Sultanzadə Əli (Cədid)Hacı Kazım oğlu () – şair, Yazıçılar Birliyinin üzvü.
Həyatı 1900-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində doğulmuşdur. Kiçik yaşlarında atasını itirdiyindən qardaşının himayəsi altında yaşamışdır. İbtidai təhsilini kənd məktəbində almış, sənət məktəbinin aqronomiya şöbəsinə daxil olmuşdur (1912). Oranı müvəffəqiyyətlə bitirsə də öz ixtisası üzrə iş tapa bilməmişdir.
1918–1919-cu illərdə Gədəbəy mis mədənlərində fəhlə təşkilatlarında, mədəni-maarif cəbhəsində işləmişdir. Sovet Hakimiyyəti qurulduğu ilk illərdən imkanları genişlənmişdir: Şəmkir qəzasında müəllim, məktəb müdiri, sonra qəza komsomol komitəsinin katibi işləmişdir (1920–1921). Azərbaycan LKGİ MK-nın mühazirəçisi olmuş (1921–1923), sonra Şəmkir qəzasında orta məktəb müəllimi və maarif işçiləri ittifaqı qəza komitəsinin məsul katibi vəzifələrində işləmişdir (1924).
Əsərləri ("Bakı", lilah dağı". "Şəki", Altun qala", "Puşkin" və b) mətbuatda çıxmışdır. "Kəndli qız", "Altun qala", " Samur" və başqa poemaları da vardır. Şeirlərini Şəmsil Cədid, Əli Cədid təxəllüsləri ilə çap etdirmişdir.
1925–1926 illərdə Tbilisidə Zaqafqaziya kommunist məktəbini bitirmişdir. 1927–1929 illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda aqronom, 1929–1930 illərdə İrəvanda "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi redaktor vəzifələrində işləmişdir.
1926–1929-cu illərdə Gürcüstan SSR Borçalı rayonunda orta məktəb müdiri, 1929–1930-cu illərdə Bakıda Yazıçılar İttifaqının ədəbiyyat kurslarında müdavim olmuşdur. Sonra "Kommunist qəzeti" redaksiyasında mütərcimlik etmiş, Naxçıvan kənd təsərrüfatı texnikumuna müdir göndərilmişdir. 1932–1936-cı illərdə Gürcüstan SSR Adıgün rayonunda maarif şöbəsinin müdiri, 1932–1936-cı illərdə pedaqoji texnikumun müdiri, 1934–1935-ci illərdə "Qızıl rəncbər" adlı rayon qəzetinin redaktoru işləmişdir. Sonra Tbilisidə Azərbaycan dilində buraxılan qəzetin ədəbi redaktoru və üslubiyyatçısı, "Dan ulduzu" məcmuəsinin əməkdaşı olmuşdur. 1938–1940-cı illərdə Azərbaycanın Quba rayonunda II nüvədi kənd beynəlmiləl orta məktəbin müəllimi, Benera qəsəbəsindəki pedaqoji məktəbin dil-ədəbiyyat müəllimi, şəhər ibtidai məktəbinin müdiri kimi çalışmışdır.
1931–1936-cı illərdə Tbilisi Dövlət Universitetinin ədəbiyyat fakültəsində ali təhsil almışdır. Bakıda elmi tədqiqatla məşğul olmuş, əlifba komitəsinin, Qafqazşünaslıq institutunun və s. üzvü olmuşdur. Aleksandr Puşkin, İlya Çavçavadze, Şota Rustaveli kimi sənətkarlardan tərcümələr etmişdir. 1940–1950-ci illərdə Gədəbəy rayonunun Kərkər, Kiçik Qaramurad, böyük Qaramurad kəndlərində müəllimlik etmişdir.
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
1950-ci ilin avqust ayında doğma kəndi Böyük Qaramuradda vəfat etmiş. Çobankənd qəbirstanlığında dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri