Samur Novruzov (tam adı: Samur Həsən oğlu Novruzov; ) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I, II çağırış və Azərbaycan SSR Ali Sovetinin XI çağırış üzvü.
Həyatı Samur Novruzov 1938-ci il mayın 25-də Kirovabad şəhərində (Gəncə) anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Tarix elmləri namizədi idi. İngilis və rus dillərini bilirdi.
Samur Novruzov ailəli və üç övlad atası idi.
Siyasi fəaliyyəti Samur Novruzov 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin üzvü seçilib. 1991–1993-cü illərdə Ali Sovetin, 1993–1995-ci illərdə isə Milli Məclisin üzvü olub.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 88 nömrəli Tovuz qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Samur Novruzov I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Samur Novruzov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının üzvü, Azərbaycan—ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.
Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 24 saylı Nərimanov I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Samur Novruzov II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Samur Novruzov Milli Məclisin Mədəniyyət məsələləri Daimi Komissiyasının, Azərbaycan—ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.
Samur Novruzov Azərbaycan Prezidenti Heydər Əliyevin 7 aprel 1994-cü il tarixli 133 nömrəli Fərmanı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri vəzifəsinə təyin edilib. 8 il sonra isə o, Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli 680 nömrəli Sərəncamı ilə Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının sədri vəzifəsindən azad edilib.
Əvvəl Sovet İttifaqı Kommunist Partiyasının, 1995-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.
Samur Novruzov 2001-ci il sentyabrın 24-də 63 yaşında vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri Kateqoriya:SSRİ basketbol məşqçiləri Kateqoriya:Azərbaycan redaktorları