Muxtar Hacı oğlu Hacıyev () — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922).
Həyatı Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir.
Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur.
Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.
Muxtar Hacıyev 1920–1921-ci illərdə Qazax Qəza İnqilab Komitəsinin sədri olmuşdur. 1921-ci ildə keçirilmiş Birinci Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. O, bu vəzifədə 1922-ci ilədək çalışmış, 1922–1926-cı illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının kollegiya üzvü olmuşdur. 1927-ci ildə Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin edilmiş, 1928–1930-cu illərdə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsini icra etmişdir. 1932–1933-cü illərdə isə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.
Muxtar Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü, Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və rəyasət heyətlərinin üzvü olmuşdur. 1933-cü ilin fevralından 1934-cü ilin sentyabrınadək Azərbaycan Qızıl Aypara Cəmiyyətinə sədrlik etmişdir. 1935-ci ildən Azərbaycan SSR Xalq Torpaq Komissarlığında işləmişdir
Muxtar Hacıyev repressiya qurbanı olmuşdur. 1938-ci ildə güllələnmişdir. Onun həyat yoldaşı Söylü xanım da repressiya qurbanı olmuş və Qazaxıstana sürgün edilmişdir.
Muxtar Hacıyevin 4 qızı, 1 oğlu olub: Tükəzban, Azadə, Gülgəz, Cəvahir və Kamran. Qızı Gülgəz Emin ağa Acalovun oğlu ilə ailəli olub və bu evlilikdən Namiq adlı oğulları dünyaya gəlib.
Mükafatları Muxtar Hacıyev Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
Ədəbiyat
İstinadlar
Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Məhkəməsinin sədrləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR xalq torpaq komissarları Kateqoriya:Azərbaycan aktivistləri