Məhəmməd Füzuli (), və ya sadəcə Füzuli — XVI-XVII əsr Azərbaycan şairi. O, ana dili azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. Məhəmməd Füzuli Ələvi müsəlmanların Yedi Ulu Ozanından biridir.
1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazmış və buna görə o, bəzən Osmanlı şairi də adlandırılır. Füzulinin bütün həyatı boyu onun bir neçə himayədarı olmuş, lakin heç vaxt onu həqiqətən qane edən birini tapa bilməmişdir və onun şah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdir. O, Təbriz, Anadolu və Hindistan kimi yerləri görmək arzusunu bildirməsinə baxmayaraq, Füzuli İraqdan kənara heç vaxt səfər etməmişdir. 1556-cı ildə Füzuli taun xəstəliyindən vəfat etmiş və Kərbəlada dəfn olunmuşdur.
Füzuli daha çox Azərbaycan dilində yazılmış əsərləri, xüsusilə də qəzəlləri və eyniadlı Orta Şərq faciəli sevgi hekayəsinin interpretasiyası olan "Leyli və Məcnun" epik poeması ilə tanınır. Bu söz Yaxın Şərq faciəli sevgi hekayəsinin təfsiridir. Bundan başqa, o, Azərbaycan və fars dillərində, həmçinin, mübahisəli olaraq ərəb dilində "Divan"lar yazmışdır. Onun üslubu "hisslərin intensiv ifadəsi", mistik metafor və simvollardan istifadə etməsi, Hafiz və Cami kimi fars şairləri, eləcə də Nizami, Nəsimi və Həbibi kimi Azərbaycan şairlərinin yaradıcılığından bəhrələnməsi ilə fərqlənir.
Füzulinin poeziyası Azərbaycan dilinin inkişafında müəyyən rol oynamış, onun artıq Azərbaycan klassik poeziyasında daha yüksək incəlik səviyyəsinə çatmasına kömək etmişdir. Onun yaradıcılığı Azərbaycan, fars və ərəb ədəbi təcrübələrinin, həmçinin şiə və sünni inanclarının uzlaşdırılması kimi səciyyələndirilmişdir. Füzuli həmçinin, məhəbbət mövzularını tez-tez öz poeziyasına daxil etmişdir. O, Azərbaycan, Türkiyə, İran və İraqda məşhur şair olaraq qalır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli 4274 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi tərəfindən bir sıra silsilə tədbirlər həyata keçirilib.
Bu xüsusda, İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq, İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidində yerləşən Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş mötəbər şairimiz Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənərək, məzarın üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb.
Adı Füzulinin əsil adı Məhəmməd, atasının adı isə Süleymandır. Müasir Azərbaycan dili mənbələrində onun tam olaraq əsil adı Məhəmməd Süleyman oğlu kimi yazılsa da, o dövrdə Məhəmməd İbn Süleyman adı kimi qeydə alınmışdır. O, "Füzuli" təxəllüsünü öz üzərinə götürdü, bu təxəllüsü həm "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur. Hətta, o, başqa heç kimin belə təxəllüs seçməyəcəyini bildiyindən fərqlənmək üçün bu adı seçdiyini öz yazılarında da bildirmişdir.
Həyatı Füzulinin həyatı haqqında çox az məlumat var. O, 1494-cü ildə Bağdadın yaxınlığında yerləşən Kərbəlada anadan olmuşdur və tədqiqatçıların fikrinə görə, ailəsi bayat tayfasına mənsub olmuş, özü də Azərbaycan türklərindən olan şiə müsəlman idi. Bəzi tədqiqatçıların verdiyi təklifə görə, Füzulinin əcdadları feodal çəkişmələr səbəbindən Azərbaycandan İraqa köçmüşdü, lakin başqa mənbələrdə onların daha dəqiq olaraq Ərəş mahalından köçdüyünü qeyd edilmişdir. Dövrün bəzi mənbələrində ondan "Füzuli-yi Bağdadi" () kimi bəhs edilmişdir, bu da onun Bağdadda və ya ətraf məntəqədə anadan olduğunu, ya da böyüdüyünü təklif edir. Buna baxmayaraq, digər mənbələr onun doğulduğu yer kimi yaxınlıqdakı Nəcəf, Hillə və ya Kərbəla şəhərlərini göstərirlər. Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı, kiçik yaşlarından fars və ərəb dillərini də öyrənmişdir. Füzuli hələ uşaqlıqdan poeziyaya maraq göstərmiş, ilk poetik ilhamını XV əsrin sonlarında yaşamış Azərbaycan şairi Həbibidən almışdır.
