Məzmun Filmdə qırmızı terrordan tutmuş, bu günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır.

Əsərin baş qəhrəmanı — alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda — 30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbi ilə keçirdikləri sarsıntılar əks olunmuşdur.

Filmin baş qəhrəmanı çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin sözün hərfi və məcazi mənasında ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ölümünə bais olur.

Əsərdə hər mühitə uyğunlaşan, karyerası naminə hər cür satqınlığı, namərdliyi, dönüklüyü özünə rəva bilən, sovet dövründə türkçülüyü ifşa edən, bu gün isə "alovlu türkçü"yə, "millətçi"yə çevrilən Çopur Cabbar(Muxtar Maniyev) kimi tam mənfi, həyatda həmişə yaxşı yaşamağın üsulunu tapmış Sədiyar(Rasim Balayev) kimi nə mənfi, nə də müsbət personajlar da var.

Faciəvi sonluğuna baxmayaraq "Otel Otağı" həqiqi, mənəvi dəyərləri, qardaş Türkiyə xalqı ilə mehriban münasibətləri, ziyalı ləyaqətini tərənnüm edən bir filmdir.

Film haqqında

Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film bəstəkar Emin Sabitoğlunun kinoda son işidir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Rasim Ocaqov Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Rafiz İsmayılov, Rafiq Nəsirov Bəstəkar : Emin Sabitoğlu Səs operatoru : Akif Nuriyev Rejissor : Ramiz Əliyev Qrim rəssamı : Elbrus Vahidov Geyim rəssamı : Mehriban Əfəndiyeva(Mehriban Sadıqbəyli kimi) Operator : Tərlan Babayev (T. Babayev kimi) Montaj edən : Gülşən Səlimova Rejissor assistenti : Nazim Cəbrayılov, A. Quliyev Çəkiliş texnikası üzrə mexanik : N. Ağayev İnzibatçı : Yusif Əlizadə, Məhəmməd Ağabəyov Çalır : Səyavuş Kəriminin rəhbərliyi ilə instrumental ansambl Redaktor : S. Ocaqova Filmin direktoru : Nadir Əliyev Musiqisindən istifadə edilən bəstəkar : Tomazo Albinoni

Rollarda Fəxrəddin Manafov-Kərim Rasim Balayev-Sədiyar Muxtar Maniyev-Çopur Cabbar Akif Məhərrəmov-Əsgər A. Heydərova-Tamilla Ayan Mirqasımova-Rəna Zemfira Nərimanova-Behicə xanım Vaqif İbrahimoğlu-Doğan bəy Kamal Xudaverdiyev-Erol bəy Mehriban Zəki-Lətifə Nataliya Aşumova-Nadejda Həmidə Ömərova-Rəfiqə Tofiq İsmayılov-Sərnişin Arif Qasımov-Balaca kişi Elxan Qasımov-Rauf Ramiz Əzizbəyli-Müğənni Elvin Abdullayev-Kərimin uşaqlığı R. Hacıyev-Portye Rafiq Əzimov-Türk alim Rafiq Əliyev (II)-Əcnəbi alim Möhsün Hüseynxanlı(Möhsün Hüseynov kimi)-Arif Cəmil Quliyev-Türk Fərman Abdullayev-Türk ofisiant N. İbrahimov N. Rüstəmov Əliqulu Səmədov-Elçi gələn qonaq Fərəc Fərəcov(Fərəc Fərəcullayev kimi)-Elçi gələn qonaq Aqil M. Quliyev-Tamillanın qohumu

Filmi səsləndirənlər Hacı İsmayılov-Sərnişin (Tofiq İsmayılov) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Əsgər (Akif Məhərrəmov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Tamilla (A. Heydərova) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli-Portye (R. Hacıyev) (titrlərdə yoxdur)

Sponsor "Azərkinovideo" İstehsalat Birliyi

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362; 366-367. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri