Gavhar Esanovna Möminova (1 noyabr 1969, Çıraqçı rayonu, Qaşqadərya vilayəti, Özbəkistan SSR) — özbək tarixçi alim, tarix elmləri doktoru (2018), professor (2022). Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisidir.

Bioqrafiyası

Gavhar Möminova 1 noyabr 1969-cu ildə Özbəkistanın Qaşqadərya vilayətinin Çıraqçı rayonunda həkim ailəsində anadan olub. Atası tanınmış ortoped Eson Möminovdur. Orta təhsilini Qarşi şəhərində alıb. 1987-ci ildə Qarşı Pedaqoji İnstitutunun tarix fakültəsinə qəbul olunub və 1992-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib.

1999-cu ildən Qarşi Dövlət Universitetinin Tarix fakültəsinin Özbəkistan tarixi kafedrasında baş müəllim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə Dünya tarixi kafedrasının müdiri təyin olunub və 2023-cü ilə qədər bu vəzifədə çalışıb. 2025-ci ildən Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun «Ən yeni dövr tarixi» şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda həmin institutda baş elmi işçi kimi elmi layihələrdə və elmi toplantılarda iştirak edir.

Elmi fəaliyyəti

Gavhar Möminova 2000-ci ildə «Özbəkistanda tibb və səhiyyə: problemlər və nəticələr (1946–1990-cı illər, cənub vilayətləri timsalında)» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzunmüddətli tədqiqatlardan sonra 2018-ci ildə «Özbəkistanda sovet dövründə səhiyyə sisteminin tarixi (1917–1991-ci illər)» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini alıb.

O, Özbəkistanda tibb və səhiyyə tarixinin tədqiqi üzrə tanınmış alimlərdən biridir. Bundan əlavə, səhiyyə sahəsində islahatlar, xalq təbabəti və onun cəmiyyətin inkişafındakı rolu, məhkəmə-hüquq sistemində islahatlar, gömrük işi, tibbi kadrların hazırlanması, Özbəkistanda qadınların vəziyyəti və gender bərabərliyi, ali təhsilin tarixi kimi mövzular üzrə araşdırmalar aparır.

Onun elmi rəhbərliyi ilə 10-dan çox elmi tədqiqat işi və 20-yə yaxın magistrlik dissertasiyası müdafiə olunub. Elmi fəaliyyəti çərçivəsində Özbəkistanla yanaşı, Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan, Hindistan, Ukrayna və digər ölkələrdə keçirilən elmi konfranslarda iştirak edib və məruzələrlə çıxış edib.

Şəxsi həyatı

Ailəlidir. İki övladı və üç nəvəsi var.

Əsərləri

Gavhar Möminova 150-dən çox elmi əsərin müəllifidir. Onun əsərləri arasında 7 monoqrafiya və 5 dərs vəsaiti də vardır.

İstinadlar

Mənbələr

Kateqoriya:Özbəkistan tarixçiləri Kateqoriya:Tarix elmləri doktorları