İosip Broz (; partiya təxəllüsü: Tito; ) — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi, 1945-ci ildən 1980-ci ildə ölümünə qədər Yuqoslaviyanın faktiki lideri olmuşdur. 1937-ci ilin dekabrından Yuqoslaviya Kommunist Partiyasına rəhbərlik etmişdir. 1966-cı ildən Yuqoslaviya Kommunistlər İttifaqının sədri olmuşdur.

İkinci Dünya müharibəsi zamanı Tito işğal altındakı Avropada ən təsirli müqavimət hərəkatlarından biri hesab edilən Yuqoslaviya partizanlarının lideri idi. Prezidentliyi avtoritar xarakterinə və siyasi rəqiblərə qarşı repressiyalara görə tənqid olunsa da, bəzi tarixçilər onu xeyirxah diktator hesab edirlər. Həm Yuqoslaviyada, həm də xaricdə məşhur şəxsiyyət idi. Birləşdirici simvol sayılan Titonun daxili siyasəti Yuqoslaviya Federasiyası xalqlarının dinc yanaşı yaşamasını təmin edirdi. Qoşulmama Hərəkatının əsas liderlərindən biri kimi dünyanın diqqətini özünə çəkirdi və bu sahədə Hindistandan Cəvahirləl Nehru, Misirdən Camal Əbdül Nasir, İndoneziyadan Sukarno və başqaları ilə əməkdaşlıq edirdi.

1980-ci ildə Titonun ölümündən sonra Yuqoslaviya respublikaları arasında münaqişə ocaqları yaranmağa başladı. 1991-ci ildə Yuqoslaviya dağıldıqdan sonra yeni yaranan respublikalar arasında 1990-cı illərin sonlarına qədər davam edən bir neçə silahlı münaqişə başladı. Bu münaqişələrin nəticələri hələ də keçmiş Yuqoslaviya respublikalarının həyatına təsir göstərir.

Həyatı

Erkən həyatı 250px|thumb|left|Titonun Kumrovetsdəki ata evi İosip Broz 1892-ci il mayın 7-də Avstriya-Macarıstanın tərkibində olan Xorvatiyanın Kumrovets kəndində anadan olmuşdur. Sonralar 1893-cü ili doğum ili kimi göstərmişdir. Həmçinin almanların 25 may 1944-cü ildə ona qarşı həyata keçirdikləri uğursuz sui-qəsd cəhdinin xatirəsinə mayın 25-ni doğum günü kimi seçmişdir. Bu tarix sonralar Yuqoslaviya Sosialist Federativ Respublikasında Titonun doğum günü ilə əlaqələndirilərək Gənclər Günü kimi qeyd olunurdu. İosip Broz doğulduqdan sonra Katolik Kilsəsində xaç suyuna salınmışdır.

Gələcək Yuqoslaviya liderinin atası Frano (Frans) Broz (xorv. Franjo Broz) milliyyətcə xorvat idi. Titonun doğulduğu vaxt ailəsi artıq üç əsr idi ki, Kumrovetsdə yaşayırdı. Franoya əcdadlarından 4 hektar torpaq və yaxşı bir ev miras qalmışdı, lakin o, bu mirası idarə etməkdə o qədər də bacarıqlı deyildi. İosipin anası Mariya Broz (sloven. Marija Broz) Kumrovetsdən 16 kilometr məsafədə yerləşən Podsreda kəndindən olan sloven qadın idi. Onun qızlıq soyadı Yaverşek (sloven. Javeršek) idi. Titonun qarışıq mənşəyinə baxmayaraq, bir çox tədqiqatçı onu etnik xorvat hesab edirdiЮгославия в XX веке: очерки политической истории / К. В. Никифоров (отв. ред.), А. И. Филимонова, А. Л. Шемякин и др.— М.: Индрик, 2011.— С. 298. Режим доступа: http://www.inslav.ru/resursy/elektronnaya-biblioteka/2372-2011-jugoslavija-v-xx-veke . İosip Broz 15 uşaqlı ailənin yeddinci övladı idi. Qardaş və bacılarından bəziləri körpəlikdə və ya yeniyetmə yaşlarında vəfat etmişdi.

İosip Broz həyatının ilk illərini Podsredada, ana tərəfdən babası Martin Yaverşekin (sloven. Martin Javeršek) evində keçirmişdir. Babası ona xüsusi qayğı göstərirdi. İosip burada fortepianoda ifa etməyi öyrənmişdir. Məktəbdə təhsil almaq üçün Kumrovetsə qayıdanda sloven dilində xorvat dilindən daha yaxşı danışırdı.

1900-cü ilin iyul ayında səkkiz yaşlı İosip Broz Kumrovets ibtidai məktəbinə daxil olmuşdur. 1905-ci ildə təhsilini başa vurmuş, lakin cəmi dörd sinif bitirmişdir. Sonralar həyatı boyu yazılarında orfoqrafik səhvlərə yol verirdi. Məktəbi bitirdikdən sonra İosip əvvəlcə dayısının yanında, daha sonra isə ailə təsərrüfatında işləmişdir.

1907-ci ildə Frano Broz oğlunu işləmək üçün ABŞ-yə göndərməyə çalışmış, lakin ailə bilet pulunu toplaya bilməmişdir. Bundan sonra 15 yaşlı İosip əmisi oğlu Yuritsanın (xorv. Jurica Broz) hərbi xidmət keçdiyi Sisak şəhərinə yollanmışdır. Əvvəlcə İosip Yuritsanın köməyi ilə restoranda işə düzəlmişdir. Lakin çox keçmədən bu işin ona uyğun olmadığını düşünərək işdən çıxmışdır. Bundan sonra milliyyətcə çex olan mexanik Nikola Karas (çex. Nikola Karas) onu üçillik şagirdliyə qəbul etmişdir. Nikola Karas İosipə sənət öyrətməklə yanaşı, onu yaşayış yeri və yeməklə də təmin etmişdir. Atasının maddi imkanı olmadığı üçün İosip iş paltarının xərcini özü ödəmişdir. Sonralar İosipin kiçik qardaşı Stepan da Karasın şagirdi olmuşdur.

İosipin sosialistlərə rəğbət bəsləyən ustası onu da sosialist hərəkatına cəlb etmişdir. 1909-cu ildə Karasın dəstəyi ilə Broz 1 May bayramı münasibətilə keçirilən tədbirlərdə iştirak etmişdir. Sosialist qəzeti olan Slobodna Reçi (xorvat dilində "Azad söz") əvvəlcə oxumağa, sonralar isə yaymağa başlamışdır. 1910-cu ilin sentyabrında üçillik şagirdlik müddətini başa vurduqdan sonra Zaqrebə köçmüş və burada Sisakda qurduğu əlaqələr sayəsində iş tapa bilmişdir. Zaqrebdə Metallurgiya İşçiləri İttifaqına qoşulmuş və ittifaqın təşkil etdiyi nümayişdə iştirak etmişdir. Həmçinin Xorvatiya və Slavoniya Sosial Demokrat Partiyasına üzv olmuşdur. 250px|thumb|left|İosip Broz (dairə ilə işarələnib) Kamnikdə fabrikdə fəhlələr arasında 1911-ci il 1910-cu ilin dekabrında Broz Kumrovetsə qayıtmışdır. Lakin 1911-ci ilin əvvəlində yenidən iş axtarmaq üçün doğma kəndini tərk etmişdir. Bir neçə ay ərzində yaşayış və iş yerini bir neçə dəfə dəyişmiş, Lyublyana, Triest və yenidən Kumrovetsdə yaşamışdır. 1911-ci ilin yazında Zaqrebə qayıtmış, burada velosiped təmiri emalatxanasında işləmiş və 1 May bayramı münasibətilə keçirilən tədbirlərdə iştirak etmişdir. Lyublyanada qısa müddət işlədikdən sonra 1911-ci ilin mayından 1912-ci ilin mayınadək Kamnikdəki fabriklərdən birində çalışmışdır. Fabrik bağlandıqdan sonra Çexiyanın Çenkov kəndində yerləşən fabrikdə işə düzəlmişdir. Çenkovda olarkən İosip işəgötürənin yerli işçiləri ölkənin digər bölgələrindən gətirilən daha ucuz işçi qüvvəsi ilə əvəz etmək cəhdinə qarşı keçirilən tətilə qoşulmuşdur. Nəticədə tətilçilər iş yerlərini qoruyub saxlaya bilmişlər.

Daha sonra Broz Pilsenə köçmüş, burada bir müddət "Şkoda" fabriklərində çalışmış və ardınca Münhenə getmişdir. Mannheymdəki "Benz" avtomobil fabrikində işləmiş, həmçinin Rur bölgəsinə səfər etmişdir. 1912-ci ilin oktyabrında böyük qardaşı Martinin ailəsi ilə birlikdə yaşadığı Vyanaya gəlmişdir. Burada əvvəlcə Qridlin fabriklərində işləmiş, daha sonra "Daymler"in Viner-Noyştadt şəhərindəki fabrikinə keçmişdir. Həmin fabrikdə avtomobillərin sınaq yürüşləri ilə məşğul olmuşdur. Bu illərdə qılıncoynatma və rəqs etməyi öyrənmişdir. Həmçinin alman dilini mənimsəmiş və çex dilində səlis danışmağa başlamışdır.

Avstriya-Macarıstan ordusunda xidməti və Birinci Dünya müharibəsi 1913-cü ilin mayında Broz ikiillik hərbi xidmət üçün Avstriya-Macarıstanın İmperator və Kral Ordusuna çağırılmışdır. Hərbi qeydiyyat zamanı onun doğum tarixi səhvən 5 mart 1892-ci il kimi göstərilmişdir. Əvvəlcə Vyanada xidmətə göndərilsə də, sonradan öz istəyi ilə 25-ci Zaqreb Domobran piyada alayına keçirilmişdir. 1913–1914-cü illərin qışında Broz xizək sürmə təlimi keçmiş, daha sonra Budapeştdəki unter-zabit məktəbinə göndərilmişdir. Məktəbi bitirdikdən sonra 22 yaşında baş unter-zabit rütbəsi almışdır. Bununla da alayın ən gənc unter-zabiti olmuşdur. Titonun bioqrafı Cəsper Ridlinin sözlərinə görə, Broz bütün Avstriya-Macarıstan ordusunda bu rütbəni alan ən gənc hərbçi idi.

Broz mülki həyatda öyrəndiyi qılıncoynatma bacarıqlarından orduda da uğurla istifadə etmişdir. 1914-cü ildə alay çempionatında qalib gəlmiş, həmin ilin mayında isə Budapeştdə keçirilən ümumordu qılıncoynatma çempionatında ikinci yeri tutmuşdur.

1914-cü ilin avqustunda Avstriya-Macarıstan Birinci Dünya müharibəsinə qoşulmuşdur. Bununla əlaqədar 25-ci Zaqreb Domobran piyada alayı Serbiya sərhədinə göndərilmişdir. Burada unter-zabit Broz əsgərləri üsyana çağırdığına görə həbs edilərək Uyvidek (indiki Novi Sad) şəhərindəki Petrovaradin qalasına salınmışdır. Sonralar Tito bu həbslə bağlı ziddiyyətli məlumatlar vermişdir. Bioqraflarından birinə verdiyi müsahibədə rusların tərəfinə keçmək niyyətini bildirdiyinə görə həbs olunduğunu söyləmişdir. Digər tərcümeyi-halında isə həbsinin texniki səhv nəticəsində baş verdiyini qeyd etmişdir. Brozun həbsi ilə bağlı üçüncü versiyaya görə, o, məğlubiyyət əhvali-ruhiyyəsi yaydığı üçün həbs edilmişdir. Belə ki, gələcək Yuqoslaviya lideri şəxsi söhbətlərindən birində müharibədə Avstriya-Macarıstan ordusunun məğlub olacağına ümid etdiyini bildirmişdir. Lakin qısa müddət sonra həbsdən azad edilmiş və ona bəraət verilmişdir.

1915-ci ilin əvvəlinə qədər 25-ci alay Serbiya cəbhəsində döyüşmüş, daha sonra Şərq cəbhəsinə, Qalisiya bölgəsinə göndərilmişdir. Rusiya cəbhəsində Broz kəşfiyyatçı kimi xidmət etmişdir. Kəşfiyyat əməliyyatlarında özünü cəsur hərbçi və bacarıqlı komandir kimi göstərmişdir. Bir dəfə onun komandanlıq etdiyi kəşfiyyat dəstəsi cəbhə xəttini keçərək 80 rus əsgərini əsir götürmüş və itki vermədən öz mövqelərinə qayıtmışdır. Kəşfiyyat sahəsində göstərdiyi şücaət və təşəbbüskarlığa görə Broz cəsarət medalına layiq görülmüşdür. Lakin bu barədə məlumatlar yalnız onun ölümündən sonra, 1980-ci ildə dərc edilmişdir.

Rusiya əsirliyində. 1917-ci il inqilabı 1915-ci ilin yazında Dnestr çayı üzərində, Mitkeu (Bukovina) kəndi yaxınlığında baş verən döyüşdə unter-zabit Broz rus qoşunlarının cəbhə xəttini yarmaq cəhdinin qarşısını alarkən Rusiya ordusunun çərkəz süvarisi tərəfindən nizə ilə belindən ağır yaralanmış və əsir düşmüşdür. Brozun əsir düşməsinin dəqiq tarixi mənbələrdə müxtəlif şəkildə göstərilir. Əksər mənbələrdə bu hadisənin 25 mart 1915-ci ildə baş verdiyi qeyd olunurBoris Graljuk. O zarobljavanju vodnika 25. domobranske pukovnije Josipa Broza kod Okne u Bukovini 25. ožujka 1915.g. // "BOJIŠNICE I GROBIŠTA HRVATSKIH VOJNIKA NA KARPATSKOM RATIŠTU U PRVOM SVJETSKOM RATU".. Lakin ingilis jurnalist Riçard Vestə görə Broz martın 21-də əsir düşmüşdür. Cesper Ridli isə bu hadisənin aprelin 4-də baş verdiyini göstərir.

Əsir düşdükdən sonra Broz Volqa sahilində yerləşən Sviyajsk şəhərində 13 ay keçirmişdir. Burada Sviyajsk Uspensk monastırının binasında yerləşən hərbi hospitalda sətəlcəm və tif xəstəliklərindən müalicə almışdır. Hospitalda olduğu müddətdə rus dilini öyrənmişdir. Bu işdə ona iki yerli məktəbli qız kömək etmişdir. Onların sayəsində rus ədəbiyyatının klassikləri Lev Tolstoy və İvan Turgenevin əsərləri ilə də tanış olmuşdur.

250px|thumb|left|Hospitalın yerləşdiyi Sviyajsk Uspensk monastırının binası

Sağaldıqdan sonra Uraldakı əmək düşərgəsinə göndərilmişdir. 1917-ci ilin fevralında isə azad edilmişdir. Həmin ilin aprelində yenidən həbs olunsa da, qaçmağa müvəffəq olmuş və 16–17 iyul tarixlərində Petroqradda keçirilən nümayişlərdə iştirak etmişdir.

Finlandiyaya gedərkən Broz saxlanılmış və Petropavlovsk qalasında üç həftə həbsdə qalmışdır. Daha sonra yenidən Kunqura göndərilmiş, lakin yolda qatardan qaçmağa nail olmuşdur.

Rusiyada vətəndaş müharibəsində iştirak etmiş və Qırmızı Orduya qoşulmuşdur. 1918-ci ilin iyununda rus qadınla evləndikdən sonra ağların hakimiyyəti altında olan Omskda mexanik kimi işə düzəlmişdir. 1920-ci ilin yanvarında Rusiyanı tərk etmişdir.

Yuqoslaviyanın kommunist hərəkatında iştirak 250px|thumb|left|İosip Broz Lepolqav həbsxanasında dindirilmədə, 1928 1920-ci ildə artıq Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibində olan vətəninə qayıtdıqdan sonra Broz Yuqoslaviya Kommunist Partiyasına (YKP) üzv olmuşdur. Elə həmin ilin sonunda Kommunist Partiyasının fəaliyyəti qadağan edilmiş, 1921-ci ildə isə partiya repressiyalara məruz qalaraq dağıdılmışdır.

1925–1926-cı illərdə İosip Broz Kralevitsadakı gəmiqayırma zavodunda işləmiş və burada rəhbərlik etdiyi Kommunist Partiyası təşkilatını yaratmışdır. 1926-cı ildə Zaqrebə qayıtmış və burada həmkarlar ittifaqı hərəkatında iştirak etməyə başlamışdır. 1927-ci ildə Kommunist Partiyasının Zaqreb şəhər komitəsinin təşkilat katibi olmuşdur.