Mehman Kərimov () — Azərbaycan idman funksioneri. 2010-cu ildən Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) çalışıb: əvvəlcə marketinq direktoru, 2022–2025-ci illərdə isə beynəlxalq proqramlar idarəsinin müdiri olub. Müxtəlif beynəlxalq yarışlarda Azərbaycan yığmasının missiya rəhbəri, Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin və MOK-un bir sıra komissiyalarının üzvü olub. Gənclər arasında Olimpiya təhsili proqramlarının əlaqələndiricisi kimi tanınıb; Beynəlxalq Olimpiya Komitəsi (BOK) onun bu sahədəki fəaliyyətini xüsusi məktubla qiymətləndirib.

Fəaliyyəti

"İnkişaf Naminə İdman" İctimai Birliyi Kərimov "İnkişaf Naminə İdman" (Sport for Development) İctimai Birliyinin sədri olub. 2012-ci ilin aprelində təşkilat bp Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə birgə London-2012-yə həsr olunmuş "Beynəlxalq İdman Həyəcanı" (International Inspiration) proqramının Azərbaycandakı ikiillik yubileyi münasibətilə silsilə tədbirlər keçirib.

2015-ci ilin yanvarında birlik Milli Paralimpiya Komitəsi ilə birgə "Azərbaycanda Əlilliyi olan Gənclər üçün İdman" layihəsi çərçivəsində ABŞ nümayəndə heyəti ilə görüşdə iştirak edib. Həmin ilin fevralında Təhsil Nazirliyi, "British Council" və "İnkişaf Naminə İdman" arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokol çərçivəsində "TOPs proqramı – şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi Bakının üç məktəbində pilot qaydada tətbiq olunmalı idi; Kərimov mərasimdə çıxış edib. 2016-cı ilin dekabrında layihənin növbəti mərhələsinə dair Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və "British Council" arasında imzalanan niyyət protokolu mərasimində də iştirak edib.

Milli Olimpiya Komitəsində Kərimov MOK-da fəaliyyətə 2010-cu ilin aprelində marketinq direktoru kimi başlayıb. Elə həmin il Sinqapurda keçirilən I Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Mirkamil Rəhimovun köməkçisi olub.

MOK-un marketinq idarəsinə rəhbərlik etdiyi illərdə Gənclər və İdman, Təhsil nazirlikləri və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı "Coca-Cola" ilə birgə həyata keçirilən "Olimpiya hərəkatı" məktəblilərin kütləvi idman proqramının əlaqələndiricilərindən olub. 2016-cı ilin dekabrında təqdim edilən proqramın ikinci mövsümü Bakı ilə yanaşı Sumqayıt, Göygöl və Gəncə məktəblərini əhatə edib. 2019-cu ildə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının irsi çərçivəsində başlanan "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı"nın 49 hədəf məktəbin direktorları ilə görüşündə proqram barədə məlumat verib.

Pxençan-2018 Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibində olan Kərimov Olimpiya Yayım Xidmətinin (Olympic Broadcasting Services) və Olimpiya Kanalının rəsmiləri ilə görüşüb. 2021-ci ilin noyabrında Avropa Olimpiya Komitələrinin (AOK) Marketinq Komissiyasının üzvü seçilib; həmin vaxt ilk dəfə olaraq MOK-un üç əməkdaşı eyni zamanda AOK komissiyalarına daxil edilib. Elə həmin ay MOK-un Atletlər Komissiyasının şəhid və qazi övladlarının idmana cəlb olunmasına həsr edilmiş ilk layihəsi olan "Qəhrəmanların varisləri"nin açılışında çıxış edib. Pekin-2022 Qış Olimpiya Oyunlarında marketinq direktoru kimi Azərbaycan nümayəndə heyətinin tərkibində olub.

2022-ci ildən ömrünün sonunadək MOK-un beynəlxalq proqramlar idarəsinə (departamentinə) rəhbərlik edib. Bu vəzifədə ölkədə Olimpiya hərəkatının inkişafına yönəlmiş müxtəlif layihələrin həyata keçirilməsində iştirak edib. 2025-ci ilin mayında BOK-un Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlaşan yeniyetmə idmançılar üçün təşkil edilən, Olimpiya dəyərləri və "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminarda çıxış edib.

Missiya rəhbəri Kərimov Nancinq 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri olub. 2014-cü il martın 24–28-də o, Olimpiya Oyunlarının ilk Gənc Səfiri Arzu Məmmədova ilə birlikdə Nancinqə səfər edərək Beynəlxalq Olimpiya Komitəsi və Oyunların Yerli Təşkilat Komitəsinin birgə təşkil etdiyi hazırlıq seminarında Azərbaycanı təmsil edib.

Bakı-2015-in 10 illiyi 2025-ci ildə MOK Bakı-2015 I Avropa Oyunlarının 10 illik yubileyi münasibətilə "Süni intellekt (AI) və idmanda innovasiya" müsabiqəsini keçirib; Kərimov MOK-un nümayəndəsi kimi müsabiqənin münsiflər heyətinin üzvü olub.

Tanınma 2025-ci ilin sentyabrında Bakı-2015 Avropa Oyunlarının 10 illiyi münasibətilə BOK-un Milli Olimpiya Komitələri ilə Əlaqələr, Olimpiya Həmrəyliyi və Olimpizm365 üzrə direktoru Ceyms Makleod Kərimova təşəkkür məktubu ünvanlayıb. Məktubda onun rəhbərliyi ilə həyata keçirilən Olimpiya Dəyərlərinin Tədrisi Proqramının (OVEP) minlərlə azərbaycanlı tələbəyə Olimpiya təhsili qazandırdığı, 2019-cu ildə Bakıda rəqəmsal kommunikasiya və sosial şəbəkələr üzrə seminarlar təşkil etdiyi, "Təhlükəsiz idman" sahəsindəki fəaliyyəti və BOK-un idmançıların müdafiəsi üzrə (safeguarding) sertifikatını aldığı qeyd olunub.

Vəfatı Mehman Kərimov 2025-ci il oktyabrın 8-də uzun sürən xərçəng xəstəliyindən sonra 52 yaşında vəfat edib və həmin gün Yasamal qəbiristanlığında dəfn olunub. BOK onun vəfatı ilə bağlı MOK-a başsağlığı məktubu göndərib; Ceyms Makleodun imzaladığı məktubda Kərimov "ömrünü idman və təhsilə həsr etmiş ilhamverici lider" kimi xarakterizə olunub.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Olimpiya Komitəsi Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar