Yam (, Yammu, mu; , Yam — ) — Aralıq dənizinin şərq sahilinin və qədim Suriyanın dinlərində, daha sonra qədim Misir dininə keçmiş dəniz və su mənbələri tanrısı. O, ən çox uqarit mətnlərindən, xüsusilə də Baal siklından məlumdur. Bu dastan Yamın Baalın düşməni kimi çıxış etməsindən, tanrıların atası Elin dəstəyi ilə özünə saray tikmək qərarına gəlməsindən və bununla da tanrıların hökmdarı olmaq istəməsindən bəhs edir. Anat və Astartanın himayə etdiyi Baaldan başqa, digər bütün tanrılar onun qarşısında baş əyməyə qərar vermişdilər. Sənətkarlıq tanrısı Kotar-va-Hasis Baal üçün iki gürz düzəltmiş, Baal həmin gürzlərin köməyi ilə qələbə qazanmış və tanrılar arasında birincilik ona nəsib olmuşdur. Bununla belə, Yam məğlubiyyətindən sonra da hekayədə xatırlanmağa davam etmişdir. Bu mif sonradan dəniz tanrısının bəzi funksiyalarını mənimsəmiş Baalin kultuna təsir göstərmişdir. Yam uqarit dinində ikinci dərəcəli tanrı olsa da, qurban alan ilahə kimi qeydə alınmışdır və ona istinad edən bir neçə teofor ad müəyyən edilmişdir. Suriyanın digər arxeoloji abidələrindən tapılan mətnlərdə Yamın adının çəkilməsi əsasən teofor adlarla məhdudlaşmışdır. Emarda o, hər yeddi ildən bir keçirilən yerli zükru festivalı zamanı ehtiram göstərilən çoxsaylı tanrılardan biri olmuşdur.
İstinadlar
Kateqoriya:Finikiya mifologiyası Kateqoriya:Misir tanrıları Kateqoriya:Uqarit tanrıları Kateqoriya:Yəhudi Bibliyasında tanrılar