thumb|200px|right

Tənəffüs sayəsində bədənin bütün toxuma və orqanları fasiləsiz sürətdə oksigenlə təmin olunur və maddələr mübadiləsi prosesində yaranan karbon qazı orqanizmdən uzaqlaşdırılır.

Tənəffüs orqanları müdafiə funksiyası daşıyır. Havadaşıyıcı yolların üzəri tərkibinə külli miqdarda xüsusi hüceyrələr və vəzlər daxil olan selikli qişa ilə örtülmüşdür. Onların ayırdığı selik tənəffüs yollarının səthini nəmləndirir. Bu selik maddəsi bakteriosid təbiətli olub, tərkibinə lizosomlar daxildir. Lizosomlar bakteriyaların çoxalmasını zəiflədir və ya onlara öldürücü təsir göstərir.

Havadaşıyıcı yolların boşluğu çoxlu sayda qan kapilyarları ilə əhatə olunduğuna görə tənəffüs edilən soyuq havanın burada isinməsi təmin olunur. Ona görə də ağciyərlərə bakteriyalardan və yad hissəciklərdən azad olunmuş və isinmiş təmiz hava daxil olur.

Tənəffüs prosesinin gedişi bir neçə mərhələyə ayrılır: xarici mühitlə tənəffüs orqanları arasında gedən qazlar mübadiləsinə; ağciyər tənəffüsü və ya ağciyər kapilyarlarındakı qanla alveolların havası arasındakı mübadiləyə; qazların qanla daşınmasına; toxumalarda gedən qazlar mübadiləsinə toxuma və onlara gətirilən arterial qan arasında gedən mübadiləyə; hüceyrə tənəffüsünə hüceyrənin oksigenə olan tələbatının ödənilməsinə və karbon qazının çıxarılmasına. Xarici mühit və tənəffüs orqanları arasında gedən qazlar mübadiləsi xarici tənəffüs adlanır. Xarici tənəffüslə yanaşı, toxuma və qan arasında gedən qazlar mübadiləsi daxili tənəffüs adlanır.

Tənəffüs orqanlarının quruluşu. Tənəffüs orqanları sisteminə burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu, bronxlar və ağciyərlər aiddir. Tənəffüs yolu burun boşluğu ilə başlanır. Burun boşluğu sümük və qığırdaq toxumasının əmələ gətirdiyi bütöv arakəsmə ilə sağ və sol hissələrə ayrılır. Hava burun boşluğundan burun-udlağa, sonra qırtlağa, oradan traxeyaya keçir. Burun boşluğunun divarı, tərkibində kirpikli epiteli hüceyrələri olan selikli qişa ilə örtülmüşdür. Selikli qişa burada fasiləsiz xovlu səth əmələ gətirir.

Qan damarları burun boşluğunun divarında sıx tor əmələ gətirir. Buradan keçən soyuq hava isti arteriya qanının təsirilə bədən temperaturu səviyyəsinədək isindirilir. Burun boşluğunun yuxarı səthində çoxlu miqdarda faqositlər və leykositlər, həmçinin də antitellər olur.

Burun boşluğunun arxa hissəsində qoxulu maddələrin təsirinə həssas olan iybilmə hüceyrələri yerləşir. Kəskin qoxulu maddələrin təsirindən tənəffüs reflektor sürətdə ləngiyir.

Beləliklə, yuxarı tənəffüs yolları havanı qızdırmaq, nəmləndirmək və təmizləməklə mühüm funksiya icra edir və bununla da orqanizmi havanın tərkibinə daxil ola bilən zərərli təsirlərdən qoruyur.

Hava burun boşluğundan burun udlağa, oradan ağız boşluğu ilə əlaqəli olan qırtlağa keçir. Ona görə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs edir. Burunla tənəffüs etməyin ağızla nəfəsalmaya nisbətən bir sıra üstünlükləri var. Burunla nəfəs alarkən soyuq hava burun boşluğunda isinir və zərərli hissəciklərdən təmizlənir.

