Fəxrəddin Ayət oğlu Təhməzov () — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri (1992–1993), general-mayor (1992).

Həyatı Fəxrəddin Ayət oğlu Təhməzov 1951-ci il yanvar ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olmuşdur.

1968-ci ildə Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) orta məktəbi, 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyat İnstitutunu bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə müəllim işləmişdir.

Həqiqi hərbi xidmətə çağırılan F. Təhməzov 1975-ci ildə xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirmişdir.

1975–1977-ci illərdə SSRİ DTK-nın F. E. Dzerjinski adına Ali Məktəbində təhsil almış, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından 1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikasının DTK-nın mərkəzi aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət göstərmişdir.

1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına qədər MTN (1991-ci ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmiryol stansiyası şöbəsinin rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışmışdır.

F. Təhməzov 1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuş və həmin ayın 23-də general-mayor rütbəsi almışdır.

F. Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilmişdir. Həmin ildə baş vermiş Gəncə qiyamının yatırılmasında iştirakına görə qısa müddətli həbs cəzası almışdır.Türmədən keçən nazirlər — Bizim Yol qəzeti

Mənbə Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may −1993 iyun

İstinadlar

Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Azərbaycanlı generallar