Teymur İmamqulu oğlu Quliyev () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin (1937–1946) və Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1946–1953, 1953–1954).
Azərbaycanda Stalin repressiyaları dövründə, 1937–1938-ci illərdə repressiyaya cəlb edilən şəxslərə qarşı hökm çıxaran Azərbaycan SSR üzrə məhkəmə üçlüyünün üzvü olmuş, onun imzası ilə 2792 nəfər güllələnməyə, 4425 nəfər azadlıqdan məhrum etməyə məhkum olunmuşdur.
Həyatı 1888-ci ildə Qaryagin qəzasının Cəbrayıl kəndində kəndli ailəsində anadan olmuşdur. O, ilk təhsilini iki sinifli kənd məktəbində almış, 1909-cu ildə məktəbi bitirib Gürcüstanın Qori şəhərinə gedərək seminariyaya daxil olmuşdur.
1914-cü ildə Qori müəllimlər seminariyasını müvəffəqiyyətlə bitirən T. Quliyev gənc müəllim kimi Cəbrayıl kəndinə gəlmiş və iki sinifli kənd məktəbində 1918-ci ilin ortalarına kimi müəllimlik etmişdir.
Ailə vəziyyətinin ağırlığı onu müəllimlikdən uzaqlaşmağa məcbur etmişdir. 1918–1919-cu illərdə T. Quliyev Culfa-Bakı dəmiryolunun çəkilişində işləmişdir. 1919–1920-ci illərdə isə o, Cəbrayıl poçtunda çalışmış və burada ikinci peşə — teleqrafçı peşəsini öyrənmişdir. Eyni zamanda o, burada inqilabi hərəkata qoşulmuşdur.
1920–1921-ci illərdə T. Quliyev əvvəllər Cəbrayıl inqilab komitəsinin, sonralar yoxsul komitəsinin sədri, yetim uşaqlar yurdunun direktoru vəzifəsində çalışmışdır. 1921–1934-cü illərdə Azərbaycan Fövqəladə Komissiyasının orqanlarında işləmişdir. T. Quliyev 1921-ci ildə Qaryagin qəza komitəsinin göstərişi ilə antisovet qüvvələrə qarşı mübarizə aparmaq üçün Azərbaycan Fövqəladə Komissiyası müvəkkilinin köməkçisi və siyasi bürosunun rəisi olmuşdur. O, bu zaman yeni yaranmaqda olan hökumətin ziddinə gedən dəstələrin məhv olunmasında fəal iştirak etmişdir.
1923–1929-cu illərdə o, Bakıda Azərbaycan Dövlət Siyasi İdarəsində gizli şöbənin və xüsusi şöbənin rəisi vəzifələrində çalışmışdır.
T. Quliyev 1929–1930-cu illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin Lənkəran şöbəsinin rəisi olmuş, 1930–1931-ci illərdə isə Gəncə xüsusi əməliyyat şöbəsinin rəisi vəzifəsində işləmişdir. O, bu dövrdə Azərbaycanda dini hərəkatlara, kolxoz və sovxozların komsomol təşkilatlarının yaradılması əleyhinə çıxanlara qarşı aparılan mübarizədə fəal iştirak etmişdir. Gəncə hadisələri yatırıldıqdan sonra Bakıya çağırılan T. Quliyev 1931–1934-cü illərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin mərkəzi aparatında iqtisadi şöbə rəisinin müavini vəzifəsini daşımışdır.
1934–1937-ci illərdə T. Quliyev Azərbaycan SSR Ali Məhkəməsi xüsusi kollegiyasının sədri, Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 13 noyabr 1937-ci il tarixli qərarı ilə T. Quliyev Azərbaycan SSR-in hökumət başçısı — Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin edilmişdir. 1946-cı ildə bu qurumun adı Nazirlər Soveti olaraq dəyişdirilmiş və o, 1953-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin sədri kimi fəaliyyətini davam etdirmişdir. 1953-cü ilin aprelindən avqustunadək Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olmuş, 1953-cü ilin avqustundan 1954-cü ilin mart ayınadək yenidən Nazirlər Sovetinin sədri vəzifəsində çalışmışdır.
Stalin repressiyalarının qızğın dövründə, 1937–1938-ci illərdə repressiyaya cəlb edilən şəxslərə qarşı hökm çıxaran Azərbaycan SSR üzrə məhkəmə üçlüyünün üzvü olmuş, onun imzası ilə 2792 nəfər güllələnməyə, 4425 nəfər azadlıqdan məhrum etməyə məhkum olunmuşdur.
T. Quliyev 1954–1956-cı illərdə Gəncə şəhərinə tabe olan sovxozların birinin direktoru olmuşdur.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 28 avqust 1956-cı il tarixli qərarı ilə "sosialist qanunçuluğunu kobud şəkildə pozduğuna və Bağırovun və onun dəstəsinin cinayətlərinə fəal kömək göstərməsinə görə" Sovet İttifaqı Kommunist Partiyası sıralarından xaric edilmişdir. Sov. İKP MK yanında Partiya Nəzarəti Komissiyasının 28 mart 1957-ci il tarixli qərarı ilə bu qərar təsdiq edilmişdir.
O, 1965-ci il noyabrın 18-də Bakı şəhərində vəfat etmişdir.
Mükafatları T. Quliyev 3 dəfə "Lenin" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.
Mənbə Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı, 2005
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Sovetinin sədrləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavinləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:ÜİK(b)P-nin XVIII konfransının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən xaric edilənlər Kateqoriya:Dövlət təhlükəsizliyinin fəxri işçiləri