"Babayi-Əmir" jurnalı () — Bakıda 1915–1916-cı illərdə çıxan həftəlik ədəbi və ictimai-siyasi satirik jurnal.
Jurnalın yaranma tarixi Mətbuatda "zərərli istiqamətli" yazılarına görə Sibirə sürgün edilən Əliabbas Müznibi Romanovlar sülaləsinin üç yüz illiyi münasibətilə əfvə düşdükdən sonra 1913-cü ildə Bakıya qayıdır və yeni mətbu orqanlar yaratmağa başlayır. Lakin sürgün həyatını nəzərə alan yerli çap orqanları onun qəzet təsis etməyinin qarşısını alır. Ə.Müznibi 1914- cü ildə bu işin çarəsini taparaq, fənd işlədib yaşca özündən böyük olan qardaşı Əbülfəz Mütəllibzadənin adına "Dirilik", 1915-ci ilin aprel ayından isə "Babayi-Əmir" adlı satirik jurnalı qeydiyyatdan keçirir.
Beləliklə, "Babayi-Əmir" jurnalı "Dirilik" məcmuəsinin nəşriyyatı olaraq, 1915-ci il 21 apreldən 1916-cı il 17 oktyabradək Bakıda nəşr olunmuşdur. Jurnalın redaktoru şair və ədəbiyyatşünas Əliabbas Müznib, sahibi, naşiri isə onun qardaşı Əbülfəz Mütəlliboğlu olmuşdur. "Babayi-Əmir" jurnalının nəşrinə "Molla Nəsrəddin" jurnalının böyük təsiri olmuşdur. İlk sayında "Gəlmişəm" adlı baş məqaləsində jurnal mətbuat aləminə gəlişini satirik tərzdə belə çatdırır:
Alman imperatoru Vilhelmə müraciət edən məqalə müəllifi yazırdı:
Jurnalda dərc olunan mövzular "Babayi-Əmir"in səhifələrində mədəniyyət məsələləri, satqın ziyalılar, dini fanatizm əleyhinə mübarizə və s. mövzularda yazılara, rəsmlərə geniş yer verilirdi. Yazıları əsasən şeirlərdən ibarət idi. Sələfi "Molla Nəsrəddin" jurnalı kimi, "Babayi-Əmir"də də felyeton, satirik şeir və s. janrlardan istifadə edilirdi. "Babayi-Əmir"in əməkdaşları arasında M.S.Ordubadi, Əli Nəzmi, Seyid Hüseyn, Ə.Vahid, B.Abbaszadə (Hambal), H.İ.Qasımov və başqaları vardı. Həmçinin jurnalda Əliabbas Müznib və "Dirilik"in digər mühərrirləri və şairləri iştirak edirdilər. Eyni zamanda jurnalda Cəfər Cabbarlı, Əliağa Vahidin felyetonları, satirik şeirləri də dərc olunmuşdur.
Babayi-Əmirin əhatə etdiyi ədəbi ictimai məsələlərdə müxtəlif idi. Mütərəqqi ədiblərin jurnalın ətrafına toplaşması və Ə.Müznibinin tərcümeyi-halı yerli çar orqanlarının, Senzura Komitəsinin ciddi narahatlığına səbəb olmuşdu. Qafqaz canişininin mülki işlər üzrə köməkçisi knyaz Orlovun canişini G.S.Kovalyova yazdığı məxfi məktubunda deyilir:
C.Məmmədquluzadə Ensiklopediyasında belə iddia edilir ki, jurnalın cəmi 65 nömrəsi çapdan çıxmışdır. A. Şahverdiyevin fikrinə görə isə jurnalda 30 dekabr 1915-ci ilə qədər 31 nömrə, 2-ci il 1916-cı ildə 29 nömrə, cəmi 60 nömrə çıxmışdır.
Həmçinin ensiklopediyada göstərilir ki, jurnalın 26-31-ci nömrələri üçün Əzim Əzimzadə rəngli rəsmlər çəkmişdir. İyirmi altıncı nömrəsinədək jurnal rəngsiz çap olunurdu. N.Zeynalov və A.Aşırlı fikrinə görə isə jurnalın 27 nömrəsi karikaturasız çıxmışdır. 27-ci nömrədən sonra jurnalda Əzim Əzimzadənin karikaturaları görünməyə başlamışdır.
C.Cabbarlının fəaliyyəti C.Cabbarlının yaradıcılığının birinci dövrü "Babayi-Əmir" jurnalı ilə bağlıdır. Onun burada 50-dən çox satirik şeiri çıxmışdır. C.Cabbarlı öz şeirlərini "Qəyur Əyyar", "Şətrəng Əyyar" təxəllüsləri ilə çap etdirirdi. Bu şeirlərdə Sabir satirasının güclü təsiri vardır. "Görməmişəm, eşitməmişəm" şeirində xalqın qeydinə qalmayıb keflərini çəkən və "beş şahı varı gəzən" dövlətlilər, "Qaç, baba" şeirində qadın azadlığının düşmənləri, "Arvadlar deyirlər" şeirində hər gün qumar oynayıb arvadının sırğasınacan uduzan sərxoş, əyya. kişilər tənqid olunur. C.Cabbarlının şeirləri içərisində ən qüvvətlisi "Üstünə" adlı satiradır. Burada kəskin bir dil ilə o dövrün acı həqiqətləri eydana çıxarılıb tənqid edilir. Jurnalın səhifələrində Ə.Vahidində satirik şeirlərinə və felyetonlarına rast gəlmək mümkün olur. Vahid satirik şeirlərində cəhalət və mövhumatı, ümumiyyətlə feodal-patriarxal həyatı, ruhaniləri və istismarçı sinifləri kəskin tənqid edirdi.
Jurnalın bağlanması "Zərərli istiqamətinə görə" "Babayi-Əmir" jurnalının nəşri 1916-cı il oktyabrın 17-də dayandırılmışdır.
Həmçinin bax Arı (jurnal) Bəhlul (jurnal) Kəlniyyət (jurnal)
Mənbə Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh. 63. Akif Aşırlı "Azərbaycan mətbuat tarixi" I hissə, Bakı-2009 N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:XX əsrdə Bakı Kateqoriya:Satirik jurnallar Kateqoriya:Mollanəsrəddinçi jurnallar Kateqoriya:1915-ci ildə Azərbaycanda yarananlar