Azercell Telekom (qısaca Azercell) — Azərbaycanın mobil rabitə operatoru. 1996-cı ilin dekabrında ölkədə ilk GSM operatoru kimi kommersiya fəaliyyətinə başlamışdır. Abunəçi sayına görə ölkənin ən böyük mobil operatorudur; 2023-cü ildə mobil rabitə bazarındakı payı 48,2% olmuşdur. Bazarın digər əsas iştirakçıları Bakcell və Azerfon (Nar) şirkətləridir.

Şirkət əvvəlcə Azərbaycan hökuməti ilə Turkcellin törəmə şirkəti Azertelin birgə müəssisəsi kimi yaradılmış, uzun müddət İsveç-Fin TeliaSonera və Turkcellin birgə sahib olduğu Fintur Holdings vasitəsilə idarə olunmuşdur. 2018-ci ildən şirkətə nəzarət dövlətə məxsus AzInTelecoma keçmişdir.

Tarixi Yaranması və ilk illər (1996–2007) "Azercell Telekom" 1996-cı ildə Azərbaycan hökuməti və o zaman Türkiyənin Turkcell şirkətinin törəmə şirkəti olan Azertel tərəfindən birgə müəssisə kimi təsis edilmişdir. Şirkət 1996-cı il dekabrın 15-də kommersiya fəaliyyətinə başlamışdır. Sonrakı illərdə ilk rouminq xidməti (1997), "SimSim" adlı əvvəlcədən ödənişli xidmət (1998) və GPRS texnologiyası (2004) istifadəyə verilmişdir. 1999-cu ildə şirkət "Azeronline" internet provayderini təsis etmişdir. Şirkətin məlumatına görə, abunəçilərin sayı 2001-ci ildə 500 minə, 2004-cü ildə 1 milyona, 2007-ci ildə isə 3 milyona çatmışdır.

Mülkiyyət dəyişiklikləri (1996–2018) Azercellin təsisçisi olan Azertelin səhmləri əvvəlcə Fintur Holdings (79,8%) və Türkiyənin iki şirkəti — Cenay İletişim və Cenay İnşaat (hər biri 10,1%) arasında bölünmüşdü. 2008-ci ildə Azərbaycan hökuməti Azercelldəki 35,7%-lik payını 180 milyon ABŞ dollarına Azertelə satmış və Azertel şirkətin yeganə sahibinə çevrilmişdir. Bundan sonra Azerteldə Fintur Holdings-in payı 51,3% olmuşdur.

2018-ci il martın 5-də dövlətə məxsus AzInTelecom ilə Fintur Holdings arasında Azertelin 51,3% səhminin alınması barədə müqavilə imzalanmışdır. Nəticədə AzInTelecom Azercellin idarə olunmasını təmin edən nəzarət zərfini əldə etmişdir. Satış Telia Company-nin Avrasiya regionundan çıxmaq strategiyasının bir hissəsi idi. "Reuters"in məlumatına görə, sövdələşmənin məbləği 222 milyon avro olmuşdur.

Texnoloji inkişaf (2008 – hazırkı dövr) Şirkət 3G texnologiyasını ilk dəfə 2008-ci ildə "BakuTel" sərgisində nümayiş etdirmiş, 3G lisenziyasını isə 2011-ci ildə almışdır. Azadlıq Radiosunun yazdığına görə, Azercell bu lisenziyanı təxminən altı il gözləmiş, həmin vaxta qədər 3G xidməti üzərində Azerfon monopoliyaya malik idi. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini istifadəyə vermiş və həmin il Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin baş sponsoru olmuşdur.

2019-cu il noyabrın 12-də şirkət Ericsson ilə birgə Bakının Fəvvarələr meydanında 5G şəbəkəsini sınaq rejimində işə salmışdır. Həmin il şirkət yeni brend kimliyini təqdim etmişdir.

2021-ci ilin aprelində Zərinə Zeynalova şirkətin prezidenti təyin edilmişdir. 2025-ci ildə nizamnaməyə edilən dəyişikliklə "prezident" vəzifəsinin adı "baş icraçı direktor" (CEO) ilə əvəz olunmuşdur. 2023-cü il oktyabrın 30-da Azercell Birləşmiş Ərəb Əmirliklərinin "e& International" (Etisalat) şirkəti ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən e& şirkətə kommersiya və əməliyyat fəaliyyətinin idarə edilməsində, təchizat sistemi, topdan satış və rouminq imkanlarının genişləndirilməsində dəstək göstərir. Azercell 2024-cü ildə Bakıda keçirilən COP29 konfransının telekommunikasiya tərəfdaşı olmuşdur.

Maliyyə göstəriciləri + Seçilmiş illər üzrə gəlir İl Gəlir (milyon manat) Qeyd 2013 ≈ 458,4 2014 433,3 əvvəlki illə müqayisədə 5,5% azalma 2022 ≈ 532 2023 ≈ 570 7,1% artım; bazar payı 48,2%

Həmçinin bax Bakcell Azerfon AzInTelecom

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanın mobil rabitə operatorları Kateqoriya:1996-cı ildə Azərbaycanda yaranan şirkətlər Kateqoriya:Bakı şirkətləri Kateqoriya:Azərbaycan brendləri Kateqoriya:Mobil telefon şirkətləri