İngiltərə tarixi german tayfalarının — anqllar, sakslar, yutlar, frizlərin işğalları və onların bir sıra erkən feodal dövlətlərinin yaradılması ilə başlanır.
Feodalizm dövrü XI-XV əsrlər 1066-cı ildə Normandiya hersoqu Vilhelm Fatehin İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, La Manşı keçdi. Qastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı. İngiltərə torpağının yeddidə birini özünə götürdü. Nəticədə İngiltərədə kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu.
Şəxsən azad olan kəndlilər təhkimli kimi qeydə alındılar. Vergilərin ağırlığına baxmayaraq, şəhərlilər kralı müdafiə edirdilər. Onlar «yüz zülmkardansa, bir zülmkarın olmasını» üstün tuturdular. Kəndlilər feodallara qarşı mübarizəni dayandırmadılar. Onlar meşələrə qaçırdılar. Onları «azad oxatanlar» adlandırır, xalq XIV əsrdə onlara nəğmələr - balladalar qoşmuşdu. Balladaların qəhrəmanı Robin Qud idi.
XII əsrdə İngiltərə kralı II Henrinin (1154-1189) islahatları kral hakimiyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam yerli feodalı xəbərdar etmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. İstintaqı 12 yerli sakin aparırdı. Onlar düzgün istintaq aparmaq üçün Bibliyaya and içirdilər. İstintaqın nəticəsi kral məhkəməsinə təqdim edilirdi. Beləliklə, demokratik dövlətlərdə olan andlı məhkəmələr yarandı. XII əsrdə kralın hərbi yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər sonralar krala «qalxan pulu» adlanan xüsusi haqq ödəyirdilər. Kral bu pulla daimi nizami muzdlu ordu saxlayırdı.
İngiltərə parlamentinin yaranması XIII əsrdə İngiltərə kralı qüdrətli hakimiyyətə malik idi. Bundan istifadə edən kral öz vassallarından çoxlu ödənişlər, şəhərlilərdən ağır vergilər aldı. İri feodallar, cəngavər və şəhərlilər krala qarşı çıxdılar. Kəndlilər bundan istifadə edib malikanələri dağıtmağa başladı. Bundan qorxuya düşən feodallar barışmağa məcbur oldular.
Belə bir şəraitdə 1265-ci ildə İngiltərədə ilk dəfə parlament (fransızca «danışmaq» deməkdir) çağırıldı. XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr (icmalar) palatasına bölündü. Lordlar palatasına yepiskoplar, abbatlar, feodallar daxil idi. Nümayəndələr palatasına hər qraflıqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi.
İngiltərə cəngavərləri ilə şəhərliləri arasında Fransada olan silklər arasındakı kimi kəskin ziddiyyətlər yox idi. Buna görə də nümayəndələr palatası razılıq verməsə, hər hansı bir vergi toplanınası barədə heç bir qanun qəbul edilə bilməzdi. İngiltərə parlamenti dövlət işlərinə Fransa Baş Məclisinə nisbətən böyük təsir göstərirdi. Bunun səbəbi silklər arasında barışmaz ziddiyyətlərin olmaması idi. Fransada olduğu kimi, XIII-XIV əsrlərdə İngiltərədə də mərkəzləşdirilmiş dövlət möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi.
Uot Tayler üsyanı
XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu.
İngiltərədə feodal zülmünün güclənməsi, yoxsullar haqqında amansız qanunların verilməsi, vergilərin artırılması Uot Tayler üsyanına səbəb oldu. 1381-ci ildə Uot Taylerin başçılığı ilə kəndli üsyanı başlandı. Londonun şimalında bir neçə kəndin əhalisinin vergi yığanlara və kral məmurlarına divan tutması üsyan üçün siqnal oldu. Üsyançı kəndlilərə sənətkar,Yüzillik müharibənin iştirakçısı Uot Tayler başçılıq edirdi. Üsyançılar Londona gəlmiş, kral məsləhətçilərinə divan tutmuş, onların evlərini dağıtmışdılar. Kral Tauer qəsrində gizləndi. Xalq qəsri mühasirəyə aldı, kral kəndlilərlə görüşməyə məcbur oldu.
Üsyançılar təhkimçiliyin və biyarın ləğv olunması, torpaqdan istifadə haqqının azaldılması tələblərini krala verdilər. Kral bu vədlərin yerinə yetirilməsinə söz verdi. Lakin Uot Tayler başda olmaqla ardıcıl üsyançılar kralla yenidən görüşdülər və 2-ci tələblərini irəli sürdülər. İcmaların əlindən alınmış örüşlərin və meşələrin geri qaytarılmasını, yepiskopların və monastırların torpaqlarının müsadirə olunub kəndlilər arasında bölüşdürülməsini, İngiltərədə bütün adamlara hüquq bərabərliyi verilməsini tələb etdilər. Danışıq zamanı əyanlar Uot Tayleri öldürdülər. Con Boll edam edildi, üsyançılara divan tutuldu.
Üsyan məğlub oldu. Çünki kəndlilər arasında birlik və mütəşəkkillik yox idi,onlarda yaxşı krallara inam güclü idi. Lakin üsyan nəticəsiz qalmadı: XIV əsrdə bütün kəndlilərin ödənc müqabilində şəxsi asılılıqdan azad olması başa çatdı, feodallar kəndliləri bir daha biyara cəlb edə bilmədilər, yoxsullara qarşı amansız qanunlar yumşaldıldı.
Al qızılgül və ağ qızılgül müharibələri
Yüzillik müharibədən sonra İngiltərənin daxilində iki əyan nəsli və onların tərəfdarları arasında hakimiyyət uğrunda müharibə başlandı. Müharibə 30 il (1455-1485) davam etdi. Onlardan birinin gerbində al qızılgül, o birinin gerbində isə ağ qızılgül olduğuna görə bu müharibəni al qızılgül və ağ qızılgül müharibələri adlandırırdılar. Bu müharibələrdə əyanlar, demək olar ki bir-birini qırıb qurtardılar. Vuruşan əyan nəsillərindən birinin nümayəndəsi olan VII Henrix Tüdor (1485-1509) qalib gəldi və Tüdorlar sülaləsinin (1485-1603) hakimiyyəti başlandı. XV əsrin sonu - XVI əsrin əvvəllərində İngiltərədə kral hakimiyyəti xeyli gücləndi.
XVI-XVII əsrlər XVI əsrdə mahud istehsalı kəndlərdə də yayılırdı. Varlı adamlar yunu və dəzgahı kəndlilərə verir, kəndli istehsal etdiyi mahudu ancaq ona qaytarırdı. Varlı adamlar ustaları kənddə bir emalatxanaya toplayırdılar. Beləliklə, usta kəndlilər indi varlı adamların düzəltdiyi emalatxanada muzdla işləyirdi. Emalatxanın sahibinə kapitalist, işçiyə isə muzdlu fəhlə deyilirdi. Bu cür emalatxanalar kapitalist manufakturası adlanırdı. Sənətkarlar manufakturalarda işləməyə başladılar. Yoxsullar, şagirdlər və usta köməkçiləri manufakturada muzdlu fəhləyə çevrildilər.
Əsasən əl əməyindən istifadə edən müəssisələr manufaktura adlanır. Manufakturada əmək bölgüsü var idi. Əmək məhsuldarlığı yüksək idi. Manufaktura sahibləri, tacirlər, bütün dövlət adamları muzdlu fəhlələrin əməyi hesabına varlanan burjuaziyaya çevrildilər. Burjuaziyanın pulu, müəssisəsi, malı var idi. Muzdlu fəhlələr şəxsən azad idilər. Manufaktura əl əməyinə, fəhlələr arasında əmək bölgüsünə, muzdlu əməyə əsaslanan iri kapitalist müəssisəsi idi. Manufaktura emalatxanadan onunla fərq bu idi ki, manufaktura sahibi işləmir, ancaq manufakturanı idarə edirdi. Emalatxana sahibi isə işləyirdi. Manufakturanın meydana gəlməsi ilə yanaşı, iki yeni sinif,- yəni burjuaziya və muzdlu fəhlə sinifləri də yarandı.
Sənaye Bütün XVI əsr boyu ingiltərədə əhalinin sabit artımı baş verir. Xüsusilə şəhər əhalisi artırdı. London Avropanın meqapolislərindən birinə çevrilmişdi, onun əhalisi XVII əsrin ortalarına doğru 500 minə çatırdı. Birmingem, Mançester, York, Qloster iri ticarət və sənətkarlıq mərkəzləri idi.
XVII əsrin I yarısında ingilis iqtisadiyyatının yüksəlişinə təkan verən amilllərdən biri – daxili bazarın mövcud olması idi. İngilis istehsalının başlıca sahəsi mahudçuluq idi. Milli ixracın təx. 80 %-ni mahud təşkil edirdi. Toxuculuq texnikasında əhəmiyyətli irəliləyişlər baş vermişdi. İstehsal olunan parçaların növləri də genişlənmişdi və müxtəlif bazarların tələbatını ödəməyə xidmət edirdi; məs., təkcə mahudun 14 əsas növünün adı mənbələrdə çəkilir. Fransadan və Niderlanddan olan mühacir-sənətkarlar İngiltərədə ipək parça istehsalının əsasını qoymuşdular.
Manufakturaların meydana gəlməsi də toxuculuq istehsalının yüksəlişini doğururdu. Artıq XV əsrin sonu iri mərkəzləşmiş manufakturalar yaranır. İşçi qüvvəsi əsasən şəhərə köçən kəndlilərdən, qadınlardan və müflisləşmiş sənətkarlardan yığılırdı. Xammalın qiymətinin qalxması sənətkarların müflisləşməsini sürətləndirirdi.
XVI əsrin ortalarından etibarən dağ-mədən sənayesində və metaləritmədə də yüksəliş nəzərə çarpır. Tacirlərin, varlı şəhərlilərin və zadəganların böyük bir hissəsi öz kapitalını məhz bu sahələrə qoyurdu. Əsrin sonuna doğru İngiltərə Avropa ölkələrinə ən iri ixracatçısına çevrilir. Dəmir və polad keyfiyyətinin artması nəticəsində ölkə odlu silah istehsalının da böyük ixracatçısı olur. Bütün bu sahələrdə manufaktura geniş yayılır. Metallurgiyanın artan tələbatı İngiltərədə domna peçlərində daş kömürün geniş istifadəsinə gətiribi çıxarır.
İngilis gəmiqayırma işi böyük uğurlar qazanır. Hərbi və ticarət gəmilərinin keyfiyyəti İngiltərəni iri dəniz dövlətlərindən birinə çevirir.
İngilis istehsalındakı mühüm yeniliklər ticarətin xarakterində də əks olunur. Əgər XV əsrdə ingilislər yun və emal olunmamış mahud ixrac edirdisə, XVI əsrdə bu, artıq yüksək keyfiyyətli emal olunmuş mahud ixracı idi. İngilis metalının əsas alıcıları Fransa, Aralıq dənizi ölkələri, odlu silah alıcıları isə – İspaniya və onun müstəmləkələri idi.
İngilis kompaniyaları içərisində səhmdar cəmiyyətlər meydana gəlir. Bu kompaniyalarda payçılar öz vəsaitlərini birləşdirir, mal alır, gəmilər yola salır, daha sonra qazanılmış kapitalı bölürdülər.
Ticarət kapitalı əsasən səhmdarlıq və bank işi sahələrinə qoyulurdu. Ən mühüm maliyyə əməliyyataları Londonda həyata keçirilirdi, birja və iri bank idarələri də Londonda idi. Bundan əlavə, ticarət kapitalı kənd təsərrüfatına da nüfuz edirdi.
Aqrar inkişaf İngilis iqtisadiyyatının daha bir xüsusiyyəti erkən kapitalist münasibətlərinin təkcə şəhərdə yox, kənddə də yaranması idi. «Yeni zadəganlar» — orta və xırda centrilər bazarla sıx bağlı idilər və iqtisadi şəraiti öz məqsədləri üçün istifadə edirdilər. Lakin torpaqların böyük bir hissəsi kəndlilərə paylanmışdı; onlar bu pay torpaqları əvəzində lendlordlara pur rentası ödəyirdilər. Lendlordlar tədricən onları bu torpaqlardan sıxışdırmaq üçün rentası artırırdılar. Boşalmış sahələri lendlordlar qısamüddətli icarəyə verirdi. Bəzən centrilər ticarət kompaniyalarının payçılarına çevrilirdi və onda bütün proses – qoyun artırılması, mahud istehsalı və satışı onların nəzarəti altına düşürdü.
Əmtəə-pul münasibətlərinin təsiri altında ingilis kəndinin sosial strukturu də dəyişir: kəndli icmaları dağılır. Bir tərəfdən, torpaqsız və aztorpaqlı kəndlilərin sayı artır, digər tərəfdən, azsaylı, lakin möhkəm mövqeli kəndli təbəqəsi yaranır. Varlanmış kəndlilər icma torpaqlarını tutur, bunun üçün alqı, icarə və mübadilədən istifadə edirdi. Bu proses «fermaların yığılması» adlanırdı. İri kəndlilər çox vaxt lendlorların torpaqlarında fermerə çevrilirdilər. Fermer təsərrüfat fəaliyyətinin təşkilatçısı kimi çıxış edirdi, torpağın mülkiyyətçisi isə «rantye»yə çevrilirdi. Onun aldığı icarə haqqı artıq renta yox, kapitalist-sahibkarın gəlirinin bir hissəsi idi. Bu, artıq yeni bir təsərrüfat sistemi idi və muzdlu əməyə əsaslanırdı.
Çəpərləmələr
İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi. «Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi.