Avropa (XX əsrin əvvəllərində Yevropa) — tamamilə Şimal yarımkürəsində və əsasən Şərq yarımkürəsində yerləşən bir qitədir. Avrasiyanın qərb hissəsini əhatə edir və şimalda Şimal Buzlu okean, qərbdə Atlantik okean, cənubdan Aralıq dənizi və şərqdə Asiya ilə həmsərhəddir. Avropa ümumiyyətlə, Ural və Qafqaz dağlarının, Ural çayının, Xəzərin və Qara dənizlərinin və Türk Boğazlarının su yollarının Asan bölgədən ayrıldığı hesab olunur. Bu sərhədin çox hissəsi quruda olsa da, böyük fiziki ölçüsü və tarixi və ənənəsinin ağırlığına görə ümumiyyətlə Avropaya tam bir qitə statusu verilir.

Avropa təqribən 10.180.000 kvadrat kilometr və ya Yer səthinin 2%-ni əhatə edir və bu, altıncı ən böyük qitədir. Siyasi baxımdan, Avropa qitənin 39% -ni əhatə edən və əhalisinin 15% -ni təşkil edən ən böyük və ən çox məskunlaşdığı əlli suveren dövlətə bölünür. 2018-ci ildə Avropanın ümumi əhalisi təxminən 741 milyon idi. Avropa iqlimi Asiya və Şimali Amerikadakı iqlimin şiddətli olduğu enliklərdə belə qitənin çox hissəsində qışı və yayı isti keçən Atlantik cərəyanlarından təsirlənir. Dənizdən başqa mövsümi fərqlər sahilə yaxın olduğundan daha çox nəzərə çarpır.

Avropa, xüsusən də qədim Yunanıstan və qədim Roma Qərb sivilizasiyasının doğma yurdu idi. Eramızın 476-cı ildə Qərbi Roma İmperiyasının süqutu və sonrakı miqrasiya dövrü qədim tarixin sonunu və orta əsrlərin başlanğıcını qeyd etdi. İntibah humanizmi, kəşfiyyatı, incəsənəti və elmi müasir dövrə yol açdı. Kəşf Əsrindən bəri Avropa qlobal işlərdə üstünlük təşkil etmişdir. 16-cı və 20-ci əsrlər arasında Avropa gücləri müxtəlif dövrlərdə Amerika, demək olar ki, Afrika və Okeaniya və Asiyanın böyük hissəsini idarə etdilər.

Maarifçilik əsri, sonrakı Fransa inqilabı və Napoleon müharibələri 17-ci əsrin sonundan 19-cu əsrin birinci yarısına qədər qitəni mədəni, siyasi və iqtisadi cəhətdən formalaşdırdı. 18-ci əsrin sonlarında Böyük Britaniyada başlayan Sənaye İnqilabı Qərbi Avropada və nəticədə daha geniş dünyada köklü iqtisadi, mədəni və sosial dəyişikliyə səbəb oldu. Sovet İttifaqı və ABŞ-nin nüfuzunun artması ilə 20-ci əsrin ortalarında Qərbi Avropanın dünya işlərində hökmranlığının azalmasına öz töhfəsini verən hər iki dünya müharibəsi Avropada baş verdi. Soyuq müharibə illərində, Avropa Qərbdəki NATO ilə Şərqdəki Varşava Paktı arasında 1989-cu il inqilablarına və Berlin Divarının yıxılmasına qədər Dəmir pərdə boyunca bölündü.

1949-cu ildə Avropa Şurası ümumi məqsədlərə çatmaq üçün Avropanı birləşdirmək ideyası ilə quruldu. Bəzi dövlətlərin sonrakı Avropa inteqrasiyası Avropa Birliyinin (Aİ), konfederasiya və federasiya arasında yerləşən ayrı bir siyasi qurumun yaranmasına səbəb oldu. AB Qərbi Avropada yaranıb, lakin 1991-ci ildə Sovet İttifaqının dağılmasından bəri şərqə doğru genişlənir. Avropa Birliyi ölkələrinin əksəriyyəti avro, avropalılar arasında ən çox istifadə olunur; və AB-nin Şengen bölgəsi, üzv ölkələrin əksəriyyəti arasındakı sərhəd və immiqrasiya idarələrini ləğv edir.