Füzuli yetkinlik yaşına çatana qədər İraqda, 1470-ci ildən bəri regionda hakimiyyətdə olmuş Ağqoyunlular sülaləsinin hakimiyyəti altında yaşamış, bundan sonra 1508-ci ildə İrandan Səfəvilər dövlətinin banisi şah I İsmayıl hakimiyyətə gəlmişdir. Səfəvilərin hakimiyyəti ələ keçirən zaman Füzuli artıq məşhur bir gənc şair idi və məlum ilk farsca qəsidəsini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdi. 1514-cü ildən sonra Füzuli Bağdadın Səfəvi valisi İbrahim xan Mosulludan himayə almışdır. O, Mosullu ilə onun Nəcəf və Kərbəlaya səfəri zamanı tanış olmuşdur. Füzuli Azərbaycan dilində olan ilk şeirini "Bəngü Badə"ni () adlı məsnəvisini I İsmayıla, iki qəsidəsini və bir tərcibədini Mosulluya həsr etmişdir. Buna baxmayaraq, 1527-ci ildə Mosullu öz qardaşıoğlu tərəfindən öldürülmüşdür və bundan sonra Füzuli himayədarını itirmiş, Hillə və ya Nəcəfə köçmüşdür. Tədqiqatçıların fikrinə görə, o, çox güman ki, bunu Səfəvi əyanları arasında başqa etibarlı himayədar tapa bilmədiyi üçün etmişdi. Füzuli orada İmam Əlinin məscidinin qəyyumu olmuşdur. Bu vəzifəyə baxmayaraq, o, böyük sərvətə sahib deyildi və dəstək üçün müxtəlif himayədarlara arxalanmalı olurdu. Onun 1527–1534-cü illərdəki həyatı haqqında çox şey məlum deyil. Onun Fəzli Çələbi Füzulizadə adında bir oğlu var idi.
Osmanlı imperiyasının sultanı I Süleyman 1534-cü ildə Bağdadı fəth edəndə Füzuli artıq əlli yaşlarında idi. O, sultana uzun bir qəsidə həsr etmiş, həm də ətrafdakı Osmanlı məmurlarının rəğbətini qazanmaq üçün onlara qəsidələr yazmışdır. Bu məmurlardan biri olan Cəlalzadə Mustafa Çələbi Bağdadda olduğu müddətdə nişançı təyin edilmişdi. O, şiə ziyarətgahlarına edilən ianələrdən artıq qalan məbləğin hesabına Füzulinin gündə doqquz akça təqaüd almasını təşkil etmişdir. Buna baxmayaraq, səlahiyyətlilər bir müddət sonra ianələrdən heç bir artıq məbləğ qalmadığını iddia edərək təqaüddən əl çəkmiş, Füzuli isə Azərbaycan dilində yazdığı və Çələbiyə ünvanladığı "Şikayətnamə" adlı poetik məktubunda öz məyusluğunu bildirmişdir. Məktubda Füzuli öz dövrünün siyasi və teoloji səbatsızlığının ona çox təsir etdiyini izah edərək bütün ümidləri tərk etdiyini bəyan etmişdir. O illərdə Füzuli Kərbəlada İmam Hüseyn türbəsinin tərkibindəki bəktaşi xanəgahında şam yandıran kimi çalışırdı. Füzuli yazırdı ki, heç vaxt onun ehtiyaclarını ödəyən bir himayədar tapa bilməmiş və padşah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdi. Füzuli Təbriz, Anadolu və Hindistan kimi yerləri görmək arzusunda olmasına baxmayaraq, İraqdan kənara səyahət edə bilməmişdi. O, ömrünün çox hissəsi Kərbəla, Hillə, Nəcəf və Bağdad şəhərlərində keçirmişdi. Füzuli 1556-cı ildə taun xəstəliyindən vəfat etmişdir. Onun vəfat yerinin Kərbəla olduğu təxmin edilir və Kərbəlada yerləşən bəktaşi xanəgahının ərazisində dəfn olunmuşdur.
Poeziyası Füzuli Azərbaycan, fars və ərəb dillərində şeir və nəsr əsrəyə gətirmişdir. Onun əsərlərindən on beşi günümüzə qədər gəlib çatmışdır. "İranika Ensiklopediyası"na görə, Füzulinin yaradıcılığı "mistika və erotikanı inteqrasiya etməsi, mövzularının şərtiliyini öz üslubunun səmimiliyi ilə birləşdirməsi, ehtiraslı məhəbbət, bədbəxtlərə mərhəmət və çətinliklər qarşısında səbir hisslərinin şiddətli ifadəsində" ilə seçilir. İran və Azərbaycan mədəniyyətini tədqiq edən akademik Əlirza Əsgərzadə Füzulinin poeziyasını səciyyələndirərkən "dərin humanizm ruhunu təzahür etdirərək həm kütlələrin, həm də şairin özünün totalitarizmə, feodallara və istəblişmentin dininə qarşı narazılığını əks etdirməsini” vurğulamışdır. Füzulinin mistik metafor və rəmzlərdən məharətlə istifadə etdiyinə görə onun şeirlərinin çoxqatlı struktura malik olması da qeyd edilmişdir.
Leyli və Məcnun Füzuli ən çox Azərbaycan dilində yazdığı əsərləri, xüsusilə qəzəlləri və "Leyli və Məcnun" adlı məsnəvisi ilə məşhurdur. 1536-cı ildə qələmə alınan bu epos Füzulinin Orta Şərqdə "Leyli və Məcnun" məhəbbət hekayəsinin interpretasiyasıdır. Əsər "İranika Ensiklopediyası"nda "şəxsi və bəşəri məhəbbət faciəsini mistik həsrət və ruhi arzular müstəvisinə qaldırması ilə türk məsnəvi ənənəsinin kulminasiya nöqtəsi" kimi təsvir edilmişdir. Füzulinin interpretasiyası ilə "Leyli və Məcnun" hekayəsi geniş şəkildə tanınmış və bu, türk ədəbiyyatının ən böyük əsərlərindən sayılır.
Digər azərbaycanca əsərləri
Füzulinin digər məşhur əsəri "Hədiqətüs-süəda" () adlı məqtəlidir. Əsər 680-ci ildə ikinci Əməvi xəlifəsi I Yezidin ordusu ilə islam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əlinin başçılıq etdiyi kiçikmiqyaslı ordu arasında baş tutmuş Kərbəla döyüşündən bəhs edir. Bu, Hüseyn Kaşifinin "Rövzətüş-şühədə" () əsərindən adaptasiya edilmişdir və türk məqtəl janrının şah əsəri hesab olunur, həmçinin Kərbəla döyüşü ilə bağlı digər müasir əsərlər arasında ən populyar olanıdır. Füzuli həmçinin, Azərbaycan dilində bir "Divan"ın müəllifi olmuşdur. Bu, onun bu dildə ən uzun əsəridir və 302 qəzəl, bir neçə panegirik və rübailərdən ibarətdir. Füzulinin Azərbaycan dilində olan digər əsərlərinə 445 kupletlik alleqorik-satirik "Bəngü-Badə" () poeması da daxildir. Əsər şərab və həşiş arasında öz üstünlükləri ilə bağlı mübahisəni təsəvvür edir. O həmçinin, fars şairi Caminin "Qırx hədis" əsərini Azərbaycan dilinə tərcümə edərək "Hədisi-ərbəin tərcüməsi"ni () adlandırmış və "Söhbətül-əsmar" () adlı alleqorik məsnəvini yazmışdır. O, bu əsərdə üzüm bağlarının özlərini tərifləyən və arqumentasiya aparan meyvələrini təsvir etmişdir. Bundan əlavə, Füzuli Osmanlı sultanı II Bəyazidə və digər dörd Osmanlı məmuruna poetik məktub yazmışdır. Ədəbiyyatçı-tədqiqatçı Möhsün Məcidin fikrinə görə, Füzulinin Azərbaycan dilində yazdığı şeirləri mürəkkəb struktura və qüsursuz ifadəyə malikdir, bu isə onlara "qalıcılıq verir".
Farsca əsərləri