"Fateh Sultan Mehmedin Konstantinopola girişi" (türk. Fatih Sultan Mehmed'in İstanbul'a Girişi, həmçinin Fatih Sultan Mehmed'in Topkapı'dan İstanbul'a Girişi) — italyan rəssamı Fausto Zonaro tərəfindən 1903-cü ildə yaradılmış tarixi rəsm əsəri. Kətan üzərində yağlı boya ilə çəkilmiş tabloda Osmanlı sultanı II Mehmedin 1453-cü ildə Konstantinopolun fəthindən sonra şəhərə daxil olması təsvir edilmişdir. Əsər II Əbdülhəmidin sifarişi ilə yaradılmış və Osmanlı sarayının rəsm kolleksiyasına daxil olmuşdur.

Tablo Milli Saraylar kolleksiyasına aiddir. Sənətşünaslıq nəşrlərində əsərin ölçüləri haqqında fərqli məlumatlar verilir: Ahmet Kamil Gören 100 × 73 sm, Hatice Nilüfer Süzen isə 98 × 75,5 sm göstərir.

Yaranma tarixi

Fausto Zonaro 1891-ci ildə İstanbula köçmüş, 1896-cı ildə Osmanlı sarayının rəssamı təyin edilmişdir. Onun İstanbul dövrü yaradıcılığında şəhər mənzərələri, gündəlik həyat səhnələri, portretlər və Osmanlı tarixinin hadisələrini təsvir edən kompozisiyalar mühüm yer tuturdu.

II Əbdülhəmidin sifarişi əsasında Zonaro Konstantinopolun fəthinə həsr edilmiş bir neçə tarixi kompozisiya hazırlamışdır. Bunların arasında Osmanlı ordusunun yürüşünü, gəmilərin quru yolla daşınmasını və II Mehmedin şəhərə daxil olmasını təsvir edən əsərlər vardı.

Zonaronun xatirələrinə əsasən, fəth mövzusunda əsərlərin hazırlanması barədə sifariş ona Hikmət paşa vasitəsilə çatdırılmışdır. Rəssam tarixi kompozisiyalar üçün təsviri mənbələr əldə etməyə çalışmış, Hikmət paşanın köməyi ilə muzeydə saxlanılan müəyyən qravür və rəsm nümunələrindən istifadə etmişdir.

"Fateh Sultan Mehmedin Konstantinopola girişi" 1903-cü ildə tamamlanmışdır. Ahmet Kamil Gören tablonun imzalı olduğunu və üzərində 1903-cü il tarixinin göstərildiyini qeyd edir.

Rəssamın xatirələrinə görə, II Əbdülhəmid əsərdə təsvir edilmiş II Mehmedin özünə bənzədiyini düşünmüşdür. Zonaro bu oxşarlığı tarixi hökmdarın təsvirini hazırlayarkən Centile Bellininin portretindən istifadə etməsi ilə izah etmişdir. Rəssamın bildirdiyinə görə, əsərin təqdim edilməsindən sonra onun aylıq məvacibi artırılmışdır.

Təsvir və kompozisiya

Əsərdə II Mehmed Konstantinopolun şəhər darvazasından daxil olarkən, ağ at üzərində təsvir edilmişdir. Sultanı zirehli döyüşçülər, bayraqdarlar və digər hərbi fiqurlar müşayiət edir. Kompozisiya monumental daş tağın altında qurulmuşdur.

Sultanın arxasında qırmızı bayraqlar, nizələr və sıx düzülmüş əsgər dəstələri görünür. Əsərin ön planında döyüşün nəticələrini xatırladan insan fiqurları, silahlar və digər əşyalar təsvir edilmişdir.

Ağ atın hərəkəti, hökmdarın kompozisiyanın mərkəzində yerləşdirilməsi və fiqurların sıx qruplaşdırılması diqqəti II Mehmedin üzərində cəmləşdirir. Şəhər darvazasının iri tağı təsvirin memarlıq çərçivəsini təşkil edir.

Sənətşünas Ömer Faruk Şerifoğlunun şərhinə görə, Zonaro əsərdə özünü II Mehmedin yanında yerləşən yeniçəri obrazında təsvir etmişdir. O, bu xüsusiyyəti Həsən Rzanın oxşar kompozisiyası ilə əlaqələndirmişdir.

Bədii mənbələri və təsirləri 200px|thumb|right|Həsən Rza tərəfindən 1900-cü ildən əvvəl çəkilmiş "II Mehmedin İstanbula girişi" əsəri. 200px|thumb|right|Jan-Jozef Benjamen-Konstan tərəfindən 1876-cı ildə çəkilmiş "II Mehmedin Konstantinopola girişi" əsəri, Avqustin muzeyinin kolleksiyası, Tuluza, Fransa

Həsən Rzanın əsəri ilə əlaqəsi Zonaronun tablosu ilə Osmanlı rəssamı Həsən Rzanın eyniadlı kompozisiyası arasındakı oxşarlıqlar sənətşünaslıq tədqiqatlarında müzakirə olunmuşdur.

Həsən Rzanın İstanbul Dəniz Muzeyində saxlanılan qrafik kompozisiyası 72 × 52 sm ölçüsündədir. Əsər imzalı olsa da, üzərində yaranma tarixi göstərilməmişdir. Muzeyin inventar qeydlərində isə onun 1898-ci ilə aid olduğu bildirilir. Ahmet Kamil Gören bu məlumatı rəssamın digər əsərlərinin tarixləri ilə müqayisə edərək kompozisiyanın təxminən 1897–1898-ci illərdə yaradılmış ola biləcəyi qənaətinə gəlmişdir.

1911-ci ildə rəssam Əhməd Ziya Akbulut "Osmanlı Ressamlar Cemiyeti Gazetesi"nin üçüncü sayında dərc olunmuş yazısında Həsən Rzanın Dəniz Muzeyinə bağışladığı fəth kompozisiyasının başqa bir rəssam tərəfindən köçürüldüyünü iddia etmişdir. Məqalədə həmin rəssamın adı çəkilməmişdir. Gören 2003-cü il tədqiqatında bunun Zonaro olduğunu ehtimal etmişdir.

Gören, həmçinin Həsən Rzanın kompozisiyalarının tarixləndirilməsi ilə bağlı sənədlərin məhdudluğuna diqqət çəkmişdir. Xüsusilə rəssamın bəzi əsərlərinin itməsi və muzey qeydiyyatlarının natamamlığı iki rəssam arasında bədii təsirlənmənin dəqiq istiqamətinin müəyyənləşdirilməsini çətinləşdirir.

Ömer Faruk Şerifoğlu da Həsən Rza ilə Zonaronun fəth mövzusundakı kompozisiyaları arasında əlaqə olduğunu bildirir. O, Hüsnü Tengüzün xatirələrinə istinad edərək Zonaronun Həsən Rzanın əvvəlki təsviri nümunələrindən istifadə etdiyini qeyd edir. Bununla belə, Tengüzün bilavasitə şahidliyi II Mehmedin şəhərə girişini deyil, Osmanlı gəmilərinin quru yolla daşınmasını təsvir edən başqa kompozisiyanı əhatə edir.

Jan-Jozef Benjamen-Konstanın əsəri

Fransız rəssamı Jan-Jozef Benjamen-Konstan 1876-cı ildə "II Mehmedin Konstantinopola girişi" adlı tarixi rəsm əsəri yaratmışdır.

Ahmet Kamil Gören Həsən Rza və Zonaronun əsərlərini Benjamen-Konstanın kompozisiyası ilə müqayisə etmiş, xüsusilə silahlı döyüşçülərin təsviri və ayrı-ayrı fiqurların quruluşu arasında oxşarlıqlar müəyyənləşdirmişdir. Tədqiqatçı bu xüsusiyyətləri hər iki rəssamın daha erkən əsərdən təsirlənmiş ola biləcəyinə dəlil kimi qiymətləndirmişdir.

Bununla yanaşı, Benjamen-Konstanın tablosunda II Mehmed tünd rəngli at üzərində göstərildiyi halda, Həsən Rza və Zonaronun kompozisiyalarında ağ at üzərində təsvir olunmuşdur. Gören rəssamların tarixi hadisəyə fərqli bədii yanaşmalarını müqayisə edərək bu kompozisiyalar arasındakı oxşarlıq və fərqləri təhlil etmişdir.

Saxlanılması

Əsər Osmanlı sarayının rəsm kolleksiyasına daxil edilmişdir. Görenin 2003-cü il tədqiqatında tablonun TBMM Milli Saraylar kolleksiyasına aid olduğu bildirilir.

İsmail Erim Gülaçtının 2017-ci ildə nəşr olunmuş məqaləsində əsər Milli Saraylar Rəsm Muzeyinin kolleksiyasına aid edilir və 11/1522 qeydiyyat nömrəsi ilə göstərilir.

Müxtəlif nəşrlərdə əsərin ölçüləri haqqında fərqli məlumatlar vardır. Gören, Osman Öndeş və Erol Makzumenin 2002-ci il monoqrafiyasına əsaslanaraq tablonun 100 × 73 sm ölçüsündə olduğunu qeyd edir. Süzenin 2018-ci il tədqiqatında isə 98 × 75,5 sm ölçüsü göstərilir.

İstinadlar

Kateqoriya:Orientalist rəsm əsərləri Kateqoriya:1903-cü ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Osmanlı imperiyasında rəssamlıq