Azərbaycanda vergilər —

Qədim dövrün vergi növləri Qədim dövrüdə hali, sinfi, strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyuşçülər, 3) katiblər, 4) vergi verənlər. Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini – əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün vergi verən zümrənin başında vastarioşan-salar dururdu. Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və xarq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini can vergisi mənasında işlənib. Əvvəllər Torpaq vergisi zəkat adlanırdı. Ümumiyyətlə, vergi mənasında olan xaraq termini də elə həmin dövrdə (III–IV əsrlər) torpaq vergisinə aid edilib. Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında yüksək mövqe tuturdu. I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya alınırdı. Torpaq siyahısı hələ Kavadın dövründə tutulmağa başlanmış, oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara bərabər olan qarib sayılmağa başladı. Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir drahma, bir qarib üzümlükdən 8 drahma, bir qarib qarayonca sahəsində 7 drahma alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu. I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20–50 yaşlı kişilərdən 12, 8, 6 və 4 drahma can vergisi müəyyən edilmişdi. Kübar nəsillər, əyanlar, döyüşçülər, katiblər, kahinlər və məmurlar can vergisindən azad idilər. Vergilərin ödənilməsi çətin olduğundan dörd aydan bir, ildə üç dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən başqa vergilər də tutulurdu.

Xilafət dövrü Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar əsasən, öz rəiyyətlərinə qarşı münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə kifayətlənirdilər.

Əsasən silah gücənə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə başqa şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə mənsub yerli adam statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində qalır, torpaq vergisi – xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi can vergisi – cizyəni də ödəyirdilər. Müsəlman qanunvericiliyinə – şəriətə görə cizyə hər il ancaq kişilərdən, özü də onların sənət və ya ticarətdən əldə etdikləri qazancdan asılı olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 12 dirhəm ödəyirdilər.

Əgər can vergisi – cizyə ancaq qeyri-müsəlmanlardan alınırdısa, torpaq vergisi – xərac həm müsəlmanlardan, həm də başqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyri-müsəlmanlar bu vergini ikiqat həcmdə ödəyirdilər. Xəlifə Hişam dövründə (724–743), ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar. 725–726-cı ildə Hişamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq, mal-qara və hər cür başqa əmlakın yeni siyahıyaalınması keçirildi.

Bu məqsədlə o, öz sərkərdəsi Haris İbn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə yanaşı rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin cənubunda xəlifə II Ömər zamanı ləğv edilmiş əvvəlki Sasani vergiləri "Novruz və Mihrican hədiyyələri" bərpa edildi. Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar etdi. Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənilirdi. Özü də bu natura içərisində zinət şeyləri və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754–775) xüsusən geniş tətbiq edilməyə başlanmışdı.

Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı olmayaraq torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı. Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775–785), onun sərəncamına görə xəracalma sistemi dəyişildi. Misahə xəracı – torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı – məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan məhsulun 1/3, duləblə* suvarılan torpaqlardan məhsulun 1/4 alınırdı. Lakin əl-Mehdinin dövründə meyvə ağaclarına, zeytun və üzüm bağlarına xərac qoyuldu. Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; zəkat – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr – orucluğun başa çatması münasibətilə verilən pay – fitrə; sədəqə – yoxsullara verilən ianə; üşr – məhsulun 1/10 bərabər vergi.

Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı.

Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi. Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi. Zəkat əl-fitrə – ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi. Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi. Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu.

Vergi zülmünün güclənməsi Əməvilər dövründə Xilafətin şimal hüdudlarında istilaçı yürüşlər hələ də davam etdirilirdi. Hər hansı bir vilayəti tutan ərəblər bütün vilayət üzərinə ancaq bac qoymaqla kifayətlənirdilər. Xəlifə Hişamın dövründə Arran hakimi Mərvan ibn Məhəmməd Dərbənddən şimalda yerləşən Sərir vilayətini ələ keçirdi. Bağlanılan müqaviləyə görə, Sərir hökmdarı xəlifəyə "hər il 1500 oğlan və 500 qız verməyə, əl-Babın (Dərbəndin) taxıl anbarına 100 min mudd buğda gətirməyə" boyun oldu. Tumanın (Sərirdə nahiyə) sakinləri "hər il 150 qız və 50 oğlan verib, anbara 20 min mudd buğda" gətirməyə, Zirihşəranın (müasir Köbəçi) hakimi "hər il 50 oğlan verib, anbara 10 min mudd buğda gətirməyə" boyun oldular; Sindanın (şəndanın) hökmdarı "sonralar belə öhdəlikdən azad olmaq şərtilə birdəfəlik 100 oğlan və qız verməyə və əl-Babın anbarına ildə 5000 mudd taxıl gətirməyə", Lakzın hökmdarı isə "taxıl anbarına ildə 20 min mudd" taxıl verməyə boyun olmuşdu və s.