Coğrafiyası Avropanın ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Mərakeş burnu, qərbdə Roka burnu, şərqdə isə Ural dağlarının şimal qurtaracağı hesab olunur. Ekvator xəttindən xeyli şimalda yerləşir. Lakin şimal qütb sahəsinə az bir hissəsi daxildir. Antarktidadan başqa yeganə qitədir ki, tropik sahəyə daxil deyildir. Qərb hissəsindən başlanğıc meridianı keçir, bu meridian London meqapolisinə daxil olan Qrinviç şəhərindən keçdiyi üçün onu çox vaxt Qrinviç meridianı adlandırırlar. Digər materiklərə görə Avropanın mövqeyi tarixən əlverişliliyi ilə seçilmişdir. Avropa hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışdır. Qərbdə isə Şimali Amerika və başqa materiklərə gedən dəniz yolları üzərində yerləşib. Avropa Atlantik okeanı və Şimal Buzlu okeanı suları ilə əhatə olunub. Sahil xətləri çoxlu parçalanmaya məruz qalmış, girintili-çıxıntılı olması ilə seçilmişdir. Onun sahillərində çoxlu buxta və körfəzlər var. Bu da qabarma və çəkilmələrin təsiri ilə dənizçiliyin inkişaf etməsinə, çoxlu dəniz limanlarının yaranmasına şərait yaratmışdır. Dənizdən xeyli kənarda, Temza çayı sahilində yerləşən London bu səbəbdən mühüm liman şəhərinə çevrilmişdir. Sahil xətlərinin çox parçalanması bir sıra ada və yarımadaların da yaranmasına səbəb olub. Qitə ərazisinin 25%-ni ada və yarımadalar tutur. Avropanın daxili hissələri dənizlərdən çox aralı deyildir. Qərbdə daxili hissələrin dənizlərdən məsafəsi 600km, şərqdə isə 1600km təşkil edir. Avropa dövlətlərinin əksəriyyətinin dənizə çıxışı olduğuna görə, dəniz dövlətləri hesab olunurlar.

Şimaldan Avropa sahillərini Şimal Buzlu okeanının Norveç, Barens və Ağ dənizin suları yuyur. Barens və Ağ dənizləri arasında Kola yarımadası yerləşib. Şimaldakı Yeni Torpaq, Frans-İosif Torpağı və Svalbard adaları da Avropaya aiddir. Atlantik okeanı və onun dənizləri Avropanı qərb və cənubdan əhatə etmişdir. Şimal, Baltik, Aralıq, Qara və Azov dənizi sahillərdə bir sıra körfəz və buxtalar yaratmışdır. Bunlardan Biskay, Fin, Botnik, Riqa və başqa körfəzləri göstərmək olar. Baltik və Norveç dənizləri arasında Avropanın ən böyük yarımadası olan Skandinaviya yarımadası yerləşir. Avropanın digər iri yarımadalarından Pireney, Apennin, Balkan, Krım qeyd olunmalıdır. Avropanın böyük adalarından isə Böyük Britaniya, İrlandiya, İslandiya, Korsika, Siciliya və Sardiniya göstərilə bilər. Aralıq dənizi Avropa sahillərində ən böyük və ən dərin dənizdir. Bu dəniz həmişə istidir (13 °C) və onun ətraf ərazilərin təbiətinə təsiri böyükdür. Buna səbəb isə dayaz və ensiz Cəbəllütariq boğazından nisbətən soyuq okean sularının bu dənizə daxil ola bilməməsidir. Şimali Atlantika isti cərəyanının təsiri ilə Norveç və Barens dənizləri qışda donmur. Bu, gəmiçiliyin daimi inkişafı üçün əlverişli imkan yaradır. Daha cənubda yerləşən Ağ və Baltik dənizləri isə qışda buz bağlayır.

Avropa qitəsi özünəməxsus əlverişli coğrafi mövqeyə malik bir ərazidir. Bu əlverişlilik onun ekvatora və qütb sahəsinə, digər materiklərə, okeanlara görə bir qədər münasib yerləşməsi, sahil xətlərinin əlverişli olması ilə izah oluna bilər. Tarixən Avropa ərazisində insanlar daha çox məskunlaşmış, təsərrüfat cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışlar. Əlverişli coğrafi mövqe, tarixi inkişafın nəticələri bu gün Avropanı dünyanın siyasi, ictimai və iqtisadi həyatında həlledici rol oynamasına gətirib çıxaran amillərdən olub.

Geologiyası thumb|center|600px|Avropanın fiziki xəritəsi Fiziki xəritədə Avropanın şərq və qərb hissələrinin relyefində olan fərqləri asanlıqla müşahidə etmək olar. Bunun əsas səbəbini ərazinin müxtəlif hissələri arasındakı geoloji inkişaf tarixinin xüsusiyyətləndə axtarmaq lazımdır. Ona görə ki, qitənin şərqində qədim platforma, qərbində isə müxtəlif yaşlı geosinklinal strukturlar və cavan platformalar üstünlük təşkil edir. Burada ən qədim və sahəsinə görə ən böyük tektonik struktur Şərqi Avropa platformasıdır. Platformanın qədim bünövrəsi Baltik və Ukrayna kristallik qalxanları şəklində səthə çıxmışdır. Qərb hissədə Şərqi Avropa platforması Atlantik okeanından Sakit okeana qədər uzanan Alp-Himalay geosinklinalı və cavan platforma ilə əhatə olunmuşdur. Platformalar nisbətən sabit sahələridir, onlar düzənlik və orta hündürlüklü dağlara uyğun gəlir. Geosinklinallar isə yerin daha fəal, hərəkətdə olan sahələridir və Avropanın cənubunda Alp dağları qurşağı ilə təmsil olunub.

Avropanın relyefinin formalaşmasında Dördüncü dövrdə baş vermiş materik buzlaşmalarının təsiri böyük olub. Həmin dövrdə yeni tektonik hərəkətlərin təsiri ilə səthin xeyli qalxması və iqlimin soyuqlaşması baş verir. Bu da çox böyük ərazilərin buzlaqlar altında qalmasına gətirib çıxarır. Mütəxəssislər belə hesab edir ki, Dördüncü dövrdə Avropa ərazisində dörd böyük buzlaşma dövrü olub. Ən böyük buzlaşma dövründə buzlağın cənub sərhədi 50° şimal enliklərinə qədər gəlib çatmışdı. Skandinaviya və Britaniya ərazilərindən başlayan buzlaqlar 6 milyon km²-ə qədər ərazi tuturdu. Cənubda, Alp dağlarında isə dağ buzlaşmaları inkişaf etmişdi. Dördüncü dövr buzlaşmalarının izləri Avropanın relyefində aydın görünür. Müasir relyefdə buzlaq relyefinin bəzi formaları (moren tirələri və təpələri) müşahidə olunur. Çoxlu iri və xırda göl çökəklikləri əmələ gəlmiş, sahil xətlərinin girintili-çıxıntılığı artmışdır. Relyefin dəyişilməsinə səbəb olan tektonik hərəkətlər müasir dövrdə də davam etməkdədir. Buna misal olaraq Skandinaviyanın cənub hissələrinin tədricən qalxmasını, Baltik dənizinin cənub sahillərinin isə enməsini göstərmək olar. Avropa ərazisində çoxlu sönmüş və fəaliyyətdə olan vulkanlar var. Fəaliyyətdə olan vulkanlar Aralıq dənizi sahillərində və Atlantik okeanındakı adalarda yerləşir. Apennin yarımadasının qərbində Vezuvi, Siciliya adasında Etna vulkanları mövcuddur. İslandiya adasında Hekla vulkanı, isti bulaqlar-qeyzerlər fəaldırlar. Avropanın cənub hissəsi fəal zəlzələ zonasına daxildir. Burada çox böyük dağıdıcı gücə malik olan zəlzələlər baş verir. Bu da relyefin formalaşmasının və inkişafının davam etdiyini göstərən amillərdəndir.

Relyefi Avropanın şərq hissəsində çox böyük sahəni qədim platforma bünövrəsi üzərində yerləşmiş Şərqi Avropa düzənliyi əhatə edir. Bu düzənliyin səthi bir sıra yüksəklik və ovalıqlardan ibarətdir. Şərqi Avropa düzənliyinin qərbə davamını Baltik dənizinin cənub sahilləri boyu yerləşən Orta Avropa düzənliyi təşkil edir. Skandinaviya yarımadasının şimalını eyniadlı dağlar, cənub və şərq sahələrini isə eyniadlı dağlar tutmuşdur. Britaniya və İrlandiya adaları da daxil olmaqla bu ərazilər Kaledon dövründə əmələ gəlmiş dağ və düzənliklərdən ibarətdir. Avropanın mərkəzi hissəsində orta hündürlüklü Vogez, Şvartsvald, Mərkəzi Massiv, Sudet dağları yerləşir. Cənub hissəni isə meridian istiqamətində yerləşən cavan dağ sistemləri (Alp, Karpat, Balkan, Pireney, Apennin dağları) və düzənliklər tutur. Alp dağlarındakı Monblan zirvəsi (4810 m) Avropanın ən yüksək nöqtəsi hesab olunur.

Daxili suları

Çaylar Avropa qitəsi inkişaf etmiş çay şəbəkəsinə malikdir. Çayların ərazi üzrə paylanması qitənin iqlim şəraitindən, relyefin xarakterindən, geoloji quruluşundan bilavasitə asılıdır. Çayların qidalanmasında yağış, qar, buzlaq suları böyük rol oynayır. Hövzələrinə görə çaylar üç yerə bölünür. Avropa çaylarının çox hissəsi Atlantik okeanı hövzəsinə daxildir. Digər çaylar isə Şimal Buzlu okeanı hövzəsinə və axarsız Xəzər dənizi hövzəsinə aid edilir.

Şimal Buzlu okeanına axan çaylar əsasən qar və yağış suları ilə qidalanır, ilboyu bolsulu olurlar. Qışda onlar uzun müddət buz bağlayır, yazda isə daşırlar. Çayların çoxu qısadır, gəmiçilik üçün az yararlıdır. Lakin onların böyük hidroenerji ehtiyatları var. Şimal Buzlu okeanına axan çaylar içərisində böyüklüyünə görə Peçora və Şimali Dvina çaylarını qeyd etmək olar. Şərqi Avropa ərazisindən axan çaylar axarsız hövzə olan Xəzər dənizinə və Atlantik okeanı hövzəsinə aid olan Baltik, Qara və Azov dənizlərinə tökülür. Bunlardan Volqa(İdil), Dnepr, Don, Ural, Dauqava (Qərbi Dvina), Neman çaylarını göstərmək olar. Onlar öz başlanğıclarını Şərqi Avropa düzənliklərindəki yüksəkliklərdən götürürlər. Relyefin az meyilli olması axının zəif və sakit olmasına, çaylarda geniş vadilərin olmasına gətirib çıxarıb.