Elmira Mikayıl qızı Qafarova () — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri (1991–1992), Azərbaycan SSR Ali Sovetinin (1990–1991) və Rəyasət Heyətinin sədri (1989–1990), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1989), Azərbaycan SSR xarici işlər naziri (1983–1987), Azərbaycan SSR xalq maarifi naziri (1980–1983).
Həyatı
Elmira Qafarova 1 mart 1934-cü ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. 1952-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi bitirmiş, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1958–1961-ci illərdə həmin universitetin aspiranturasında təhsilini davam etdirmiş, filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
Ailəsi Azərbaycan hüquqşünası, əməkdar elm xadimi, hüquq elmləri doktoru, professor Tofiq Qafarovun bacısıdır.
Siyasi fəaliyyəti
Gənclər Hərəkatı və Partiya Fəaliyyəti Elmira Qafarova 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilmişdir. 1961–1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və ali məktəblər şöbəsində təlimatçı, 1962–1966-cı illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1966–1970-ci illərdə ALKGİ MK-nın birinci katibi vəzifəsində fəaliyyət göstərmişdir.
Elmira Qafarova 1970–1971-ci illərdə AKP MK-nın mədəniyyət şöbəsi müdirinin müavini, 1971–1980-ci illərdə isə AKP Bakı Şəhər Komitəsinin ideologiya üzrə katibi vəzifələrində işləmişdir.
Nazirlik və Ali vəzifələr Elmira Qafarova 1980–1983-cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışmış, ölkədə təhsil sisteminin inkişafı, məktəb və məktəbəqədər müəssisələrin şəbəkəsinin genişləndirilməsi, müəllim kadrlarının hazırlanması və uşaqların təhsilə cəlb olunması istiqamətində mühüm fəaliyyət göstərmişdir. 1983–1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri kimi Avropa, Asiya və Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsinə töhfə vermiş, bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir.
O, 1984-cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış etmişdir. BMT Baş Məclisinin həmin sessiyasının Üçüncü Komitəsinin irqçilik və irqi ayrı-seçkilik qalıqlarının kökünün kəsilməsi məsələlərinə həsr edilmiş müzakirələr üzrə diskussiyada ilk çıxış edən E. Qafarova irqi ayrı-seçkiliyi kəskin tənqid edərək demişdir:
"Bütün sahələrdə irqi ayrı-seçkiliyi şirnikləşdirənlər hansı demokratiyadan, hansı vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial-iqtisadi hüquqlardan danışa bilərlər?".
E. Qafarova Üçüncü komitənin "Beynəlxalq gənclər ili: iştirak, inkişaf və sülh" diskussiyasında çıxış edərək demişdir:
"Gənclərin işsizliyi və qeyri-hüquqi vəziyyəti problemi bir sıra ölkələrdə ağır problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin və irqi ayrı-seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial-iqtisadi hüquqları kobud şəkildə tapdalanır… BMT bunların həllinə daim diqqət yetirməlidir".
1987–1989-cu illərdə E. Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış, humanitar sahələrə — elm, mədəniyyət, maarif işinə rəhbərlik etmişdir.
Məsul vəzifələrdə inam və xalqa sədaqətlə, pillə-pillə addımlayan və irəliləyən, 1989–1990-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan E. Qafarova bir sıra ictimai-siyasi və sosial-iqtisadi əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak etmişdir.
E. Qafarova 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan "Novruz bayramı"nın rəsmən qeyd edilməsi haqqında fərmanlar imzalamışdır.
20 Yanvar hadisələri zamanı Elmira Qafarova 1990-cı il 20 Yanvar hadisələri zamanı sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinə qarşı kəskin etiraz bəyanatı ilə çıxış etmişdir. O, bu hadisələri pisləyərək, məsuliyyətin tam şəkildə SSRİ rəhbərliyinə aid olduğunu bildirmiş və Azərbaycan SSR-nin razılığı olmadan fövqəladə vəziyyətin elan olunmasına qarşı çıxmışdır.
Eyni zamanda, 160 deputatın təşəbbüsü ilə 21–22 yanvar tarixlərində Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağıraraq bu sessiyaya sədrlik etmişdir. Sessiyada Elmira Qafarovanın imzası ilə qəbul edilən müraciətdə SSRİ rəhbərliyinin hərbi müdaxiləsi beynəlxalq hüquqa zidd akt kimi qiymətləndirilmiş, dünya ictimaiyyəti başverən faciəvi hadisəni pisləməyə çağırılmışdır. Müraciətdə yazılmışdır:
"SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, SSRİ xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti"ni qəbul etmişdir. Müraciətdə deyilirdi: "Bakının və bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin sənədlərini imzalayan, hüquqi dövlət yaratmaq iddiasında olan sovet dövləti qanunları tapdalayaraq, SSRİ Ali Sovetinin sanksiyası və respublikanın ali hakimiyyət orqanlarının razılığı olmadan yanvarın 19-dan 20-nə keçən gecə müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və donanmadan) istifadə edərək elan olunmadan Azərbaycana qarşı təcavüz etmişdir. Bakı şəhərinə, respublikanın digər rayonlarına hücum edib dinc əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var. Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət edərək, onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır".
1990-cı ilin may ayında Konstitusiyaya edilən dəyişikliklərlə prezident idarə üsulu tətbiq edilmiş, parlamentin strukturu dəyişdirilmiş və Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv edilmişdir. E. Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçildi və 1990–1992-ci illərdə bu vəzifədə çalışmışdır. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
E. Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermiş, o çümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilmiş, oktyabrın 29-da onun müstəqilliyinin tanınması haqqında "Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti" qəbul olunmuş, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilmişdir. E. Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
AKP MK-nın üzvü olan E. Qafarova AKP-nin XXXI qurultayında AKP MK-nın büro üzvü seçilmişdir.
Vəfatı Elmira Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Mükafatları E. Qafarova SSRİ-nin bir sıra orden və medalları, o cümlədən iki dəfə "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər Elmira Mikayıl qızı Qafarova Sovet Azərbaycanının beşinci Xarici İşlər naziri — Elmira Mikayıl qızı Qafarova + DOSYE "Gördün… Elmira Qafarova kişi qızıdır" Nazir qızı Zeynəb Xanlarovadan kömək istəyir — ŞOK VİDEO Elmira Qafarovanın `qızı`: `Məni övladlığa veriblər…` (VİDEO) Elmira Qafarovanın müşavirindən — ŞOK AÇIQLAMA Elmira Qafarovanın doğma qızı kimdir? – QALMAQAL Elmira Qafarovanın doğma qızının FOTOSU — ÖZƏL "20 Yanvarda Elmira Qafarova bir çox kişilərin edə bilmədiyini etdi…" — Cahangir Nəcəfov Azərbaycan Milli Məclisinə kimlər rəhbərlik edib? –Yeddi spikerin yeddi taleyi… TARİX O məşum gecənin şahidləri: "Xalq həmin tanklara qərənfil sancardı…" Teyyub Qurban, Ən yaxın tarix: İlk və yeganə qadın spiker 14–16 dekabr 2013 8–11 mart 2014
Kateqoriya:Azərbaycan SSR xarici işlər nazirləri Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanın qadın nazirləri Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Qadın alimlər Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan qadın diplomatları Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri Kateqoriya:Bakı şəhəri 23 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisinin sədrləri Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Azərbaycan SSR maarif nazirləri