ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı. Amerika milli bəstəkarlıq məktəbinin banisi E. Mak-Douell olub. 20-ci əsrin əvvəllərində isə caz sənəti formalaşdı, D. Ellinqton, L. Armstronq, B. Qudmen və b. görkəmli caz ustaları bu dövrün məşhur musiqiçilərinə çevrildi. Birinci dünya müharibəsindən əvvəl və sonra görkəmli Avropa musiqiçilərinin ABŞ-yə köçməsi ölkənin musiqi həyatında yeni canlanmaya səbəb oldu. 20-ci illərin axırlarında Amerika peşəkar bəstəkarlıq məktəbi yarandı. İlk milli opera "Porgi və Bess"in (1935) müəllifi C. Gerşvinin yaradıcılığında caz musiqisinin, zənci mahnı-rəqs folklorunun üslub xüsusiyyətləri inkişaf etdirilmişdir. U. Şumen, S. Barber, C. Menotti də bu dövrün bəstəkarlarındandır. 1940–50-ci illərdə ölkədə müzikl janrı geniş yayılmışdı. Bu dövrdə şair-bəstəkar, həmçinin xalq mahnıları ifaçılarından X. Ledbelli, Vudi-Qatri, P. Siger, eləcə də müğənni P. Robson məşhurlaşdı. Dirijorlardan Y. Ormandi, L. Stokovski, L. Maazel, pianoçulardan C. Brauninq, C. Bayron, B. Klaybern, M. Dixter, skripkaçılardan İ. Menuhin, İ. Stern, müğənnilərdən M. Lansa, M. Anderson, M. Dobbs, L. Prays, musiqişünaslardan N. Slonimski, C. Çeyz ABŞ-nin görkəmli musiqi xadimlərindəndir.

ABŞ musiqisinin dövrləri Ümumiyyətlə ABŞ- ın musiqi tarixi üç dövrə bölünür: 1) 17-ci və 18-ci əsrlərin İngilis suverenliyindəki koloniya dövrü; 2) 19-cu əsrdən 1930-cu illərə qədər uzanan, Avropadan gələn bəstəkarların və Avropa ritmləri üzərində qurulan musiqinin fəaliyyət dövrü; 3) 1930-cu ildən günümüzə qədər Amerikan musiqisinin sərbəstliyə qovuşduğu dövr.

Koloniya dövrü Koloniya dövründə musiqi Yeni İngiltərə bölgəsindəki Puritanların həyatında əhəmiyyətli yer tuturdu. Yeni Dünyada yerləşən insanların musiqiyə maraqlı olmadığı deyilirdi. İlk öncə keşişlər ilahilər oxuyurdular. 18-ci əsrin səyyah usta müğənniləri ingilis musiqisindən öz kökünü götürmüş ilahiləri şagirdlərinə öyrədirdilər. Bu dövrün ən məşhur əsəri Ceyms Lyonun (1735–94) "Urania" adlı əsəri olmuşdur. Bu dövrün bütün amerikan bəstələri ingilis musiqisinin bir aynası olmuşdur. İlk dəfə özünə xas stili və mahnıları ilə diqqəti çəkən, Uilliyam Billinqsdir (1746–1800). 18-ci əsrdə bir tərəfdə koloniyaların sadə dini musiqisi, digər tərəfdə şəhərlərin kompleks musiqisi mövcud idi. Bu dövrün ilk konserti 1731-ci ildə Bostonda təşkil edilmişdir. 1736-cı ildə Nyu-Yorkda, 1757-ci ildə Filadelfiyada verilən konsertlərdə dinləyici kütləsi daha da artmışdır.

Amerikadakı konsert bazarı beləcə ingilislərin diqqətini öz üzərinə çəkməyə başlamışdır. Yeni musiqiçilərin köç etməsi; ilk musiqi dükanlarının və nota mətbəələrin açılması amerikan musiqi dünyasını zənginləşdirmişdir. Daha çox immiqrantlar musiqi müəllimliyi etməklə, çalğı alətlərini təmir etməklə və eyni zamanda musiqiçi kimi fəaliyyət göstərməklə pul qazanırdılar. Aleksandr Reinagle (1756–1809), Benjamin Carr (1768–1831), Ceyms Heuitt (1770–1827) və Qottlieb Qropner (1767–1836) bunlardan bir neçəsidir. 18-ci əsrdə Pensilvaniya, Ohayo və Şimal Karolinaya köçən moravyalılar parçalar bəstələyib səsləndirirdilər.

XIX əsrdən 1930-cu illərə qədər olan dövr 19-cu əsrdə Amerikada doğulan bəstəkarlar və musiqi təlimçiləri amerikan musiqisini Avropa təsirindən qurtarmağa çalışırdılar. Buna baxmayaraq 19-cu əsr boyunca Amerika Birləşmiş Ştatlarında, Avropadan gələn musiqilər öz üstünlüyünü göstərmişdir. Louell Mason, 1732-ci ildə Boston Musiqi Akademiyasını quraraq Amerikan musiqi həyatına əhəmiyyətli xidmətlər göstərmişdir. Daniel Mason (1873–1953), Tomas Hastinqs (1784–1872), Uilliyam Bredböri (1816–68), və Isaak Vudböri (1819–58), bu dövrün məşhur bəstəkarları olmuşlar.

1848-ci ildə Almaniya inqilabının ardından bir çox alman musiqiçisi Amerikaya köç etmişdir. Bunların arasında Almaniya Musiqi Birliyinin 25 nəfərlik orkestri də var idi. İllərcə ABŞ-nin müxtəlif bölgələrində konsert verən orkestr, konsert vermək ənənəsini ən uzaq yerlərə qədər tanıtmışdılar. Bu vaxt Amerikada doğulub musiqi təhsili üçün Avropaya getmiş musiqiçilər də ölkələrinə geri dönməyə başlamışdılar. Piyanist Luis Moreau Gottschalk (1829–69), 1853-cü ildə ölkəsinə dönərək Amerikada üstünlüyünü davam etdirən Avropalı virtüozlarla rəqabət edərək turnelər təşkil etmişdir. 19-cu əsr amerikan musiqi zövqü, ümumiyyətlə alman ənənəsindən asılı idi. Amerikan bəstəkarları yalnız kiçik kənd-qəsəbə həyatında sadə, bölgəyə xas bəstələri ilə özlərinə yer tapa bilmişdilər.

Bu dövrdə Hatçinsonlar ailəsi ictimai fəaliyyətlə bağlı olan yerlərdə xor şəklində xalq mahnılarını oxumaqla məşhurlaşmışdılar.

19-cu əsrin ortalarında Nyu-York bütün sənət sahələrində yeni sənətçilərin cücərdiyi bir mərkəz halına gəlmişdi. Artıq amerikalı bəstəkarlar tərəfindən xüsusi Amerikan mahnıları bəstələnilirdi. Mövzusunu Amerika həyatından alan Uilliyam Henri Frayın (1813–64) "Leonora" adlı operası 1845-ci ildə Filadelfiyada səhnəyə qoyulmuşdur. İlk böyük orkestrlərin qurulduğu mərkəzlər isə Sentluiz, Sinsinnati, və Çikaqo şəhərləri idi. Musiqi cəmiyyətləri, konsert təşkilat büroları getdikcə çoxalmaqdaydı. Nyu-York Filarmoniya Orkestri 1842-ci ildə, Boston Simfoniyası 1881-ci ildə, Çikaqo Simfoniyası isə 1891-ci ildə yaradılır. 1810-cu ildə isə fransız mədəniyyəti təsirində olması ilə seçilən Nyu-Orlean şəhərində opera evi tikilir.

19-cu əsrdə vətəndaş müharibəsi ərəfəsində musiqiçilər musiqi təhsilini Amerikada deyil, daha çox Almaniyanın Münix, Leypziq, Berlin kimi şəhərlərində alırdılar. Ölkədəki musiqi məktəblərinin mütəşəkkil bir hala gəlməsi ancaq son əsr içində reallaşmışdır. Oberlin Kollecindəki ilk konservatoriyadan sonra (1865) Yeni ingiltərə Konservatoriyası açılmışdır. Bu məktəblər hazırlıq səviyyəsində olduğundan şagirdlər fürsət tapdıqda Avropaya gedirdilər. Con Peyn (1839–1906) Almaniyadakı təhsilindən sonra Harvard universitetində professor olmuşdur.

Bütün təhsilini Amerikada alan Artur Fut (1853–1937) ilə Corc Çaduik (1854–1931) və Horatio Parker (1863–1919) məşhur Boston qrupunun üzvləri olmuşdur. Edvard Makdouel (1860–1908) eyni qrupun müasiri olmuş və gələcəyin böyük quruluşlu amerikan musiqisini yaratmışdır. Digər bir axının qabaqcılı da musiqisini zənci melodiya və ritmləriylə təchiz edən Henri F. Gilbert (1869–1928) olmuşdur. Çarlz Ayves (1874–1954) və Duqlas Mur (1893–1969) kimi bu günün musiqi təməllərini atan məşhur bəstəkarlar Boston qrupunun şagirdləridir.

1930-cu ildən günümüzə qədərki dövr 20-ci əsrdə musiqidə amerikan xarakterini axtaran bəstəkarlar, xalq melodiyalarına və ölkənin özünə xas caz musiqisinə müraciət etdilər. Artıq pop musiqisi təməldə oxuma yazması olmayan xalqın ağızdan ağıza keçirdərək yaydığı musiqi janrına çevrilmişdir. Amerikada, dini məzmunlu musiqinin yanında xalqın ağızdan köçürmə üsulu ilə günümüzə qədər uzanıb gələn bir folk musiqi mədəniyyəti vardır. Ən köhnə folk mahnıları ya solo olaraq ya da cəm şəkildə oxunmuşdur. Bu folk mahnılarına yoldaşlıq etmək üçün skripka, banjo və gitaranın da əlavə edilməsi ilə ilk pop musiqi növlərinin təməlləri qoyulmuş oldu. Amerikanın ilk pop musiqi ulduzu Cimmi Rocersdir. Rocers, kantri və buqi-bluz arasında harmoniya yaradaraq hillbilli, folk və bluzdan mənimsədiyi sözləri birləşdirərək kantri musiqisinin başlıca dayağı halını almışdır. Pop musiqisi İngiltərə və Amerika kimi sürətli sənayeləşmiş cəmiyyətlərdə geniş kütləni əyləndirmək məqsədiylə bir ənənə meydana gətirmişdir. Rok musiqisi isə özündə bir çox musiqi janrlarını birləşdirmiş bir növ olaraq "rock and roll"dan, "and roll"un çıxarılmasıyla 1960-cı illərin əvvəllərində meydana gəldi. Rok musiqisni meydana gətirən musiqi janrlarının alt növləri də, öz daxilində alt növlərə ayrılmışlar. Rok musiqisini də əhatə edən pop musiqi növləri bir çox musiqi janrlarının alt növlərinin sintezindən meydana gəlmişdir. Musiqi növləri arasındakı ilk qarşılıqlı təsirİ 1730-cu illərdə Amerikada "Böyük oyanışlar" adı ilə tanınan təkanda tapmaq mümkündür. "Böyük oyanışlar" Amerikan musiqisinə dərindən təsir edən dini bir oyanışın ardıcıl olaraq meydana çıxan iki dalğası idi. "Birincisi Dr. Isaak Uatts adında bir ingilisə aid "Hymms and Spirituali"ın (1701) Londonda nəşr olunmasıyla yaranan və 1739-cu il Boston nəşrindən sonra Amerikanın bütün şəhərlərində təsiri hiss edilən yeni bir musiqi anlayışının cənubun folk musiqilərini təsir etməsi nəticəsində meydana gəlmişdir. İkinci oyanış isə 1780–1830 illəri arasında düşərgə yığıncaqlarında ortaya çıxan bir axındır. Xristianlaşdırılmış zəncilər ayinlərini edərkən Afrika dini mərasimlərində görülən dairəvi rəqs, qışqırma, ritm tutma kimi elementlər dualarla birlikdə yerinə yetirilirdi. Beləcə zəncilər ağlardan mənimsədikləri spiritualların içinə atalarından miras qalan ritm və coşğunu qataraq ortaya yeni bir növ musiqi çıxarmışlar. Bu eyni zamanda dini musiqidə qara-ağ ayrıseçkiliyini də doğurmuşdur. Ağların spiritualları yerində sayarkən, qaraların etdikləri bütün ölkəyə yayılmaqla qalmayıb, ölkə xaricinə də çıxmışdır. Bir çox amerikan musiqisi kimi qospel də vətəndaş müharibəsidən sonra cənubda spiritualların davamı xüsusiyyətində ayrı bir növ olaraq özünü göstərir. Spirituallarda olduğu kimi qospelin də yalnız qaralara xas olduğunu demək düzgün olmazdı, amma ən çox zəncilərin kilsələrində və zənci qrupları daxilində icra edilmişdir. 19-cu əsrin sonunda qurulan Pentacostalis və Holines kilsələrində, Afrika musiqisindəki əlçırpma və ayaqları yerə vurma yoluyla edilən musiqi, qospel növünün ilk nümunələrini meydana gətirmişdir.

"R&B" 1943–51-ci illər arasında cənubdan şimala edilən köçlər əsnasında piano və nəfəsli alətlər ilə tanış olan delta bluz ifaçıları "rock and roll"a keçiddəki son musiqi növü olan "R&B"i meydana gətirİrlər. Başlanğıcda yalnız qaraların radio stansiyalarında və küçələrdə yaşayan R&B, orta sinif ağ gənclərin bu musiqini vərdiş halına gətirməsiylə məşhurlaşdı. Gün keçdikcə artan tələblər, nəşr olunan R&B vallarının sayının artmasına və 25 may, 1949-cu ildə Bilbord musiqi jurnalı siyahılarında R&B adında yeni bir başlığın açılmasına gətirib çıxardı. 1953-cü ildə Çordz qrupunun "Sh-boom" adlı musiqi parçaları R&B siyahılarına sığmayaraq, məşhur musiqi siyahılarına daxil oldu və "1" nömrəyə qədər yüksəldi.

"Rock and roll"