Vaqif Əlibala oğlu Axundov () — Azərbaycan hərbi xadimi, general-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (1993–2020).

Həyatı Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olmuşdur. 1968–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində, 1999–2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.

Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972–1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.

1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975–1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978–1991-ci illərdə DİN-də şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir.

1992–1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

6 may 2002-ci ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi olmuşdur.

Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif edilmişdir.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətənə xidmətə görə 1-ci dərəcəli ordenlə təltif edilmişdir.

Ailəlidir, 1 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan Atıcılıq Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycan general-polkovnikləri Kateqoriya:Azərbaycan generalları