Yelmar Edilov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Yelmar Edilov 10 aprel 1946-cı ildə Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. 1954–1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. O, 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlayır. Yelmar yaxşı samboçu idi. Qarnizon birinciliyi yarışları zamanı aldığı zədədən, o hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunur və texnikumda yarımçıq qalmış təhsilini davam etdirir. 1970-ci ildə təhsilini başa vurur. M. F. Axundov adına üzümçülük kolxozunda işə düzəlir.

Döyüşlərdə iştirakı 1988-ci ildə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımi cavabı verdilər. 11 aprel 1994-cü ildə "çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə Yelmar qəhrəmanlıqla həlak olur.

Ailəli idi. Yeddi övladı var.

Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərindəki ikinci Şəhidlər xiyabanında dəfn edilmişdir.

İstinadlar

Ədəbiyyat Sərraf Şiruyə, "İgid ölər adı qalar", Gəncə-2002. ("75 yara və ya Dəmir Yelmar" poeması) səh.139–258 Sərraf Şiruyə, "Seçilmiş əsərləri" (II cild), Nurlan-2008. ("75 yara" poeması) səh.7–123 Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 63–64.

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)