Vahid Cəlal oğlu Hacıyev () — azərbaycanlı alim; Biologiya elmləri d-ru (1966), Azərbaycan EA-nın müxbir üzvü (1983), Azərbaycan EA-nın həqiqi üzvü (1989).

Həyatı Vahid Cəlal oğlu Hacıyev 14 fevral 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur.

Ailəsi ilə birlikdə Tərtər rayonuna köçən Vahid Hacıyev burada 1943-cü ildə orta məktəbi bitirmişdir.

1943–1947-ci illərdə S. Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun Tarlaçılıq fakültəsində təhsil almışdır.

1949–1952-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının V. L. Komarov adına Botanika İnstitutunun aspiranturasında oxumuşdur.

Elmi fəaliyyəti 1947–1949-cu illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi çalışmışdır.

1952-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1970-ci ildə professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Elmi fəaliyyətinə 1952-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda baş elmi işçi kimi başlayan Vahid Hacıyev 1957–1958-ci illərdə Botanika Bağında direktor əvəzi, 1957–1972-ci illərdə Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, 1972–1973-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru olmuşdur.

1972-ci ildən Azərbaycan EA-nın Botanika İnstitutunda geobotanika şöbəsinin müdiri, 1978–1988-ci illərdə həmin institutun elmi işlər üzrə direktor müavini, 1988–2008-ci illərdə isə direktoru vəzifələrində çalışmışdır.

Vahid Hacıyev 1979-cu və 1987-ci illərdə müxtəlif miqyaslarda "Azərbaycanın bitki örtüyü" xəritələrini tərtib etmiş, birinci dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılmış və assosiasiya səviyyəsində təsnifatı verilmişdir. O, "Флора Азербайджана" adlı çoxcildli fundamental əsərin V–VIII cildləri üçün 5 fəsiləyə 25 cinsə dair 85 növün yeni sistematik təhlilini vermişdir.

350-dən artıq elmi əsərin və 10 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 5 elmlər doktorluğu və 40-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur.

Vahid Hacıyev AMEA-nın Fəxri Fərmanı, SSRİ-nin "Rəşadətli əməyə görə" medalı (1970) və "Şərəf nişanı" ordeni (1981), Azərbaycanın isə "Şöhrət" ordeni (2004) ilə təltif edilmişdir.

7 aprel 2008-ci ildə 80 yaşında vəfat etmişdir. Vəfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev nekroloq imzalamışdır.

Aprelin 8-də II Fəxri xiyabanda dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Biologiya elmləri doktorları Kateqoriya:Azərbaycan professorları Kateqoriya:AMEA-nın Fəxri fərmanı ilə təltif olunanlar Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycan SSR Elmlər Akademiyasının akademikləri