Qəhrəman Məmmədov və ya Qəhrəman Məhəmmədzadə () — azərbaycanlı mühəndis, Cümhuriyyət tələbəsi, repressiya qurbanı.
Bakı Texniki Məktəbində orta təhsil alıb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Berlin Politexnik İnstitutunda və Darmştadt Politexnik İnstitutunda ali təhsil alıb. 1920–1923-cü illərdə Almaniyada Sovet Azərbaycanı Tələbələri Birliyinin, 1923–1924-cü illərdə Sovet Zaqafqaziyası Tələbələri Birliyinin sədri, 1924–1928-ci illərdə SSRİ Tələbələri Birliyinin İcraiyyə Komitəsinin üzvü olub.
Bakıya qayıtdıqdan sonra 1928–1933-cü illərdə Azərbaycan Yol-Nəqliyyat İdarəsi rəisinin müavini, 1933–1937-ci illərdə isə Azərbaycan Dövlət Layihə İdarəsinin direktoru olub. 1936-cı ildə yaradılmış Azərbaycan Memarlar İttifaqının ilk sədri olub.
Azərbaycanda Stalin repressiyaları dövründə həbs olunub. Antisovet millətçi təşkilatda iştirakına görə 5 illiyə islah-əmək düşərgəsinə məhkum olunub. 1949-cu il martın 4-də Türkmənistan SSR-in Çarcou şəhərində vəfat edib. 1956-cı ildə ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğu müəyyən edilib və o bəraət alıb.
Həyatı
İlk illəri Qəhrəman İsrafil oğlu Məmmədov 1897-ci ildə Bakıda anadan olub. 1906–1908-ci illərdə rus-türk məktəbində, 1908–1914-cü illərdə Bakı şəhər məktəbində, 1914–1918-ci illərdə Bakı Texniki Məktəbində təhsil alıb. Bakı Texniki Məktəbini bitirdiyi üçün memarlıq-tikinti ixtisası üzrə texnik rütbəsi alıb. 200px|thumb|left|Qəhrəman Məmmədov, Mir İsmayıl Seyidzadə və Ələkbər Əliyev. Almaniya 1920-ci illər. 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunub. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.1919-cu il noyabrın 15-də Qəhrəman Məmmədov maarif nazirinə yazdığı məktubda Berlində memarlıq ixtisası üzrə dövlət hesabına ali təhsil almaq istədiyini bildirib. 1919-cu il dekabrın 31-də təhsilini bitirdikdən sonra Azərbaycan Cümhuriyyəti hökumətinin göstərdiyi yerdə 4 il işləyəcəyi haqqında və oxuyacağı dövlətin ərazisində heç bir siyasi və partiya işinə qoşulmayacağı haqqında dilkağızları verib. 1920-ci il yanvarın 13-də Qəhrəman Məmmədova Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 519 saylı vəsiqə verilib.
Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Qəhrəman Məmmədov Berlinə gəlib və 1920–1924-cü illərdə Berlin Politexnik İnstitutunda, 1924–1928-ci illərdə Darmştadt Politexnik İnstitutunda inşaat ixtisası üzrə ali təhsil alıb. 1920–1923-cü illərdə Almaniyada Sovet Azərbaycanı Tələbələri Birliyinin, 1923–1924-cü illərdə Sovet Zaqafqaziyası Tələbələri Birliyinin sədri, 1924–1928-ci illərdə SSRİ Tələbələri Birliyinin İcraiyyə Komitəsinin üzvü olub. 1922-ci ildən ÜK(b)P-yə üzv olub.
SSRİ-də 250px|thumb|right|Qəhrəman Məmmədov həbsdə ikən 1938-ci il. 1928-ci ildə SSRİ-yə qayıdıb. 1928-ci il dekabrın 10-dan 1933-cü il martın 11-ə qədər Bakıda Azərbaycan Yol-Nəqliyyat İdarəsi rəisinin müavini, 1933-cü ilin martından 1937-ci ilədək isə Azərbaycan Dövlət Layihə İdarəsinin direktoru olub. 1934-cü ilin martında Azərbaycan memarlarının Birinci qurultayını keçirmək üçün Təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Qəhrəman Məmmədov seçilib. 1936-cı ildə yaradılmış Azərbaycan Memarlar İttifaqının ilk sədri olub.
Azərbaycanda Stalin repressiyaları dövründə 1937-ci ildə ÜK(b)P-dən çıxarılıb. 1938-ci il avqustun 11-də isə həbs olunub. Onu əks-inqilabi millətçi üsyançı təşkilata üzv olmaqda ittiham ediblər. O isə bu ittihamları rədd edib. SSRİ XDİK Özəl Müşavirəsinin 1939-cu il 21 iyun qərarı ilə Qəhrəman Məmmədov antisovet millətçi təşkilatda iştirakına görə müddəti 1938-ci il avqustun 11-dən sayılmaqla 5 illiyə islah-əmək düşərgəsinə məhkum edilib. 1943-cü il avqustun 14-ə qədər cəzasını çəkib. Daha sonra isə düşərgədə sərbəst muzdlu işə saxlanılıb. Komi MSSR-in Vojael qəsəbəsinə yaşamaq üçün göndərilib. 1949-cu il martın 4-də Türkmənistan SSR-in Çarcou şəhərindəstenokardiyadan vəfat edib.
1956-cı il dekabrın 4-də ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğu müəyyən edilib və Qəhrəman Məmmədov bəraət alıb.
Ailəsi Qəhrəman Məmmədov Bakı sakinləri, İsrafil Kərbəlayı Məlikrza oğlu və Leyla Kərbəlayı Həsənrza qızının ailəsində anadan olub. Bu evlilikdən Əliabbas, Qəhrəman, İsgəndər, Hüseyn və Teyyub adlı oğulları olub.
Qəhrəman Məmmədov Mədinə xanım Müftizadə ilə ailə qurub. Bu evlilikdən Tamilla adlı qızı olub.
Həmçinin bax Cümhuriyyət tələbələri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri