Vilhelm Fridrix Frans Jozef Kristian Olaf (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi, Hohensollern şahzadəsi.

Həyatı 4 iyul 1906-cı ildə Potsdamdakı Mərmər sarayda dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu vəliəhd-şahzadə Vilhelm, anası isə Böyük Meklenburq-Şverin hersoqu III Fridrix Fransiskin qızı şahzadə Sesilyadır. Avstriya-Macarıstan imperatoru I Frans Jozef onun vəftiz atası oldu. Doğulduğu əsnada babası hələ taxtda idi və atasından sonra taxt sırlamasında ikinci yerdə idi.

1916-cı ildə hələ 10 yaşında ikən leytenant rütbəsi aldı və babası tərəfindən Qara Qartal nişanıyla təltif olundu. Ancaq cəmi 2 il sonra - Birinci Dünya müharibəsinin ardından Almaniyada monarxiya ləğv edildi. Babası II Vilhelm ömürboyu sürgünə getsə də, atası və digər ailə üzvləri qısa müddət sonra Almaniyaya qayıtdılar. Burada ailə mülkü olan Potsdamdakı Sesilyanhof sarayında məskunlaşdılar. Digər qardaşlarıyla birgə burada dövlət gimnaziyasında ilk təhsillərini aldılar. Ardından Vilhelm Fridrix təhsilini Köniqsberq Universiteti, Münxen Lüdviq-Maksimilian Universiteti və Bonn Universitetlərində davam etdirdi.

Bonnda təhsil alarkən özü kimi tələbə olan Doroteya von Salviatiyə aşiq oldu. O, Hamburq parlamentinin üzvü Qustav Avqust Rudolf Kreysmanın nəvəsi idi. Ancaq babası II Vilhelm nəvəsinin bu münasibətinə qarşı çıxdı. Nəhayət, 1933-cü ildə həm özü, həm də şəcərəsindən gələnlərin adından taxt hüququndan imtina etdiyini elan etdi. Ardından cütlük 3 iyun 1933-cü ildə Bonnda evləndilər. Cütlüyün bu nigahdan 2 qızı dünyaya gəldi. 1940-cı ildə babası onun bu evliliyini tanımağa məcbur oldu və doğulan 2 nəticəsinə Prussiya şahzadəsi ünvanları verdi. Buna baxmayaraq Vilhelm Fridrixin taxt hüququ geri qaytarılmadı.

Feliçita Sesilya Aleksandrina Helena Doroteya (1934-2009) Krista Frederika Aleksandrina Viktoriya (1936-)

İkinci Dünya müharibəsinin başlamasının ardından Vermaxtın tərkibində cəbhəyə yollandı. 1940-cı ilin mayında Fransanın işğalında iştirak etdi. Valansyendəki döyüşlərdə ağır yaralandı və Valoniyadakı səhra hospitalında 26 may 1940-cı ildə vəfat etdi. 3 gün sonra Potsdamda baş tutan cənazə mərasimi olduqca təntənəli idi. Şəhər əhalisi keçmiş monarx ailəsindən birinin döyüş meydanında həlak olmasından olduqca təsirlənmişdi.

Qalereya

Mənbə

Ədəbiyyat

Petropoulos, Jonathan. (2006) Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Page 242. Published - Oxford University Press. ISBN 0-19-516133-5 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4 Zeepvat, Charlotte (2003). Queen Victoria's Family: A Century of Photographs. Gloucestershire: Sutton Publishing. ISBN 978-0-7509-3059-8

İstinadlar

Kateqoriya:Almaniya kral ailələri Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:II Vilhelm Kateqoriya:İkinci Dünya müharibəsində Almaniya hərbçiləri Kateqoriya:İkinci Dünya müharibəsində həlak olanlar Kateqoriya:Prussiya şahzadələri