Səməd bəy Sadıq bəy oğlu Mehmandarov () — Rusiya İmperator ordusunun tam artilleriya generalı; Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri; Azərbaycan SSR və Sovet İttifaqı hərbi xadimi.
Rus-Yapon müharibəsinin iştirakçısı olan Mehmandarov 1904–1905-ci illərdə Port-Artur qalasında artilleriya divizionuna komandanlıq etmişdir. Birinci Dünya müharibəsi zamanı əvvəlcə piyada diviziyasına, sonra isə ordu korpusuna rəhbərlik etmişdir. Çar ordusundakı xidmətinə görə müxtəlif orden və medallarla, o cümlədən "Müqəddəs Georgi" ordeninin 3-cü və 4-cü dərəcələri və "Şücaətə görə" qızıl silahla təltif olunmuşdur. Böyük Britaniyanın "Müqəddəs Maykl və Georgi" ordeninin "Böyük Xaçı" ilə də mükafatlandırılmışdır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra o, Cümhuriyyət hökumətinə hərbi xidmətə dəvət edilmiş, Azərbaycan hökumətinin üçüncü, dördüncü və beşinci kabinetlərində hərbi nazir vəzifəsində çalışmışdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Mehmandarov hərbi məktəblərdə dərs vermiş, Azərbaycan Hərbi və Dəniz İşləri Xalq Komissarlığında xüsusi tapşırıqlar üzrə müşavir kimi çalışmışdır. 1928-ci ildə təqaüdə çıxmışdır.
Ailəsi Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi idi. Onun vəzifəsi xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerinə gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələri sonralar Mehmandarov soyadını qəbul etmişlər. Mehmandarovların bir qolu sonralar Lənkəran şəhərinə köçmüşdü. Şuşada doğulan Mirzə Sadıq bəy Mehmandarov Peterburqda hüquq fakültəsini bitirmişdi və orada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olmuşdur. Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət etmiş və sonradan Mirzə Sadiq bəy Talışınskilərdən Böyüknənə xanım ilə evlənmişdir. Mirzə Sadıq bəy bir müddət sonra burada Lənkəran qəzasının Muğan məhkəmə icraçısı vəzifəsini tutmuş və titul müşaviri rütbəsinə malik olmuşdur.
Səməd bəy Mehmandarov 1844-cü ildə Lənkəranda dünyaya gəlmişdir.
Mehmandarov Kiyev zadəganlarından olan Yelizaveta Nikolayevna Teslavla ailə həyatı qurmuş, lakin cütlüyün uzun müddət övladı olmamışdır. 1908-ci ilin noyabr ayının 18-də Mehmandarovun uzun illərdən sonra bir oğlu olmuşdur. Mehmandarovun oğlunun adını Pir qoymuşdur. Hərb tarixçisi Şəmistan Nəzirli Pir (sonradan İqor adını almışdır) Mehmandarov ilə Bakıda görüşmüşdür. Məlum olmuşdur ki, İqor və anası Yelizaveta Nikolayevna 1930-cu illərin əvvəllərindən sistemli şəkildə Sovet İttifaqı tərəfindən təzyiqə məruz qalıb. Ailə birinci 1930-cu ildə Sankt-Peterburqa köçməyə məcbur olsa da, burada polis və gizli polisin təzyiqlərinə məruz qalırlar. Ailə 1937-ci ildə Saratova, 1941-ci ildə isə Sibirə sürgün edirlər. Sibirə sürgünə gedərkən Yelizaveta Mehmandarova almanlar tərəfindən partladilan qatarda vəfat edir. Sürgündən sonra İqor uzun müddət Kalininqradda yaşayır və 1977-ci ildə Azərbaycan rəhbərliyinin dəvəti ilə Bakıya dəvət edilmiş və burada yaşamağa başlamışdır. Azərbaycan müstəqilləşdikdən sonra həm İqor, həm də anası üçün Sankt-Peterburq və Saratov prokurorluğu ilə əlaqə saxlanılıb və onlara rəsmi sənəd alınmışdır. İqor Mehmandarovu Bakıya dəvət edən Heydər Əliyev ailənni yaşaması üçün ev də vermişdi. Səməd bəyin yeganə övladı olan İqor ilə həyat yoldaşı İza Polaginanın övladı olmamışdır. İqor 1989-cu ildə vəfat edib və Yasamal qəbirstanlığında bastırılmışdır. Özü də general-mayor İvan Kulaqinin qızı olan İza Şəmistan Nəzirlinin 2017-ci ildə verdiyi məlumata görə yaşamaqda idi. Onun atası İvan Kulaqin Aprel işğalını həyata keçirən XI Qızıl Ordunun tərkibində olmuş, IBirinci Dünya müharibəsi zamanı 35-ci Lozovski atıcı diviziyasına komandanlıq etmiş, müahribə bitdikdən sonra isə Sovet Azərbaycanında xidmət etmişdir.
Hərbi karyerası
İlkin dövr Səməd bəy Mehmandarov Qarabağın nüfuzlu bəy nəslindən idi. Atası, Mirzə Sadıq bəy Mehmandarov, xidmətlə əlaqədar olaraq 1840-cı illərin əvvəlində Şuşadan Lənkərana köçmüş, burada Lənkəran qəza idarəsinin Muğan pristavı vəzifəsini tutmuş və titul məsləhətçisi rütbəsinə sahib olmuşdur. 16 oktyabr 1855-ci ildə Lənkəranda anadan olan Mehmandarov ümumi təhsilini Bakı gimnaziyasında almışdır. 1 sentyabr 1873-cü ildə Sankt-Peterburqda yerləşən 2-ci Konstantinov Hərbi Məktəbinə yunker kimi hərbi xidmətə başlamışdır. Məktəbi bitirdikdən sonra 1875-ci ildə praporşik rütbəsi ilə 1-ci Türküstan artilleriya briqadasına göndərilmiş, burada 3-cü batareyada dağ taqımına komandanlıq etmiş,1875-ci ilin noyabrından 1876-cı ilin fevralına qədər Kokand xanlığına yürüşdə qatılmışdır. 12 oktyabr 1876-cı ildə "Matçin dağlılarına qarşı yürüşdə göstərdiyi xidmətlər və zəhmətə görə" 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. Kokand xanlığının fəthinə görə medala layiq görülmüşdür. 1876-cı ilin dekabrında podporuçik, 1877-ci ilin dekabrında isə poruçik rütbəsinə yüksəlmişdir. 1879-cu ilin payızında Səməd bəy Sankt-Peterburqda yerləşən 2-ci artilleriya briqadasına ezam olunmuşdur. 13 mart 1881-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmiş, 25 oktyabr tarixində 2-ci artilleriya briqadasına keçirilmişdir. 29 noyabr 1882-ci ildə ştabs-kapitan rütbəsinə yüksəldilmişdir. 17 iyun 1885-ci ildə Qafqazda yerləşən 38-ci artilleriya briqadasına köçürülmüş və burada doqquz il xidmət etmişdir. 8 iyuldan 8 noyabr 1887-ci ilə qədər Qafqaz Hərbi Dairə Məhkəməsinin üzvü olmuşdur. 31 avqust 1889-cu ildən 2-ci yarımbatareyanın komandiri və 4-cü batareyanın təsərrüfat işləri üzrə müdiri vəzifəsini icra etmişdir. 16 dekabr 1890-cı ildə kapitan rütbəsinə layiq görülmüş, qısa müddət sonra, yəni 21 may 1891-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.
30 sentyabr 1894-cü ildə 38-ci artilleriya briqadası Varşava Hərbi Dairəsinə göndərilmiş, 12 noyabr 1894-cü ildən 25 fevral 1895-ci ilə qədər briqada məhkəməsinin üzvü, 25 fevral 1895-ci ildən 22 mart 1896-cı ilə qədər isə briqada məhkəməsinin sədri olmuşdur. 22 yanvar — 1 iyun 1896-cı illərdə müvəqqəti olaraq Varşava Hərbi Dairə Məhkəməsinin üzvü olmuş, 14 may 1896-cı ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir. 22 iyul tarixində "xidmətdə faydası üçün" 6-cı batareyaya ezam olunmuş, 11 noyabrda isə 3-cü batareyaya göndərilib batareya təsərrüfatının müdiri təyin olunmuşdur. 22 aprel — 26 sentyabr 1897-ci illərdə müvəqqəti olaraq 3-cü batareyaya komandanlıq etmişdir. 1 yanvar 1898-ci ildə Səməd bəy podpolkovnik rütbəsinə yüksəlmiş və 3-cü atıcı artilleriya divizionunun 2-ci batareyasına komandir təyin edilmişdir.
1-ci batareyanın Zabaykalyaya köçürülməsi və adının dəyişdirilərək 2-ci Zabaykal artilleriya divizionu adlandırılması ilə əlaqədar olaraq, 17 aprel 1898-ci ildə Səməd bəy batareya ilə birlikdə Zabaykal artilleriya divizionuna ezam olunmuşdur. 23 avqust 1898-ci ildə batareyası ilə xidmət yeri olan Zabaykal vilayətinin Nerçinsk şəhərinə gəlmişdir. 24 sentyabr 1899-cu ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olunmuşdur.
1900–1901-ci il Çində İxetuan üsyanının yatırılmasında iştirakı 1900-cü il iyulun 2-dən 1901-ci il martın 26-dək Mehmandarovun batareyası general-mayor P. Rennenkampfın ümumi komandanlığı altında olan dəstənin tərkibində Zabaykal artilleriya divizionuna aid edilərək "Çin yürüşü" adlandırılan və "Boksçular üsyanını" yatırmaq məqsədi güdən kampaniyada iştirak etdi. Əliağa Şıxlinskinin xatirələrinə görə, bu kampaniya zamanı Mehmandarov Rennenkampf tərəfindən mühasirədə olan Tsiqitsar şəhərinin cənub qapıları qarşısında dayanaraq çıxmağa cəhd edən qoşunları məhv etmək əmri almışdı, lakin Çin qoşunları silahsız çıxırdılar: Mehmandarovun yanından keçən Çin qoşunları silahsız idi. Rennenkampfın onları atəşə tutmaq əmri aldıqdan sonra Mehmandarov cavab verdi ki, silahsız insanlara qarşı atəş aça bilməz. Lakin əmri pozacağı təqdirdə hərbi məhkəmə ilə təhdid olunan yeni bir əmrlə üzləşdi. Mehmandarov bir neçə dəfə atəş açdı, lakin silahsız insanların başı üzərindən. Çinlilər dərhal şəhərə geri qayıtdılar…
Çinlilərə qarşı döyüşlərdə göstərdiyi fərqlənmələrə görə 1901-ci il yanvarın 31-də Mehmandarov ən ali fərmanla polkovnik rütbəsinə yüksəldi. Həmin ilin avqustun 18-də Priamur hərbi dairəsinin qoşunlarının komandanının sərəncamı ilə Xulançen şəhərinə göndərildi və burada Zasunqariya bölməsinin hissələrinə komandanlıq etdi. 1902-ci il mayın 14-dən iyulun 17-dək müvəqqəti olaraq Zabaykaliya artilleriya divizionuna rəhbərlik etdi. 1903-cü il fevralın 1-də isə Çarskoe Seloda yerləşən Zabitlərin Artilleriya Məktəbinin dəyişən tərkibinə daxil edildi. Mehmandarovun batareyasına onun olmadığı dövrdə müvəqqəti olaraq kapitan Əliağa Şıxlinski rəhbərlik edirdi. Zabitlərin Artilleriya Məktəbində kursu fərqlənmə ilə başa vurduqdan sonra Mehmandarov 1903-cü il oktyabrın 1-də Zaboykaliyaya qayıtdı və 2-ci batareyaya yenidən rəhbərlik etməyə başladı. Oktyabrın 14-də "Çinlilərə qarşı döyüşlərdə fərqləndiyinə görə" "Şücaətə görə" yazılı qızıl silahla təltif edildi.
Rus-Yapon müharibəsində iştirakı thumb|Mehmandarov 1904-cü ildə. 1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib, "Retvizan", "Sesareviç" zirehli gəmilərini və "Pallada" kreyserini yandırdılar. Müharibə başlandı. Səhərisi, Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı topçu divizionun komandiri təyin etdilər. Bu quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi.
Rus-yapon müharibəsi başladıqdan sonra, 1904-cü il fevralın 18-də ali fərmanla Səməd bəy Mehmandarov 7-ci Şərqi Sibir atıcı artilleriya divizionunun komandiri təyin edildi. Onun bioqrafiyasında Port-Arturun qəhrəmancasına müdafiəsi xüsusi yer tutur. Bu əməliyyat zamanı quru müdafiə xətti üç cəbhəyə bölünmüşdü. Artilleriya atəşinin idarə edilməsini təkmilləşdirmək məqsədilə hər cəbhəyə artilleriya komandirləri təyin edilmiş və onların nəzarətində qərargahlar yaradılmışdı. Polkovnik Mehmandarov Şərq cəbhəsinin artilleriya rəisi təyin edildi və Port-Arturun müdafiəsi boyunca ön mövqelərdə iştirak etdi. Bura, Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvəni də buraya yeritmişdilər. Port-Artur qəzetinin ("Yeni Krai") əməkdaşı P. N. Larenkonun gündəliyindən:
Polkovnik Mehmandarov (sağ cinahın bütün artilleriyasının komandiri) və podpolkovnik Stolnikov şəxsi təhlükəyə qarşı təəccüblü bir laqeydlik göstərir, bombardmanlar zamanı toplar arasında gəzərək partlayan mərmiləri sanki görmür, bununla digərlərinə də ruh verirdilər. Birincisi, bir Qafqazlı kimi cəsur, ikincisi isə dindar insan kimi tale ilə sakit və fədakarcasına barışıqdır.
1904-cü il oktyabrın 13-də, növbəti yapon hücumu zamanı üçüncü istehkamda olan polkovnik Mehmandarov kontuziya aldı. P. N. Larenkonun gündəliyindən:
Yaralı zabitlərlə söhbətdən polkovnik Mehmandarov haqqında bir sıra məlumatlar öyrəndim. O, özünə tələbkar, cəsur və tabeliyində olanlara qarşı ciddi olan bir insandır, onlara şəxsi cəsarət nümunəsi göstərməyi tapşırır. Temperamentli biri olaraq, özünü olduqca sərt ifadə edir. O, yalnız əsaslı şəkildə qürurlu, şücaətlərə qadir olan insanlara dəyər verdiyini və karyerist zabitlərin əsas arzusunun canlarını qurtarmaq və ləyaqətsiz orden almaq olduğunu deyir. Tolstoyun ‘zülmə müqavimət göstərməmə’, ‘öldürməmək’ kimi ideyalarını bəhanə edib qorxaqlığı ört-basdır edənlərə nifrət edir və bu cür şəxslərin hərbi xidmətə daxil olmasından narazıdır.
Əliağa Şıxlinski Mehmandarovun qorxmazlığı barədə yazırdı: