Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun Dəvəçi kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası Yerli tələffüz formaları "Qələgə" və yaxud "Qalayə"dir. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt–tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz–şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd, yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür. Bu cəhətdən onun keçmişində, əsasən oykonim yaradan formant kimi işləndiyini qəbul etmək olar. Gah komponentli oykonimlər Azərbaycanın şimal–şərq və cənub–şərq zonaları üçün səciyyəvidir. Oykonim qala və tat dilində məkan, yer bildirən "gə" sözlərindən ibarət olub "qala olan yer, qala yeri" mənalarını ifadə edir.

Tarixi Qələgah (Qalagah) kəndi yanında ilkin orta əsrlərdə mühüm müdafiə əhəmiyyəti olan Xursan (Xurs) qalası olmuşdur. Qala dağıldıqdan sonra buraya köçüb gələnlər buranı sadəcə Qalagah (Qalayeri) adlandırmışlar. VI əsrdə Sasanilər Qafqaz Albaniyası arasında mərzbanlar oturan on bir vilayətə bölmüşdülər. Bu vilayətlərdən biri də Xursanşahlıq olmuşdur. Bəlazurinin (IX əsr) məlumatına görə ləzgiləri tabe vəziyyətinə salmış Xursan hakimləri əvvəllər ərəblərə müqavimət göstərsələr də, sonralar onların vassalığını (asılığını) qəbul etməyə məcbur olmuşlar. Xursanın ərazisi X əsrin ortalarında Şirvanşah I Məhəmməd dövründə Şirvanşahlara birləşib.

Tanınmış şəxsləri Qələgah kəndi tarixən bölgənin tanınmış ruhani və ziyalı ailələrindən olan Əfəndizadələr nəslinin məskəni olmuşdur. Xalq arasında "Əfəndi baba" kimi tanınan, Dəməşq şəhərindən gələrək Qələgahda məskunlaşan Şeyx İbrahim əfəndi burada yaşamış və vəfat etmişdir. Onun nəvəsi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan istiqlal hərəkatının üzvü olan Həmdulla əfəndi Əfəndizadə isə Qələgah kəndində anadan olmuşdur. Həmdulla əfəndinin atası İsmayıl əfəndi də kəndin tanınmış din xadimlərindən biri olmuşdur. Mənbələrə görə, o, Rusiya imperiyasının Cənubi Qafqazdakı müstəmləkə siyasətinə qarşı çıxmış, bu uğurda təqib və repressiyaya məruz qalmışdır.

Əhalisi XIX əsrin rus mənbələrinə görə kənddə 76 ev olub. Hal–hazırda isə kənddə 30-a yaxın ev var.

İnfrastruktur Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran–Pirəbədil–Zeyvə avtomobil yolunun üstündədir.

İstinadlar

Kateqoriya:Şabran rayonunun kəndləri