right|180px

"Ziyarət" – Hamlet İsaxanlı nın 2009-cu ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər və "Ziyarət" adlı poemadan ibarət kitabı.

"Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəznlərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yaradan müxtəlif şeirlər daxildir. Epic-lirik "Ziyarət" poeması şairin öz uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haqqında xatirələri ilə bağlıdır". (Supercildin iç üzündən)

Fəlsəfi şeirlər Mənası "ye, iç, yat" olan ömür, "Nə dərin həyəcan, nə fəryad / Sevdasız bir həyat – nə həyat?!" kimi vəziyyət şairi qane etmir, o, kitabdakı ilk şeirində, oxucunu arzuları həyata keçirmək üçün fəal həyata çağırır. Tutuşaq, a dostlar, əl-ələ Keçməsək arzudan əmələ Böyük bir təhlükə, qorxu var – Məhv olar, puç olar arzular Könüllər coşub nəğmə deməz Dünya biz deyənə bənzəməz. ("Əl-ələ") Həyata adətən nikbin baxan, gözəlikdən ilham alan H. İsaxanlı təbiətə vurğunluğunu ifadə edir Əyildim otlara, diz üstə çökdüm Güllərin ətrini içimə çəkdim. Günəş də telini çəmənə sərdi Daha nə möcüzə istəyəcəkdim?! ("Çiçəkli çəmən") Şair səyahəti sevsə də, ordakı gözəllik önündə düşüncələrə dalır, "Amma həyat nə kef, nə tamaşadı / Xeyli turşməzədir həyatın dadı". Fəsillərin dəyişməsi hiss olunmayan Malayziyada qəlbin alışdığı xəzan yoxdur; bu, qəribədir… Burda nə payız var, nə bahar, nə qış Oğulsansa gəl bu gərdişə alış Burda xəzan olmur, yarpaq saralmır Şairim, vətənə dönməyə çalış Burda nə payız var, nə bahar, nə qış. ("Xəzana alqış") Digər bir sıra şeirlərində şair dünyanın keçiciliyi üzərində düşünür, ismarıclar edir. Gedin deyin anama Uzaqda ki, balan var Onu çox da qınama – Uzaqdadır gələmmir. Son vaxtlar keyfi yoxdur Yorulub qəm-kədərdən Heç ürəkdən güləmmir; Ölmək istəyir hərdən Amma hələ öləmmir… ("Gedin deyin anama") Şair bilir ki "Getdiyim yol qırılacaq / Bir gün tamam bitəcək". Lakin kimlərinsə onu yada salacağını da bilir… Səsim bəzi qulaqlarda qalacaq Kimlərsə şeirimdən ilham alacaq Sözümü kimlərsə yada salacaq – Adamın allahı var Yada salmaqdan bezmir insanlar. ("Son xatirələr") Və ya Bilirəm ki, için-için yanacaq Neçə illər ad günümü anacaq Ağrıyacaq mənə bağlı könüllər, Qəbrim üstə qızaracaq Qərənfillər, qızıl güllər. ("Məndən sonra") İnsan ömrü boyu öyrənir. Nyuton, Nizami, Şekspir, Tolstoy, Mövlanədən dərs almaq yaxşıdır, lakin öz kimliyinə malik olmaq, ümumi xora qoşulmamaq mümkündürmü? İnsanı insan edən onun müstəqilliyi, özünəməxsusluğu deyilmi?! Binadan nə Tolstoyçu, nə Marksist Nə sosyalist, nə başqa "ist" Nə Mustafa Kemalistəm. Zaman-zaman onlara mehman olsam da Təklikdən də zövq almışam Söhbət edib, dərs alsam da Mən öz havamı çalmışam. Məni xorda oxutsalar Səsim, sözüm, öz nəğməm var - Dadı-duzu olsa da kəm, Yenə nə qəm?! Mən solistəm ki, solistəm! ("Solist") Uşaqlıq və gənclik yaş həddi kimi arxada qalsa da, yaşlı adam bir az ehtiyatlı olsa da, uşaqlıq duyğusu da, gənclik atəşi də yaşa dolduqca yox olmur, "sinədə döyünən ürək"də yaşayır. Özünü dartıb "sanballı" olmaq sadə iş deyil. Bir baxın: canımda neçə can varmış, Qəlbimi neçə qat duyğular sarmış?! Qanım uşaqlıqdan axan qan imiş Gənclik atəşi də qəlbi yaxarmış…

Mənə "sanballı ol" söyləyən dostlar, Deməyə nə var?! Başqadır gərdiş – O qədər də sadə deyilmiş bu iş…

Sevgi şeirləri Şair "Çox azdır", "Sənsizlik", "Dəniz sahilində görüş", "Hər sevən yetməz ki kama…", "Bu nə sevgi, nə fəlsəfə?", Qulluğumda dur", "Ay qız", "Nə olardı?", "Səexoşluq", "Ya sən, ya heç", "Qədər bumu", "Sevilmək istəyi" kimi müxtəlif vəznli (heca, sərbəst, hecalı sərbəst, əruz) şeirlərində sevginin sevinci, qəmi və nəşəsini, eşq fəlsəfəsini poetikləşdirib.

Şeirlərdən parçalar:

Açılır rəng-rəng çiçəklər Açılmayır kefim bu yaz. İsinir xırda böcəklər İsinir soyuq küləklər Bu günəş mənimki deyil Yaman üşüyürəm bu il.

Bu yaz mənə qəm gətirdi Açılmayır kefim bu yaz. Çoxları tək mən demirəm Dərdim kitablara sığmaz – Dərdlərim bircə sətirdi: Sənsiz yaşaya bilmirəm. ("Sənsizlik")

Sənə hər nə söyləsələr Allaha sığın desələr Möcüzəyə bel bağlama, Hər sevən yetməz ki kama… Hər sevdiyi qismət olmur insana Ürəyində bəslədiyi Sevgilər qalır ona. ("Hər sevən yetməz ki kama…")

Sevənlər-onlardır bəxtəvər Sevməyən insanı kim sevər?! ("Sevilmək istəyi")

Əlimdəki bir aşiqin qələmidir O qələmə ilham verən Bir dəli eşq aləmidir. Biz yazırıq, yaradırıq sətir-sətir Bu yandan da vərəq-vərəq ömür bitir Nə etməli, bu bəşərin xilqətidir. Hər nə qədər olsa da gec Sözüm bir, fikrim qətidir: Ya sən, ya heç! ("Ya sən, ya heç!")

Çox azdır

Nə qədər "sevirəm" söyləsən Dünyalar qədər də çox sevsən Ağlasan (bilirəm kövrəksən) – Qoy olsun, qoy coşsun duyğular Bil ki, eşq nə qədər çox olsa Yenə də çox azdır, gözəl yar.

Aşiqi hər addım sınamaq Sözdən söz çıxarıb qınamaq – Bu köhnə avazdır, gözəl yar. Sevginin başqadır səfası – Sevginin hər cövrü-cəfası Cilvə, işvə, nazdır, gözəl yar.

Gözlərin üstümə yürüsə Canımı atəşə bürüsə Bil ki, kefim sazdır, gözəl yar. Dilin bal, dişlərin dürr isə Bizi titrətməsə bir busə Dil ya diş çox azdır, gözəl yar…

Nə olardı? Nə olardı, gülüm, dəyişməyəydin, Gözündən qığılcım yox olmayaydı Tale bəxş edənə boyun əyəydin Od saçan gözlərə yaş dolmayaydı?!

Nə olardı, gülüm, susa biləydin Səbirdən sənə də bir pay düşəydi Ağlamaq yerinə deyib-güləydin Qara bulud bizdən yan ötüşəydi?!

Səndən ilham alıb şeir yazaydım Bizi məst edəydi bu eşqin dadı Hər şeyi sevgiyə, eşqə yozaydım Bax onda deyərdim: həyat röyadı

Satirik şeirlər Qoyunlar xoru Qoyun olduq, dağ döşündə cəm olduq Otdan yedik, sudan içdik, dəm olduq.

Qoyunsansa sual vermə Daha demə Kimlərə həmdəm olduq?! Alış itə, alış qurda Xan çobana, xan çomağa Alış təzə, köhnə yurda Başaşağı otlamağa.

Biz öz qoyun gözümüzü Döyə-döyə Yaradana şükür olsun deyə-deyə Hələ çox iş görməliyik, Yunumuzu, südümüzü… Sözün düzü Biz ki belə yeməliyik – İstəsələr canımızı verməliyik.

Qoyunsansa sual vermə Daha demə Nədən belə havalandıq, dəm olduq, Ağzı qara canavara yem olduq?!

Dözə-dözə Dözülməz çox dərdlərə Dözdük…dözürük hələ.

Toyların qulaq batıran səsinə Xanımların hikkəsinə Dözürük yana-yana. Dözürük ağ yalana, Soyğunlara, talana. Sözdən uzaq əmələ Dözdük…Dözürük hələ.

Boşboğazın çənəsinə Cahilin mənəm-mənəm deməsinə Canavarın quzunu yeməsinə Dözdük, Rüşvətin xırdasına, yekəsinə Dözdük, Xəritənin sol küncdəki ləkəsinə * Üzüldük, Amma dözdük.

Hakimlərə pul verdi vəkillər Polisə işə girdi "killer" Yenə dözdük.

Böhtana, nifrətə, kinə İblisə, şeytana, cinə Daş ürəyə, zəhər dilə Dözdük…və dözürük hələ.

Dözmüşük…və dözməliyik Durmaq olmaz ki yarıda?! Dözməsək… deməli biz dəliyik Dözməsək… bu dünyadan getməliyik. Dözüb başqaları da Bizə – mənə, sənə qədər Yəqin biz də dözəcəyik Yəqin ki… ölənə qədər. Dağlıq Qarabağ və ətrafı nəzərdə tutulur.

"Millət" şeirindən parçalar:

İstedadda bu xalq, vallahi, təkdir Baş işlətmək ona nəyə gərəkdir?! Bir xalq ki bazarda belə zirəkdir Ona nə Hind taydır, nə Çin, a millət!

Madam ki qarşıda xoş gələcəkdir İşimiz onsuz da düzələcəkdir. Elə ki, bu doğru yol ilə getdin Onda kamilliyə yetdin, a millət.

Özgəyə qurbandır o quru canın Dövran dəyişdikcə dəyişdi qanın İranın, Turanın, ya Rusiyanın Quyruğuna düşüb getdin, a millət.

Beşikdən yabançı dillərdən yapış İngilisi, Rusu bilməyə çalış. Doğma dil boş şeydir, ona bənd olma Və xam xəyallarla özünü yorma Vicdan, həya, vüqar… Bunları unut Rüşvət ver, rüşvət al, işini bərk tut!

Millətin işləri başından aşır Gecə-gündüz toyda, ya bazardadır Millətə oynayıb gülmək yaraşır Elmə, fəlsəfəyə vaxtı hardadır?!

Çal-çağır bol olsa, basılarmı ər? Millət fərəhindən göyə yüksələr; Ürəkdə saxlama nə dava, nə kin Get-gedə azalır qonşun dərbədər Nə qalıb? – Uzağı yüz-yüz əlli min, Yəni bizim şadlıq evləri qədər.

Guya mənəviyyat axsayır indi Nə qədər axsasa yenə bəsindi. Mənəviyyat nədir, təmizlik nədir? Təmiz olan bədbəxt gör nə gündədir!

— Elmdə sıramız?… – Bəli, seyrəkdir Bizimki o deyil, sevən ürəkdir- On səkkiz min şair nəyə gərəkdir Sən məni də şair etdin, a millət?!

Günahımız çoxdur, aləmə sığmaz Heç biri sirr deyil, deyəcəm az-az. Yox! Dilim od tutar, gəlsin telli saz Aşıq meydan açsın, mən deyim, sən yaz.

Gah sağa, gah sola, gah dala getdin Nə dövlətə, nə də kamala yetdin. İşlər belə getsə…yox! Belə getməz - Belə getsə millət kamına yetməz. Hamısını desəm ömür bəs etməz Və sair və sair etdin, a millət.

"Ax, Avropa" şeiri də maraqlıdır.

Zarafatyana şeirlər "Zarafatyana" adı altında əsasən şux, zarafatla məcazın bir-birinə qovuşduğu şeirlər toplanmışdır: "Demişəm", "Tərif", "Könül savaşı", "Ay su dərdi çəkən yar", "Sulu qar", "Mənmi, yoxsa sənmi?", "Təzə dəb", "Dostları topa tutma".

Könül savaşı Sən könül savaşına Çəkmə məni, ay gözəl – Görmürsünmi yanıram?! Kül oldum, insafa gəl. Mən ki sənin başına Dönürəm, dolanıram Canımı almaqla sən Xeyirmi görəcəksən?

Demirəm şuxluq etmə Yerində et, çox etmə!

Mən başına dönəndə Sən də döndər başını Lal olubsan – dilə gəl Dəryasan – sahilə gəl.

Tök ətəyindən daşı İncitmə vətəndaşı Gəmisən? – Limana gəl Kafirsən? – İmana gəl Axır düz yola düzəl.

Gəl imkan ver, ay gözəl Ay bal dodaq, gül yanaq Bu könül savaşını İkimiz də qazanaq!

Ay su dərdi çəkən yar Gözündən sevgi yağsın Ay qaş-qabaq tökən yar. Bulaqlar şır-şır axsın Ay su dərdi çəkən yar.

"Su yoxdur, çay da yoxdur" Deyib işvə satan yar, Çay yoxdur – farağat dur, Dalda qaş-göz atan yar.

Saçlarının ucunu Əllərində əzən yar Boynuna al suçunu Ay məndə suç gəzən yar.

Qonağa nə deyərlər? — Göz üstündə yerin var. Nə döyər, nə söyərlər Mahnı deyər samavar.

Boynunu yana əyib Nəlbəkini düz, gözəl Pürrəngi çay dəmləyib İstəkana süz, gözəl.

Pürrəngi çay dəmləyib İstəkana süzəndə Mən sözümü cəmləyib Çatdım son iki bəndə:

Can alan, naz satanlar O tay, bu tayda çoxdur Sevgidə nə desən var Sevgidə qayda yoxdur.

Şeirlərdən parçalar: Deyinibsən gödək donu Hara gedir işin sonu? Bir quru canım var, onu Al, sənə qurban demişəm. ("Demişəm")

Səni çox tərif etsələr Səndən heç yoxdur desələr Sənə xoş gəlsə də belə Çox aldanma şirin dilə İnsan bəzən yalan deyir Bilə-bilə. ("Tərif")

Ürəyimdə odlu sevgi bəslədim Sevgilimə açdım onu mən fağır. Onda da bir xoş üz görmək istədim Gördüm…üz-gözündən zəhrimar yağır.

Təbiət insanla ittifaq qurmur Günəş istəyirsən, sulu qar yağır. Yar üçün özünü lap oda da vur Yenə də başına tufanlar yağır. ("Sulu qar")

Aşiq məşuqə yetməsə Ortada ah-zar olacaq. İki qəlb yola getməsə De, kim günahkar olacaq Mənmi, yoxsa sənmi, gülüm? ("Mənmi, yoxsa sənmi?")

Ziyarət Poema lirik qəhrəmanın – kənddə anadan olmuş, orta məktəbdə oxumuş, sonra Bakıya və daha sonra xarici ölkələrə üz tutmuş, artıq yaşa dolmuş insanın doğulduğu kəndə gəlməsi, kəndi ziyarət etməsi, öz uşaqlığı, keçmiş günlər, böyüklərinin həyatı və onların xatirələri, qəhrəmanın keçmiş və bu gün haqqında poetik düşüncələrindən "hörülür".

"Ziyarət" poeması nəşr olunduğu gündən filosof və jurnalistlərin, ədəbiyyatçünasların və ümumiyyətlə, oxucuların diqqətini cəlb etdi. Poema haqqında mətbuatda bir sıra məqalələr yazıldı.

"Ziyarət" poeması qurulmuş süjet ətrafında lirik kənaraçıxmalarla zəngindir. Poema oxucunu yönəldən kiçik fəsillərə ayrılmışdır.

Şükür gəldik kəndimizə Böyüklərim yada düşdü Qismətdənmiş bu görüşmək Dilimiz gödək olmasın O gözəllik qocalmışdı Yaşadığım mənə yetər Könül səsi Suvararkən bağ-bostanı Qışla yazın arasında Nəşə var kənd ocağında Uşaq ikən yaşa doldum Yadımdadır bugünkü tək Çaylar axmazmış tərsinə Bir diri ceyran balası Evin divarı uçanda Yol uzundu Gözüm toxdu Dərdini göyə açardı Neyləyək, qismət bu imiş Nəğmələrin qanadında Damarlarda eşq axardı Saf, dum-duru el nəfəsi

Musiqi Cavanşir Quliyev "Ziyarət" poemasına müxtəlif leytmotivlər əsasında bütövlükdə simfonik musiqi yazmış, həmçinin 11 mahnı bəstələmişdir. Bu mahnılar müğənni Fədayə Laçının ifasında yazıya alınmış və ifa olunmaqdadır.

Mənbə