründüyü kimi" Mingəçevirin sol sahilində yerləşən Sudağılan şəhər yerinə uyğun gəldiyini irəli sürmüşdür. O, alternativ variant kimi Qəbələ və Nic yaxınlığındakı Söyüdlü kəndini də nəzərdən keçirmiş və bu toponimin XIV əsrə aid erməni əlyazmasının kolofonunda "Sokutlu" formasında qeyd edildiyini bildirmişdir.
Akopyanın rekonstruksiyasında Cavad Sioda ilə deyil, Ptolemeyin Gaitara — başqa bir pasajda Gangara — adlandırdığı yaşayış məntəqəsi ilə müqayisə edilmişdir.
Sudağılanın arxeoloji konteksti
Sudağılanda aparılan arxeoloji tədqiqatlar burada antik dövrə aid yaşayış mərhələsinin mövcudluğunu göstərmişdir. Rəşid Vahidov Sudağılan şəhər yerinin birinci mədəni təbəqəsini və onunla əlaqələndirdiyi arxeoloji materialları eramızın I–III əsrlərinə aid etmişdir. Beləliklə, Sudağılan şəhər yerində Ptolemeyin fəaliyyət dövrü ilə xronoloji baxımdan uyğun gələn mədəni təbəqə mövcuddur; Sudağılanın Sioda ilə eyniləşdirilməsi isə Akopyanın tədqiqatında lokalizasiya hipotezi kimi təqdim edilir.
Adı
Sioda adının etimologiyası dəqiq müəyyən edilməmişdir. Şərifzyanovanın verdiyi məlumata görə, Latışev Böyük Plininin Qafqaz xalqları sırasında qeyd etdiyi Sodi etnonimini Ptolemeyin Asiya Sarmatiyasının xalqları sırasında göstərdiyi isondlarla müqayisə etmiş və həmin adın izinin Sioda toponimində də qorunmuş ola biləcəyini ehtimal etmişdir. Plini və Ptolemeyin öz mətnlərində isə Sodi, isondlar və Sioda arasında belə bir əlaqə göstərilmir.
M. S. Hacıyev Ptolemeyin Xobota, Boziata, Taqoda, Gelda və Sioda toponimlərindəki -ta/-da elementinin bir sıra Dağıstan dillərindəki lokativ formantlarla əlaqəli ola biləcəyini ehtimal etmişdir. O, müqayisə üçün avar dilində "üzərində, üstündə" mənası verən -ta(-da) formasını göstərmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Kaspilər Kateqoriya:Paytakaran Kateqoriya:Məhv olmuş Azərbaycan şəhərləri Kateqoriya:Qədim coğrafi bölgələr Kateqoriya:Azərbaycan arxeologiyası Kateqoriya:Qədim Azərbaycan Kateqoriya:Azərbaycanın keçmiş yaşayış məntəqələri Kateqoriya:Qafqaz Albaniyası şəhərləri Kateqoriya:Kaspiana