Türkan — Azərbaycan Respublikasının Bakı iqtisadi rayonunun Bakı şəhərinin Xəzər rayonunun Türkan qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Türkan qəsəbə inzibati ərazi dairəsinin mərkəzi.
Toponimikası Monqolların Azərbaycana hücumundan əvvəlki dövrdə Türkmən tayfaları Xəzər dənizinin cənub və şimal sahilləri ilə irəliləyərək Xəzərin qərb sahillərinə və Azərbaycana yayılmışdılar. O vaxtlarda türkmənlər sadəcə olaraq Türkan adı ilə məşhur idilər. Bu tayfaların bəziləri Xəzərin qərb sahillərinə daimi məskən salmışlar və Türkan kəndinin adı da bu ərazilərdə yaşamış türkmənlərin adı ilə bağlıdır.
Coğrafiyası Türkan qəsəbəsi Azərbaycanın paytaxtından — Bakı şəhərindən təqribən 30 km aralıda, Xəzər dənizinin sahilində yerləşir. Zirə, Hövsan, Qala qəsəbələri ilə qonşudur. Qəsəbənin sahəsi təqribən 40,22 kv.km təşkil edir.
Tarixi Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır.
Türkanda iki qəbiristanlıq mövcuddur. Onlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbiristan daha qədimdir, oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir.
Əhalisi Təvəkkül Səlimov-Şağaninin "Türkan" əsərində məlumat verilir ki, 1842-ci ilin iyun ayına olan məlumata əsasən, Bakı əyalətinin Maştağa sahəsinin Türkan (Türkənt) kəndində 302 nəfər yaşayırdı.
Qafqaz Canişininin Baş İdarəsinin yanında Qafqaz Statistik Komitəsi tərəfindən 1970-ci ildə nəşr edilmiş 1859–1864-cü illərə olan məlumatlara görə Bakı Quberniyasının yaşayış yerlərinin siyahısına əsasən, Bakı quberniyasının Bakı qəzasının Türkan yaşayış yerində 127 həyətdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə azərbaycanlı (mənbədə "tatar" kimi göstərilir) yaşayırdı.
Təvəkkül Səlimov-Şağaninin "Türkan" əsərində məlumat verilir ki, 1959-cu ilin siyahıyaalınmasına görə, Türkanda 3200 nəfər, 1970-i ildə 4600 nəfər yaşayırdı.
Böyük Sovet Ensiklopediyasına əsasən, 1974-cü il üçün Türkanda 5,4 min nəfər sakin yaşayırdı.
Təvəkkül Səlimov-Şağaninin "Türkan" əsərində məlumat verilir ki, 1979-cu ildə Türkanda 6500, 1989-cu ildə 8200 nəfər, 1999-cu ildə 9200 nəfər yaşayırdı.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2012-ci ilin əvvəlinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11,3 min nəfər əhalisi vardır.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər)
Xəzər rayon İcra Hakimiyyətinin saytındakı məlumata əsasən, 1 yanvar 2020-ci il tarixinə olan vəziyyətə görə, Türkan qəsəbəsinin 12684 nəfər əhalisi vardır.
İnfrastrukturu Türkan qəsəbəsində 262, 256, 119 saylı üç tam orta ümumtəhsil məktəbləri var. Qəsəbədə E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi fəaliyyət göstərir. Qəsəbədə poliklinika vardır.
Əhalinin dolanışığı Əhali əsasən əkinçilik və Türkanda olan daş karxanalarında işləməklə dolanır. Əkinçiliyin monopoliyalaşdığı və daş karxanalarının fəaliyyətinin zəiflədiyi bu dövrlərdə, kənd əhalisinin dolanışıq vəziyyəti çətinləşib. Kənddə uzun illərdən bəri avtobus/marşurut problemi vardır, kəndə gediş-gəliş çətindir. Kəndin dəniz kənarı torpaq hissələri məmurlar və digər varlılar tərəfindən hasara alınaraq özəlləşdirdiliyi üçün kənd əhalisinin qədim məşğuliyyətlərindən biri olan dəniz kənarı bostançılıq zəifləyib.
Görkəmli şəxslər
Ağaxan Abdullayev — xanəndə; vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında dəfn olunubdur. Zamiq Əliyev — tarzən, əslən türkanlı. Dilarə Dostuzadə — alim, Türkanda anadan olmuşdu.
İstinadlar
Kateqoriya:Xəzər rayonunun qəsəbələri Kateqoriya:Bakının kəndləri Kateqoriya:Bakının qəsəbələri Kateqoriya:Azərbaycanın sahilyanı yaşayış məntəqələri