Əməvilərin hakimiyyətinin sonuna yaxın Xilafətin vilayətlərində, xüsusən Azərbaycan və Arranda elə bir vəziyyət yaranmışdı ki, hər bir hakim mərkəzi hakimiyyət qarşısında, demək olar ki, heç bir hesabat vermədən öz vilayətində istədiyi kimi ağalıq edir, əhalini talayıb çapırdı. Vergi zülmünün ağırlığına dözməyən əhali kütləvi surətdə kəndləri tərk edir, suluklar adlandırılan torpaqsız kəndlilərə çevrilirdi. Bu kəndlilər atılmış kəndli torpaqlarını tədricən öz əllərində cəmləşdirən iri torpaq sahiblərinin yanına muzdurluğa gedirdilər. Azərbaycanda feodalizmin daha da genişlənməsinə səbəb olan bu proses Əməvilərin buradakı mövqeyinin zəifləməsinə gətirib çıxartdı, çünki mütəğəllib adlanan iri feodallar və torpaq sahibləri daha mərkəzi hakimiyyət nümayəndələri ilə hesablaşmır və artıq ilk Abbasilər dövründə Xilafətin silahlı qüvvələri tərəfindən dərhal qarşısı alınan separatizm nümayiş etdirməyə başlayırdılar.

VIII əsrin ortalarında hakimiyyətə gəlmiş Abbasilər Azərbaycan və Arranın vergi verən əhalisinin vəziyyətini heç də yaxşılaşdırmadılar. Moisey Kalankatlının sözlərilə desək, "Abbasilərin hakimiyyətə gəlişi ana yurdumuz Albaniya üçün böyük fəlakət idi, çünki taciklər (yəni ərəblər) öz iyrənc qarətçilikləri ilə alban işxanlarından paytaxtımız Bərdəni aldılar və öz səltənətlərinin köhnə paytaxtı Dəməşqdə olduğu kimi indi də Alban torpağında — Bərdədə iqamətgah qurdular ki, torpağın bol nemətlərini sovursunlar". Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənildi. Özü də bu natura içərisində zinət şeyləri və ərəblərdə az tapılan mallar üstünlük təşkil edirdi. Bu sistem ikinci Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754–775) xüsusən geniş tətbiq edilməyə başlamışdı.

Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı olmayaraq torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu qaydalar üzrə alınırdı. Bu vergi sistemi, əl-Mənsurun dövründə, kəndli kütlələrinin mütəşəkkil qarəti şəklini aldı. Gevondun məlumatına görə, əl-Mənsur "zorakılıq və sıxışdırmaqla hamını əldən salmış, hətta ölülərdən də vergi tələb etməklə əhalini dilənçi kökünə çatdırmışdı. O, ölkə əhalisini incidərək, elə dəhşətli vergilər tələb edirdi ki, adambaşına xeyli… gümüş düşürdü… İşxan nəslindən olanlar əjdahanın (yəni, xəlifənin) ağzını yummaq üçün istər-istəməz bəxşiş olaraq ona at və qatırlar, əla paltarlar, qızıl və gümüş gətirirdilər".

Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775–785) vergi verən zümrənin vəziyyəti bir qədər yüngülləşdi. Onun sərəncamına görə xərac alma sistemi dəyişildi. Misahə xəracı — torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı — məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan, məhsulun 1/3-i, duləblə 1 suvarılan torpaqlardan, məhsulun 1/4-i alınırdı.

Səlcuqlular dövrü IX–XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi mülkiyyət olub, onu almaq, satmaq, irs vermək, bağışlamaq, girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, yəni yeni torpaq vergisi verirdi. Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri – iqta sistemi inkişaf etməkdə idi. Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi mülkiyyətinə çevrildi. Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi. Torpaqdan istifadə müqabilində kəndlidən alınan vergi uşr və ya üşr (onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-ayrı adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xərac toplayan vergi məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə mütəsərrif adlanırdılar. Amillər xərracı özbaşına artırırdılar və bəzən məhsulun yarısı kəndlinin əlindən alınırdı.