Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli () — Azərbaycan maarifçisi, pedaqoqu, metodisti, publisisti, yazıçısı və tərcüməçisi.

Həyatı Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci il yanvarın 29-da Şamaxı şəhərində anadan olmuşdur. Atası Adil bəy Cəbrayılbəyov Şamaxıda Quberniya Məclisinin Ruhani İdarəsində mirzə vəzifəsində işləmişdir. Cəmo bəyin öz tərcümeyi-halına əsasən, o, 1898-ci ildə Şamaxı şəhər ali-ibtidai məktəbinə daxil olmuşdur. Burada onun ana dili və şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyidzadə olmuşdur. Mir Cəfər Seyidzadənin onun təhsilini davam etdirməsində və məktəbdən uzaqlaşdırılmamasında rolu qeyd olunur.

1902-ci il Şamaxı zəlzələsi zamanı Cəbrayılbəylilər ailəsinin evi dağılmışdır. Həmin hadisə zamanı Cəmo bəy ailə üzvlərindən iki nəfəri dağıntılar altından çıxarmışdır. Cəmo bəy şəhər ali-ibtidai məktəbini bitirdikdən sonra fərdi müəllimliklə məşğul olmuş, 1907–1908-ci illərdə Şamaxı realnı məktəbində imtahan verərək ibtidai məktəb müəllimi dərəcəsi almışdır. 1909-cu ildə vaxtilə oxuduğu Şamaxı şəhər ali-ibtidai məktəbinə müəllim təyin edilmiş, 1912-ci ilə qədər burada çalışmışdır.

Cəmo bəy Şamaxının ictimai-mədəni həyatında da iştirak etmişdir. 1907-ci ildə Şamaxıda kitabxana və qiraətxananın açılması, savad kurslarının təşkili və teatr səhnəciklərinin göstərilməsi ilə bağlı fəaliyyətlərdə iştirak etmişdir. 1912-ci ildə Şamaxıda yaradılmış Birinci rus-tatar məktəbinə müdir təyin edilmişdir. Həmin il rus-tatar məktəblərinin 25 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmiş, Şamaxıdan nümayəndə kimi Bakıya göndərilmişdir.

1919-cu ildə edadi məktəblərinin ikinci və üçüncü sinifləri üçün nəzərdə tutulmuş "Tarixi-təbii" adlı dərsliyi nəşr edilmişdir. Kitab 160 səhifədən və 60 bölmədən ibarət olmuş, anatomiya və zoologiya mövzularının tədrisi üçün hazırlanmışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai fəaliyyətlə də məşğul olmuş, 1919-cu ilin fevralında yaradılmış Bakı və ətrafı müsəlman ziyalılar ittifaqının idarə heyətinə üzv seçilmiş, daha sonra ittifaqın katibi olmuşdur. Həmin il Bakı və Ətrafı Müsəlman Müəllimləri İttifaqının fəaliyyətində də iştirak etmişdir.

Cəmo bəy 1920-ci ilin mayında Bakı I Realnı məktəbindəki müəllim vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Xalq Maarif Komissarlığı yanında Dərsliklərin Hazırlanması üzrə Komissiyanın üzvü təyin olunmuşdur. Bu dövrdə dərsliklərin hazırlanması, tərcüməsi və nəşri ilə məşğul olmuş, müəllimlik kurslarında dərs demişdir. 1922–1931-ci illərdə Bakı Pedaqoji Texnikumunda əvvəl müəllim, sonra direktor müavini vəzifələrində çalışmışdır. 1926-cı ildə oğlan və qız seminariyalarının birləşdirilməsi ilə yaradılmış Bakı Müttəhid Pedaqoji Texnikumunda tədris işləri üzrə direktor müavini olmuşdur. Həmin dövrdə texnikum Azərbaycanla yanaşı, Orta Asiya və Dağıstan üçün də pedaqoji kadrlar hazırlamışdır.

Cəmo bəy təhsilini davam etdirərək birillik Ali Pedaqoji kursu bitirmiş, 1922-ci ildə eksternat imtahanı vermişdir. 1929–1931-ci illərdə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun Təbiət-riyaziyyat fakültəsinin kimya-biologiya ixtisası üzrə tam kursunu başa vurmuşdur. 1931–1935-ci illərdə Bakı Şəhər Xalq Təhsili şöbəsində müfəttiş-metodist, 1935–1938-ci illərdə Yer Quruluşu Texnikumunda müəllim işləmişdir.

1938-ci ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda fəaliyyət göstərmişdir. Burada böyük elmi işçi əvəzi, fərdi metodiki kabinetin müdiri, elmi katib və institutun direktoru vəzifələrində çalışmışdır. 1942-ci il yanvarın 29-da Bakı Dövlət Universitetinin Elmi Şurasında "Orta məktəbdə Azərbaycan florası nümunələri bitkilərin sistemli tədqiqində obyekt kimi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1943-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir.

1946-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru seçilmiş, 1950-ci ilin sentyabrında bu vəzifədən azad olunmuşdur. 1959-cu ildə yenidən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna dəvət edilmiş və Təbiyyat-kimya bölməsinə baş elmi işçi təyin olunmuşdur. 1960-cı ildə həmin bölmənin müdiri olmuş, eyni zamanda institutun Elmi Şurasının üzvü seçilmişdir. Səhhətində yaranan problemlərlə əlaqədar 1962-ci ildən kimya-biologiyanın metodikası şöbəsində böyük elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. 1964-cü il noyabrın 30-da fərdi təqaüdə çıxması ilə əlaqədar institutdakı vəzifəsindən azad edilmişdir.

Cəmo bəy Cəbrayılbəyli 1935-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin fəxri fərmanı ilə təltif edilmiş, 1942-ci ildə "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. "Qafqazın müdafiəsinə görə" medalı, "Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, "Şərəf nişanı" ordeni və "Xalq maarifi əlaçısı" nişanı ilə təltif olunmuşdur.

Cəmo bəy Cəbrayılbəyli 30 iyul 1965-ci ildə Şamaxı yaxınlığındakı Çuxuryurd qəsəbəsində istirahət edərkən ürək xəstəliyindən vəfat etmişdir. O, Şamaxıda yerləşən Yeddi günbəz qəbiristanlığında, Mirzə Ələkbər Sabirin məqbərəsinin yaxınlığında dəfn olunmuşdur.

Həmin qəbiristanlıqda onun ailə üzvləri — Şəfiqə Əliəşrəf qızı Cəbrayılbəyli və Adil Cəmo oğlu Cəbrayılbəyli də dəfn edilmişdir.

Musiqi fəaliyyəti Cəmo bəy Cəbrayılbəyli uşaqlıq illərindən xalq musiqisinə və muğama maraq göstərmişdir. Öz xatirələrinə görə tar çalmağı və muğamı ilk dəfə qohumu Ağəli bəy Nasehdən öyrənmişdir. Şamaxı şəhər məktəbində oxuduğu illərdə tar, skripka, gitara və mandolinada Azərbaycan, rus və Avropa musiqilərini ifa etməyi öyrənmişdir.

1924-cü ilin noyabrın 5-də Maarif evində keçirilən tədbirdə Yavər Kələntərli bir sıra muğam və xalq musiqisi nümunələri ifa etmiş, onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada isə Cəmo Cəbrayılbəyli müşayiət etmişdir. Tədbir Müslüm Maqomayevin təşəbbüsü ilə təşkil olunmuşdur. Həmin çıxışdan sonra Üzeyir Hacıbəyov Yavər Kələntərliyə muğam dərnəyinə getməyi məsləhət görmüşdür.

Bədii yaradıcılığı

thumb|1919-cu ildə "Milli nəğmələr" adlı şeirlər kitabında yerləşən "Vətən marşı" şeirinin sonunda müəllif kimi "Cəmo bəy" göstərilmişdir.

Cəmo bəy müxtəlif dövrlərdə "Cəmo" və "Cəmo bəy" təxəllüsləri ilə şeirlər, bədii və elmi-publisistik yazılar çap etdirmişdir. 1922-ci ildə "Yeni yıldız" jurnalının 2-ci nömrəsində onun "Cəmo" imzası ilə "Sənsən" adlı şeiri dərc olunmuşdur. Həmin nömrədə müəllifin "İctimai hifzi-səhhət" adlı elmi-publisistik məqaləsi də çap edilmişdir.

