Namiq Rəşid oğlu Abbasov () — Azərbaycan dövlət xadimi, hərbçi və diplomat, general-polkovnik (2002), Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri (1995–2004), nazir vəzifəsinin müvəqqəti icraçısı (1993, 1994–1995), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004–2012).

Həyatı Namiq Rəşid oğlu Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Ordubad şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1956-cı ildə Ordubad Yerli Sənaye Kombinatında fəhlə kimi başlamışdır. 1962–1970-ci illərdə "Abşeron" qəzetində şöbə müdiri, məsul katib və redaktor müavini vəzifələrində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycan Kommunist Partiyasının Abşeron Rayon Komitəsində şöbə müdiri, 1974–1975-ci illərdə "Abşeron" qəzetinin redaktoru, 1975–1977-ci illərdə isə Azərbaycan KP Abşeron Rayon Komitəsinin ikinci katibi olmuşdur.

1977-ci ildən dövlət təhlükəsizliyi orqanlarında xidmətə başlamışdır. 1977–1979-cu illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində rəhbər kadrlar üçün ikiillik hazırlıq kurslarında təhsil almışdır. 1979–1982-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 2-ci şöbəsi (əks-kəşfiyyat) rəisinin müavini, 1982–1984-cü illərdə həmin şöbənin rəisi, 1984–1988-ci illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini (1984–1986-cı illərdə eyni zamanda kadrlar şöbəsinin rəisi) vəzifəsində çalışmışdır. 1988–1992-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Murmansk vilayəti üzrə idarəsinin rəis müavini olmuşdur.

Namiq Abbasov 1992-ci ildən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır. 17 iyun – 3 iyul 1993-cü il tarixlərində nazir vəzifəsini müvəqqəti icra etmişdir. 15 may 1994-cü ildə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilərək nazirin birinci müavini təyin olunmuşdur.

22 sentyabr 1994-cü ildən yenidən milli təhlükəsizlik naziri vəzifəsini müvəqqəti icra etmişdir. 22 mart 1995-ci ildə milli təhlükəsizlik naziri təyin olunmuş və 23 iyul 2004-cü ilədək bu vəzifədə çalışmışdır. 1993-cü ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri olmuşdur.

Namiq Abbasova Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 15 may 1994-cü ildə general-mayor, 27 dekabr 1995-ci ildə general-leytenant, 15 yanvar 2002-ci ildə isə general-polkovnik ali hərbi rütbələri verilmişdir.

16 dekabr 2004-cü ildə Namiq Abbasova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. 31 oktyabr 2012-ci ildə səfir vəzifəsindən geri çağırılmışdır.

Namiq Abbasov Abşeron rayonu ilə Bolqarıstanın Razqrad mahalı arasındakı dostluq əlaqələri və müxtəlif sahələrdə təcrübə mübadiləsinin nəticələrindən bəhs edən "Razqrad–Abşeron qardaşdırlar" (Bakı, 1973), həmçinin Azərbaycanın 1995–1999-cu illərdəki ictimai-siyasi vəziyyətinə və təhlükəsizlik məsələlərinə həsr olunmuş "Öncə, Vətəndir" (Bakı, 2000) kitablarının müəllifidir.

Namiq Abbasov ailəli olmuşdur. İki övladı var idi.

Namiq Abbasov 27 mart 2024-cü ildə 84 yaşında vəfat etmişdir. Nardaran qəbiristanlığında dəfn olunmuşdur.

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 24 dekabr 1998 "Şərəf nişanı" ordeni — 1985

İstinadlar

Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycanın Özbəkistandakı səfirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin ikinci katibləri