Qırtlağın ensiz hissəsində iki cüt səs bağı yerləşir. Onlardan yalnız aşağıda yerləşən bir cüt bağ səsin yaranmasında iştirak edir. Bağlar bir-birinə yaxınlaşarkən və dartılarkən, onların arasında yerləşən səs yarığının forması və ölçüləri dəyişir. Səs telləri arasındakı sahəyə səs yarığı deyilir. İnsan sakit nəfəs alarkən, bağlar boşalmış vəziyyətdə olur. Dərindən nəfəs alarkən bağlar bir-birindən xeyli aralanır, danışarkən və mahnı oxuyarkən bağlar bir-birinə yaxınlaşır, səs yarığı daralır. Bu zaman bağların kənarlarında titrəyişli hərəkətlər yaranır. Onlar səsin yüksəkliyini təmin edən səs dalğalarının mənbəyi kimi fəaliyyət göstərir. Nəfəs verərkən buraxdığımız hava səs tellərini basır və onların titrəyişləri səsin yaranmasına səbəb olur. İnsan səsinin yüksəkliyi səs tellərinin uzunluğundan asılıdır. Səs telləri qısa olduqca, rəqs tezliyi bir o qədər yüksək və səs də o qədər uca olur. Kişilərdə səs telləri uzun və qalındır, ona görə də onlarda səs tezliyi aşağıdır və kişilərin səsi yüksək və ya zil olmur. Uşaqlarda və qadınlarda səs telləri qısa və nazik olduğu üçün onların səsləri də uca və ya zil olmasına görə kişilərin səsindən fərqlənir. Qırtlaqda yaranan səs rezonatorların iştirakı sayəsində güclənir və yeni çalar alır. Səsin aydın nitqə çevrilməsi dilin, dodaqların, çənənin vəziyyətindən və səs cərəyanının paylanmasından asılı olaraq ağız və burun boşluğunda gedir. Aydın ifadəli nitq zamanı sadalanan orqanların normal işləməsi artikulyasiya adlanır.

Uşaqlar ana dilini öyrənərkən, onlarda 5 yaşınadək artikuliyasiyanın formalaşması daha asan olur. Kiçik uşaqlarla ünsiyyətdə olarkən, onların dediyi səhv sözləri təkrar etmək yox, əksinə, onları düzgün ifadə etməklə uşaqların nitqində yarana bilən qüsurların qarşısını almaq olur.

Nəfəs borusu və bronxlar Tənəffüs etdiyimiz hava qırtlaqdan nəfəs borusuna keçir. Nəfəs borusunun ön divarı öz aralarında bağlar və əzələlərlə birləşmiş aypara şəklində olan qığırdaq toxumasından qurulmuşdur. Nəfəs borusunun arxa divarı yumşaq olub, qida borusuna söykənir və qidanın keçməsinə mane olmur.

Traxeyanın daxili divarı titrəyişli epiteli hüceyrələri ilə örtülmüşdür. Epiteli hüceyrələrinin titrəyişli hərəkətləri toz hissəciklərini ağciyərlərdən udlağa qaytarır. Bu ağciyərlərin özünütəmizləməsi prosesi adlanır.

Tənəffüs yollarının infeksion və xroniki xəstəlikləri Burunətrafı boşluqlar, kəllənin bəzi sümüklərində xüsuisi hava boşluqları olur. Məsələn, alın sümüyündə frontal boşluq, yuxarı çənə sümüyündə haymor boşluğu var. Qrip, angina, kəskin respirator xəstəlikləri qulaqyanı boşluğun selikli qişasının iltihabını törədə bilər. Bu xəstəliyə ən çox haymor boşluğunda təsadüf olunur. Onların xəstəliyi haymorit adlanır. Bəzən alın boşluğunun frontit adlanan xəstəliyinə də təsadüf olunur. Frontit və haymorit zamanı burunla tənəffüs çətinləşir, burun boşluğundan çoxlu miqdarda selik ayrılır, bəzən də ayrılan seliyin tərkibində ölmüş leykositlərin hissələri olur.

Hava burun boşluğundan burun-udlağa, sonra udlağa və qırtlağa keçir. Yumşaq damağın ətrafında, qida borusunun və qırtlağın girişində badamcıqlar yerləşir. Limfa düyünlərində olduğu kimi badamcıqlar limfoid toxumadan qurulmuşlar. Badamcıqlarda çoxlu miqdarda limfositlər və faqositlər vardır. Onlar mikrobların inkişafını ləngidir və onları məhv edir. Belə halda onların özləri də müəyyən dəyişilməyə uğrayır, şişkinləşir və ağrılı olurlar. Bu zaman tonzillit adlanan xroniki xəstəlik yaranır.

Adenoid burun boşluğundan udlağa keçən yerdə limfoid toxumanın şişkinləşərək böyüməsi və ya artması deməkdir. Bəzən adenoid o qədər böyüyür ki, burunla nəfəs almağı çətinləşdirir. Tonzillit və adenoidin şiddətlənməsinin və artmasının qarşısını almaq üçün operativ və ya konservativ, yəni əməliyyatsız yolla onları vaxtında müalicə etdirmək zəruridir.

Difteriya hava-damcı yolu ilə yayılan xəstəliklərə aiddir. Bu xəstəliyə əsasən uşaqlar, bəzən böyüklər də məruz qalır. Difteriya xəstəliyi adi angina kimi başlanır. Bədən temperaturu yüksəlir, badamcıqlarda boz-ağ rəngli təbəqə yaranır. Limfa vəzlərinin iltihabı nəticəsində boyun nahiyəsi şişir. Difteriya xəstəliyinin törədiciləri – difteriya çöpcükləridir. Bu xəstəliyi törədən amillərin həyat fəaliyyəti zamanı yaranan difteriya toksinləri kəskin zəhərli maddələr olub, ürəyin nəqledici sistemini və ürək əzələsini zədələyir. Bununla da insan ürəyi üçün ağır və qorxulu xəstəlik olan miokard çatışmazlığı başlanır. İnsanın səhhətini qorumaq məqsədilə difteriyaya qarşı profilaktik peyvənd aparmaq lazımdır. Belə halda orqanizmdə yaradılan süni immunitet bir neçə il özünün müsbət effektini saxlayır.

Ağciyərlər döş boşluğunda sərbəst vəziyyətdə yerləşir. Konusabənzər formadadır. Ağciyərlərin genişlənmiş hissəsi diafraqmaya söykənir. Əsas bronxlar, ağciyər arteriyaları və venaları ağciyərlərə ürəklə həmsərhəd olan içəri tərəfdən daxil olur. Onların daxil olduğu yer "ağciyərlərin qapısı" adlanır. Ağciyərlər süngəri quruluşda olub, alveollardan, bronxlardan və qan damarlarından qurulmuşdur. Xaricdən ağciyərlər sıx birləşdirici toxumadan yaranmış plevra vərəqələri ilə əhatə olunmuşdur.

Ağciyərlər döş boşluğu orqanıdır. Onlar ürəyin, qan damarlarının, havaaparıcı yolların və yemək borusunun tutduğu yerdən başqa bütün döş boşluğu sahəsini əhatə edir. Ağciyərlərə daxil olandan sonra bronxlar burada daha kiçik diametrli şaxələrə ayrılırlar. Kiçik şaxələrin sonluğu içərisi hava ilə dolu olan nazik divarlı ağciyər qovucuqları və ya alveollarla tamamlanır.

Qovucuqların divarı bir qat epiteli hüceyrələrindən qurulmuş və onlar xaricdən sıx tor kimi kapilyarlarla bürünmüşdür. Deməli, ağciyər toxuması bronx şaxələrindən və ağciyər qovuqcuqlarından qurulmuşdur. Buradakı epiteli hüceyrələrinin buraxdığı bioloji fəal maddələr alveolların divarını içəri tərəfdən nazik pərdə şəklində örtür. Ağciyərlərin hər payında 300–350 milyon alveol vardır. Ağciyər alveollarının ümumi səthi 100 kv metrdən çoxdur. Bu isə insan bədəninin səthindən təxminən 50 dəfə artıqdır.

Nəfəsalma və nəfəsvermə hərəkətinin mexanizmi Nəfəsalma və nəfəsvermə hərəkətləri ritmik surətdə bir-birini əvəz edir və bunun sayəsində nəfəsalma zamanı hava ağciyərlərə daxil olur və nəfəsvermə zamanı isə hava ağciyərlərdən xaric edilir. Nəfəsalma və nəfəs-vermə nəticəsində ağciyərlərin ventilyasiyası baş verir.

İnsan sakitlik vəziyyətində bir dəqiqədə 16 – 20 dəfə tənəffüs hərəkətləri edir. Bu zaman nəfəsalmanın yaranması qabırğaarası əzələlərin və diafraqmanın yığılması sayəsində mümkün olur. Diafraqma qarın və döş boşluqlarını ayıran eninəzolaqlı əzələdir. Diafraqma yığılarkən qarın boşluğu orqanlarını aşağıya doğru sıxır, qabırğaarası əzələlər yığıldığı üçün qabırğaları bir qədər yuxarıya qaldırır və bu zaman döş qəfəsinin, təbii ki, plevra boşluğunun da həcmi genişlənir. Həcmi genişləndiyinə görə plevra boşluğunda təzyiq yenə də aşağı düşür. Bu isə ağciyərlərdə, bronxlarda və alveollarda təzyiqin xeyli aşağı düşməsinə səbəb olur. Plevra boşluğunda təzyiqin atmosfer təzyiqi ilə müqayisədə xeyli aşağı olması, havadaşıyıcı yollardan havanın ağciyərlərə sorulması ilə nəticələnir.

Diafraqma əzələsi yastılaşır və qabırğalar öz ağırlığı hesabına aşağı enir. Döş qəfəsinin ölçüləri özünün adi həcminədək azalır. Bu zaman ağciyər qovuqcuqlarının və bronxların elastiki divarı yığıldığına görə, onların həcmi azalır. Deməli, nəfəsvermə zamanı döş boşluğunun ölçüləri azalır, ağciyər alveollarında təzyiq atmosfer təzyiqindən yüksək olur. Nəticədə, havanın bir hissəsi ağciyərlərdən xaricə qovulur. Güclü nəfəsvermə qarın divarı əzələlərinin yığılması ilə müşayiət olunur. Bu isə dərindən nəfəsalma zamanı ağciyərlərə daxil olmuş havanın ağciyərlərdən xaricə çıxarılmasına imkan verir.

Ağciyərlərin həyat tutumu Dərindən nəfəs alandan sonra dərindən nəfəs verməklə xaric edilən havanın həcmi ağciyərlərin həyat tutumu adlanır. Ağciyərlərin həyat tutumu spirometr adlanan cihazla ölçülür. Ağciyərlərin həyat tutumunun kəmiyyəti bir neçə göstəriciyə əsasən müəyyənləşdirilir – tənəffüs havasına, əlavə havaya və ehtiyat havaya görə; tənəffüs havasının həcmi 500 ml (millilitrə), əlavə havanın həcmi 1500 ml və ehtiyat havanın həcmi 1500 ml-ə bərabərdir.

İnsan sakit nəfəs alandan sonra dərindən nəfəs almaqla 1500 – 2000 ml hava qəbul edə bilər. Bu kəmiyyət əlavə hava adlanır. İnsan sakit nəfəs verəndən sonra dərindən nəfəs verməklə tənəffüs yollarından 1500–2000 ml hava xaric edə bilər ki, bu da ehtiyat hava adlanır. Deməli, ağciyərlərin həyat tutumu tənəffüs, əlavə və ehtiyat havalarının həcminə bərabərdir. Orta yaşlı adamlarda ağciyərlərin həyat tutumu 3500 – 4000 ml-ə bərabər olur. Qadınlara nisbətən ağciyərlərin həyat tutumu kişilərdə yüksəkdir.

Ağciyərlərin ventilyasiyası