Onun bədii fəaliyyətində tərcümə də yer tutmuşdur. Alman dramaturqu Fridrix Şillerin "Vilhelm Tell" əsəri Cəmo bəyin tərcüməsində 1925-ci il aprelin 16-da Aleksandr Tuqanovun quruluşunda tamaşaya qoyulmuşdur. Tamaşanın musiqi tərtibatını Müslüm Maqomayev vermiş, əsas rolları Sidqi Ruhulla, İbrahim Azəri, İsmayıl Hidayətzadə, Hacıməmməd Qafqazlı, Rza Əfqanlı və başqaları ifa etmişdir.

Tədqiqatçı Nazim Nəsrəddinov "Cəmo" təxəllüsünün yanlış olaraq Camo Hacinski və ya Əhməd Cavad ilə əlaqələndirilməsinə qarşı çıxmış, bu imzanın məhz Cəmo bəy Cəbrayılbəyliyə aid olduğunu qeyd etmişdir. Bəzi müəlliflər Azərbaycan himninin sözlərinin Cəmo bəyə aid olduğunu iddia etmişlər. Bu iddia 1919-cu ildə Bakıda nəşr olunmuş "Milli nəğmələr" adlı şeirlər məcmuəsində "Vətən marşı" şeirinin "Cəmo bəy" imzası ilə çap edilməsi faktına əsaslandırılır.

2020-ci ildə İTV-də yayımlanan "Bir mahnının tarixçəsi" verilişində də eyni iddialar səsləndirilmişdir.

Əsərləri Tarixi-təbii (İnsan, Heyvanat). Bakı, 1919. Təbiətə ilk addım. Bakı, 1923. Heyvanat dərsləri (birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır). Bakı: Azərnəşr, 1924. Təbiətə ilk addım (birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır). Bakı: Azərnəşr, 1924. Müxtəsər nəbatat (birinci dərəcə məktəblərə görə yazılmışdır). Bakı: Azərnəşr, 1924. Zoologiya dərsləri. Bakı, 1925. Müxtəsər nəbatat. Bakı: Azərnəşr, 1926. Təbiəti öyrən. Bakı: Azərnəşr, 1926. Heyvanat dərsləri (birinci dərəcəli məktəblər üçün). Bakı: Azərnəşr, 1928. Heyvanat dərsləri (əmək məktəbləri üçün tədris və pedaqoji kitabları). Bakı: Azərnəşr, 1929. Müxtəsər nəbatat (əmək məktəbləri üçün tədris və pedaqoji kitablar). Bakı: Azərnəşr, 1929. Təbiyyat. İkinci il. Bakı: Azərnəşr, 1929. Zoologiya dərsləri. Bakı, 1929. Təbiyyat metodikası. Bakı: Azərnəşr, 1930. Akvarium və terrarium. Bakı: Azərnəşr, 1930. Bitkilər fiziolojisi terminləri. Bakı: Azərnəşr, 1931. Fito-sosioloji terminləri. Bakı: Azərnəşr, 1931. Təbiyyatdan iş kitabı. Bakı, 1932. — İsrafil Hacızadə və Məhərrəm Mustafazadə ilə birlikdə. Qiraət kitabı. Bakı, 1945. Botanikadan məktəb praktikumu. Bakı, 1946. Botanika dərslərində yerli materiallardan istifadə yolları. Bakı, 1957. Botanikadan praktika və təcrübə. Bakı, 1962.

Bədii əsərləri Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1947. Maraqlı hekayələr. Bakı: Uşaqgəncnəşr, 1956. Təbiət haqqında hekayələr. Bakı: Azərnəşr, 1963; Gənclik, 1972 (ikinci nəşr); Gənclik, 1985 (üçüncü nəşr). Xatirələrim. Bakı: Azərnəşr, 1966.

Xatirəsinin əbədiləşdirilməsi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin "Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı" adlı monoqrafiyası nəşr edilmişdir. Monoqrafiyanın elmi redaktoru professor Bədirxan Əhmədli, rəyçisi isə dosent Elmira Qasımlı olmuşdur.

İstinadlar

Mənbə

Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər