Azərbaycan ədəbiyyatı — Azərbaycan dilində yazılan ədəbiyyata və ya Azərbaycan yazıçıların, şairlərinin və ya azərbaycanlı mühacirlərin yazdığı ədəbiyyata aiddir.
Erkən orta əsrlər Qafqaz Albaniyası dilində yerli yazı və ədəbiyyatın yaranması ermənilərdə və gürcülərdə olduğu kimi, ölkənin xristianlaşması ilə bağlı idi. Dini ədəbiyyatın alban dilinə ilk tərcümələri siryani dilindən olmuşdur. Albanların öz doğma dillərində yazı və ədəbiyyatın olması obyektiv tarixi zərurətdən irəli gəlirdi. Sosial-iqtisadi və siyasi şərait Albaniyanın öz ədəbiyyatının yaranması üçün zəmin hazırlamışdı. V əsrin başlanğıcında arami qrafikası əsasında alban yazısı — əlifbası təkmilləşdirildi. Antik müəlliflərə görə, albanlar hələ e.ə. I əsrdə öz yazılarından istifadə edirdilər. V yüzilin əvvəllərində təkmilləşdirilmiş 52 fonemli alban əlifbası fısıltılı və boğaz səsləri ilə zəngin idi.
Məhz bu dövrdə alban hökmdarı Yesuagenin, alban patriarxı İyereminin yardımı ilə "Tövrat" və "İncil"in, "Liturgiya" (xristianların əsas ibadət ayini) və başqa dini kitabların tərcüməsi üzrə uğurlu işlər görüldü. V–VII əsrlər alban yazısının çiçəklənmə dövrü hesab olunur. Erkən alban ədəbiyyatı əlverişli tarixi-mədəni şəraitdə təşəkkül tapdı. Ədəbiyyatın inkişafı nəticəsində maraq dairəsi genişlənmiş, bu isə öz əksini müxtəlif janrlarda tapmışdı: agioqrafik əsərlər, tarixi xronikalar, hüquqi sənədlər — kilsə qanunları və dünyəvi qanunlar yaranmağa başladı. V–VI əsrlərdə siyasi səbəblər üzündən ədəbiyyatda ellinpərəst istiqamət nəzərə çarpır. Dövrün alban ədəbi ənənələrinə bizə yetişmiş aşağıdakı tarixi narrativ mənbələr aiddir: Moisey Kalankatlının "Alban ölkəsinin tarixi", VII əsr şairi Dəvdəkin elegiyası, alban hüquqi mənbələri olan kilsə qanunları (V əsr Aquen kilsə məclisinin qanunları və Simeonun qanunu adı ilə tanınmış 705-ci il Partav məclisinin qanunu).
VII–XII əsrlərdə təşəkkül tapan alban ədəbiyyatı mədəni-ideoloji mübarizədə islamlaşma və qriqoriyanlaşmaya və nəhayət, erməniləşməyə qarşı kəskin zəifləyib. Lakin bununla belə IX–XII əsrlərə aid alban xaçkarlarında (xaçdaşlarında) yerli alban mədəniyyətinin ənənəvi komponentləri — dünyəvi süjetlər hələ də əks olunur, kiçik təqvim hələ də işlədilirdi.
Ərəb işğalı nəticəsində Xilafət tərkibinə qatılmış bütün ölkələrdə olduğu kimi, VIII yüzilin əvvəllərindən Azərbaycanda da rəsmi dövlət dilinin ərəb dili olması, bu dilin tabe edilmiş xalqların ünsiyyət vasitəsinə çevrilməsi, onun çox keçmədən ədəbi-elmi yaradıcılıqda da hakim dil olmasına gətirib çıxartdı.
Epos epoxası: ortaq türk abidələri
Yazılı ədəbiyyata giriş (IX əsr) Ədəbiyyatda "şuubilik" — "xalqçılıq" meyilləri özünü islamaqədərki yerli mədəni ənənələri ərəb mədəniyyəti dairəsinə daxil etmək yolu ilə qoruyub saxlamaq cəhdində göstərirdi. Beləliklə, Azərbaycan qarışıq bütün müsəlman dünyasında baş qaldırmış və VIII yüzilin ikinci yarısında xüsusilə genişlənmiş bu siyasi-dini mübarizə ərəbmüsəlman ədəbiyyatının yeni dövrü ilə sıx bağlı idi. Azərbaycanın ən erkən ərəbdilli şair və ədiblərinin yaradıcılığı VII–VIII əsrlərin hüduduna aiddir. İki mədəniyyətlərin — öz milli Azərbaycan və ərəb mədəniyyətinin təmsilçisi olan bu şairlərdən İsmayıl ibn Yəsar, eləcə də onun oğlu İbrahim və qardaşı Məhəmməd haqqında IX–X əsrlərdə yaşamış və yaratmış ərəb filoloqları İbn Quteybənin, Əbu-l-Abbas əl-Mübərrədin, Məhəmməd əl-Mərzubaninin və ən çox Əbu-l-Fərəc əl-İsfahaninin və başqalarının əsərlərində məlumat verilir. Müasir tədqiqatçıların bəzən "iranlı" hesab etdikləri bu şairlərin mənşəcə Azərbaycandan olmaları etibarlı mənbə kimi qiymətləndirilən İbn Quteybənin məlumatı ilə təsdiq edilir.
X–XII əsrlər ərəb-müsəlman mədəniyyətinin, o cümlədən onun mühüm tərkib hissəsi olan ədəbiyyatın tarixində ən məhsuldar dövrlərdən biri kimi qiymətləndirilir. Bu mədəniyyətin yaradıcılarından olan Azərbaycan ziyalıları bir çox sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də böyük nailiyyətlər qazanmış, ərəb və fars dillərində yazdıqları elmi-bədii əsərlərlə dövrün ümummüsəlman mədəniyyətini ən yüksək səviyyəyə qaldıra bilmişdilər.
Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı (X–XI əsrlər)
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XII əsr) XII yüzil Azərbaycanda farsdilli poeziyanın təntənəsi zamanı hesab edilsə də, ərəbdilli ədəbiyyat hələ də öz mövqelərini qorumuş və hətta mahir qələm ustalarının simasında özünə qızğın tərəfdarlar tapa bilmişdi. Əsasən farsca yazan görkəmli Azərbaycan şairləri Xaqani Şirvani və Mücirəddin Beyləqani öz yaradıcılıqlarında ərəb dilindən də istifadə edirdilər. XII əsrdə Azərbaycan xalqı ərəbdilli ədəbiyyata Şihabəddin Yəhya Sührəvərdi kimi görkəmli şəxsiyyətləri bəxş etmişdir.
Azərbaycanın görkəmli mütəfəkkirlərindən biri olan Şihabəddin Yəhya Sührəvərdi fəlsəfi traktatlardan başqa poetik divan da yaratmışdı. Onun şeir yaradıcılığı ərəbdilli Azərbaycan poeziyası ilə sıx şəkildə bağlı idi. Lirizm, həsrət və çıxılmazlıq əhvali-ruhiyyəsi, lakoniklik Sührəvərdi poeziyasının başlıca xüsusiyyətlərindəndir.
XII yüzilin məşhur şairi və ədəbiyyat tənqidçisi Nizami Əruzinin fikrincə, şah və soltanlar, hakimiyyətlərini möhkəmlətmək və nüfuzlarını xalqlar arasında artırmaq üçün öz saraylarında istedadlı şairlər saxlamalı, onları istədikləri kimi tərbiyələndirməli, həmin şairlərin dili və qələmi vasitəsilə öz istək və arzularını təbliğ edirdilər. Saray ədəbiyyatının geniş intişar tapdığı bu dövrdə Qətran Təbrizi də əvvəlcə Gəncədə, Şəddadilər sarayında, sonra isə Naxçıvanda, naxçıvanşah Əbu Duləfin sarayında yaşamışdır. Elə buna görə də onun yaradıcılığının bu dövründə hökmdarları mədh edən qəsidələr daha başlıca yer tuturdu. Qətran böyük mədhiyyələr toplusundan başqa zəmanəmizədək yetişməyən "Qövsnamə" (və ya "Quşnamə") məsnəvisinin və "Ət-Təfasir" ("Təfsirlər") adlı fars dilinin ilk izahlı lüğətinin müəllifidir.
XII yüzilin əvvəllərindən başlayaraq Azərbaycan ədəbiyyatının Əbül-Üla Gəncəvi, Fələki Şirvani, İzzəddin Şirvani kimi dahisöz ustaları bu ədəbiyyatın zəngin xəzinəsinə yeni üslub, yeni şivə gətirərək, Gəncə və Şirvanda fəaliyyət göstərən Azərbaycan ədəbi məktəbinin əsasını qoyurlar. Bu məktəbdə ədəbisənətlə real həyat arasında bağlılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b. şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən farsdilli şerin Xorasan-Türküstan səpkisindən — üslubundan (səbkindən) fərqliolaraq yeni poetik "səbki təmtəraqi" adlı Azərbaycan üslubu yaradıldı.
Ədəbi irsindən yalnız bir neçə şeri qalmış Əbül-Üla Gəncəvi dövrünün hökmdarlarını vəsf etsə də, XI əsrin sonu, XII əsrin I yarısında epik janrı inkişaf etdirən böyük fars şairi Sənai (1050–1140) poeziyasının mütərəqqi ənənələri ilə bağlı olmuş, Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şerin ilk nümunələrini yaratmışdır. Əbül-Üladan sonra Şirvan ədəbi məktəbini şairin ən savadlı və istedadlı şagirdi, kürəkəni Əfzələddin Xaqani (1126–1199) idarə etməyə başladı. Vaxtilə məhz Əbül-Üla, Xaqanini Şirvanşah III Böyük Mənuçöhrə (1120–1160) təqdim etmiş, ona "Xaqani" təxəllüsünü vermişdi. Xaqani öz yaradıcılığı ilə Yaxın və Orta Şərq xalqlarının bədii təfəkkür tərzində yeni bir mərhələ açdı. O, dövrün farsdilli Azərbaycan poeziyasına yeni üslub, təmtəraqlı obrazlar, parlaq təşbehlər, ifadələr, bədii təsvir vasitələri, çətin rədif və qafiyələr, nadir sözlər və terminlər, söz oynatmaları gətirib, şeir sənətində söz sənətkarlığı kimi estetik bir konsepsiya yaratdı.
XII əsr Azərbaycan poeziyasının maraqlı və ən çox mübahisə doğuran siması şairə Məhsəti Gəncəvidir. Fars dilində, əsasən rübai janrında yazan Məhsətinin şeirlərinin əksər hissəsi Gəncə mühiti ilə bağlıdır. Yaradıcılığında məhəbbət lirikasının əsas yer tutduğu Məhsətinin rübailəri dünyəviliyi, humanizmi, nikbinliyi ilə seçilir. Məhz ondan sonra Azərbaycan şerində rübaiçilik geniş inkişaf yoluna qədəm qoyur. Azərbaycanlı rübaiçilər içərisində qadın sənətkarların — Rəziyyə Gəncəvi kimi şairələrimizin yetişməsi Məhsəti təsirinin və yaradıcılığının ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilə bilər.
Azərbaycanın farsdilli poeziyasının "qızıl əsri"nin görkəmli şairlərindən biri, Xaqaninin yetirməsi, mahir mədhiyyəçi-şairlərdən olan Mücirəddin Beyləqani idi. Şirvan ədəbi mühitinin yetişdirməsi olan bu şair qəsidələrinin əksəriyyətini ona himayəçilik edən Azərbaycan atabəyləri sülaləsinin nümayəndələrinə və II Toğrulun oğlu soltan Arslan şaha həsr etmişdir. Onun lirikasında sonsuz iradə və qürur, özünün və başqalarının yaradıcılığına qarşı tələbkarlıq hakim idi.
thumb|Nizami Gəncəvinin Gəncə şəhərində 1946-cı ildə ucaldılmış heykəli
Bu dövrdə Nizami Gəncəvinin adı xüsusi çəkilir. Nizami öz dövrünün biliklərinin bütün məcmusuna sahib idi. Fəlsəfi ədəbiyyatla, astronomiya və astrologiya ilə, coğrafiya və kosmoqrafik ədəbiyyatla, müəyyən dərəcədə riyaziyyat, fizika və kimya ilə tanış olmuşdu. Onun əsərlərində çox qiymətli tibbi, bioloji, təbii-elmi məlumatlara təsadüf olunur. Nizami "Xəmsə"si ilə şeir sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bədii ədəbiyyat yaratdı. O, insanı özünün qəhrəmanı edib, onun hiss və həyəcanlarını, duyğu və düşüncələrini, arzu və istəklərini tərənnüm edirdi. Şəxsiyyət, onun həyatı, mahiyyəti, təfəkkür tərzi və fəlsəfəsi Nizamini düşündürən, onun poemalarının əsas xəttini təşkil edən mövzular idi. Nizami əsərlərində sənətkarlıq, forma və məzmun vəhdətdə olub bir-birini tamamlayırdı. Nizami yaradıcılığı Şərq xalqları ədəbiyyatının inkişafına böyük təsir göstərmişdir. Onun əsərləri orta çağ mədrəsələrində əsas dərslərin bir hissəsi olmuş, şairlər, ədiblər və tələbələr onlardan elm öyrənmiş, onları əzbərləmişlər. Əmir Xosrov Dəhləvini, İmad Kirmani, Əbdürrəhman Camini, Əlişir Nəvaini, Məhəmməd Füzulini və başqalarını Nizami məktəbinin davamçıları hesab etmək olar.
XII əsrin Azərbaycan şairləri və nasirləri arasında Gəncə ədəbi məktəbinin daha bir nümayəndəsi, Nizami Gəncəvinin dostu Əbubəkr ibn Xosrov əl-Ustad diqqəti xüsusilə cəlb edir. Onun "Munisnamə"nin nadir əlyazması hazırda Londondakı Britaniya muzeyində saxlanır və hələlik Əbubəkr ibn Xosrovun həyatı, yaradıcılığı haqqında yeganə məlumat mənbəyidir. Bu məlumata görə, şair Azərbaycan atabəylərinə xidmət etmiş, gənc şahzadələrin müəllimi və tərbiyəçisi olmuş, əsərlərini Azərbaycan atabəyləri Cahan Pəhləvana, Qızıl Arslana və Atabəy Əbu Bəkr ithaf etmişdir.
Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII–XVI əsrlər) XIII–XV əsrlərdə Azərbaycan ədəbiyyatı çox çətin şəraitdə inkişaf etmişdir. XIII–XV əsrlər saray ədəbiyyatının, qəsidə şerinin nisbətən zəiflədiyi bir dövrdür. İmadəddin Nəsimi kimi görkəmli şairlər yaradıcılığın ideya istiqaməti baxımından saray ədəbiyyatına, məddahlığa yabançı idilər. Lakin Zülfüqar Şirvani, Arif Ərdəbili kimi şairlər saray şerinin ənənələrini davam etdirirdilər.
XIV əsrdə Azərbaycan şeri nisbətən daha sürətlə inkişaf edirdi. Bu əsrin ədəbiyyatı məzmun etibarilə də əvvəlki əsrlərin ədəbi nümunələrindən fərqlənirdi. O dövrdə həyatı daha geniş surətdə əks etdirən epik dastanlar meydana çıxmışdı. Bu əsərlərdə yaradılmış həyat lövhələri, insan surətləri poeziyanın mistikadan uzaqlaşdığını, onun həyatla əlaqələrinin gücləndiyini göstərir. Arif Ərdəbilinin "Fərhadnamə"si və Əssar Təbrizinin "Mehr və Müştəri" adlı poeması bu keyfiyyətləri parlaq surətdə əks etdirən əsərlərdir.