300px|thumb|XVIII əsrdə apaçilərin və navaxoların yayıldığı tarixi ərazilər: navaxolar (N), qərb apaçiləri (WA), çirikayalar (Ch), meskalerolar (M), xikarilyalər (J), lipanlar (L), kayova-apaçilər (PI).
Apaçilər — Şimali Amerikada yaşayan hindu qəbiləsi.
Haqqında Apaçilər və onlara qohum tayfa sayılan navaxlar Şimali Amerikanın bir sıra ərazilərində, Kanadanın cənub və şimal bölglərində indi özlərini demokratiyanın müəllifləri, insan haqlarının bariz müdafiəçiləri elan etmiş "Qoca qitə"nin sakinləri oralara ayaq basanadək əsrlər boyu yaşamışdılar. Hindu tayfaları haqqında təhqiqat aparanlar yazırlar ki, "yeni dünya"nın yerli əhalisinin həyat və düşüncə tərzi, məişətləri çox fərqli olsa da, sonucda ümumi keyfiyyətlərinə görə başqa planetdən gəlmiş kimi görünmürdülər. "Ağlar" (hindu tayfaları Avropadan gələnləri belə adlandırırdılar) onları ilk görərkən qəribə nəzərlərlə baxdıqları kimi "qırmızı dərililər" də (avropalılar da hindulara belə ad vermişdilər) elə eyni maraq və təəccüblə ]]qərb]]li qonaqları qarşılamışdılar. Bəzi təhqiqatçılar qeyd edir ki, ilk dəfə avropalıları görən qoca hindu] kahinlərdən biri belə deyibmiş: mənim tayfamı öldürəcək ağ dalğalar yaxındadır. Bəlkə də həmin vaxt kimsə söhbətin nədən getdiyini anlamamışdı, amma çox keçmədi ki, "Qoca qitə"dən gələnlər Amerikanın zəngin, münbit, ucsuz-bucaqsız torpaqları, sərvətləri üçün hindu tayfalarını kütləvi şəkildə qırmağa, ən yaxşı halda isə onları yaşamaq mümkün olmayan sərt iqlimli, susuz çöllərə köçürməyə başladılar. Hindu tayfaları isə müasir silahlarla silahlanmış "ağlar"a qarşı savaşdılar. Əliyalın, oxlarla, nizələrlə...
Avropalılar uzun illər Amerika qitəsində törətdiklərini gizlətməyə çalışsalar da bu mümkün olmadı. Hərçənd əndazəsi və dərəcəsi bilinməyən bu qətliamların gizlədiləcək bir yönü də qalmamışdı. Hər şey açıq-aşkar baş verirdi. Və "ağlar" daha çox inad göstərənləri, torpaqları, ocaqları, tayfalarının haqqı uğrunda dirənənləri amansızcasına qırırdılar. Hər kəsi, böyük hindu tayfalarını yer üzündən belə silmək istəyirdilər. Və əmin idilər ki, bunlardan ötrü cavab verməyəcəklər. Onları məhkəmələrə çəkmədilər, cəzalandırmadılar. Bütün torpaqlar da onların oldu. Amma "Oturmuş Öküz", "Qırmızı Bulud", Xuan Xose, Xeronimo, Manqas Koloradas... kimi hindu xalq qəhrəmanlarının yaranmasının, özlərinin isə insanlıqdan xaric əməllərinin tarixdə qalmasının qarşısını ala bilmədilər.
Tədqiqatçılar yazır ki, "ağlar"la qorxmadan döyüşən, onlara inanılmaz müqavimət göstərən hindu tayfalarından biri, bəlkə də ən güclüsü apaçilər idi. Kim idi onlar? Apaçilər özlərini əslində "N:::De", yaxud, "İnde" adlandırırdılar ki, bu da "adamlar" mənasını verirdi. "Apaç" adı isə hinduların zuni dilində "apaçu" sözündən götürülmüşdü ki, "düşmən" demək idi. Yəni uzaqdan gələnlərin düşməni. Apaçilər və navaxlar qohum tayfalar olduğu üçün hər ikisi eyni - atapasks dil qrupuna aid idilər.
Cəsur Xuan Xose Onlar ilk dəfə avropalılarla 1540-ci ildə qarşılaşmışdılar. Tədqiqatçılar qeyd edirlər ki, onların avropalılardan - xüsusən də ispanlardan öyrəndikləri ən gərəkli şey at minməkləri olmuşdur. Sonradan apaçilər at minməyə elə yiyələnmışlər ki, onlara bu bacarıqlarından ötrü yalnız qibtə etmək mümkündü. Hətta o zamanlar bir deyim də məşhurlaşmışdı: "yəhər üstündə oturmuş hindunu məğlub etmək çox çətindi". Apaçiləri Cənubi Amerikada ispan işğalçılığı dövründə öz müstəqilliklərini qorumağı bacarmış cəsur Çili araukanlarına bənzədirdilər.
"Ağlar" bu böyük materikdə torpaqları işğal etmək, sərvətlərə sahib olmaq üçün əksər hindu tayfaları ila döyüşməli olurdular. Proseslər qitənin dərinliklərinə doğru irəlilədikcə bu çarpışmalar daha qanlı xarakter daşımağa başlamışdı. "Ağlar "da mütəmadi olaraq Avropadan yeni-yeni qüvvələri okeanın bu tayına cəlb etmək zorunda qalmışdılar. Yerli xalqlar öldürülür, zorla ucqarlara köçürülürdü. Artıq bir sıra dövlətlərin də əsası qoyulmağa başlamışdı. Hindular üçün mübarizənin daha amansız, daha qanl dövrü də məhz bundan sonra başladı.
1846-1848-ci illərdəki müharibə Meksika üçün uğursuz alındığından onlar ölkənin şimal ərazilərini - Arizonanı, Nyu-Meksikanı və bir sıra məntəqələri Birləşmiş Ştatlara təslim etmək məcburiyyətində qaldılar. Bundan sonra Birləşmiş Ştatlar Şimali Amerikadakı yerli tayfaların dizə gətirilməsi üçün hərəkətə keçmiş, müəyyən müddətdən sonra onların bir çoxu ilə bunu bacarmışdılar. Həmin dövrlərdə əsasən Meksika-ABŞ sərhədinin hər iki tərəfindəki ərazilərdə yaşayan apaçiləri sındırmaqsa onlar üçün heç də asan olmadı. Hadisələrin gedişatına nəzər salsaq görmək olar ki, apaçilərə ilk ciddi təzyiqlər Meksika tərəfindən edilməyə başlamışdı.
Hindular cəsur Xuan Xosenin başçılığı altında silahlı mübarizəni gücləndirdilər. Heç bir hərbi akademiyanı oxumayan, heç bir nizami ordu təlimlərində iştirak etməyən bu xalq qəhrəmanı çox çəkmədi ki, canlı əfsanəyə çevrildi. Xuan Xose çox ağıllıca davranaraq hökumətin nizami əsgəri birlikləri ilə üz-üzə döyüşə girmir, bir neçə kiçik dəstələrə bölünərək qəfl və sürətli həmlələrlə onlara tutarlı zərbələr endirərək bir göz qırpında yoxa çəkilirdilər. Özü də belə amansız basqınlar hər zaman, hər yerdə baş verə bilərdi. Hətta apaçilər onların əsgəri düşərgələrinə yaxın yerlərədək gələ bilirdilər.
Böyük xəyanət Hakimiyyət silahlı mübarizə ilə onların öhdəsindən gələ bilməyəcəyini anlayıb hiyləyə əl atmaq qərarına gəldi. Hökumət hər apaçi skalpına (başının dərisinə) görə mükafat verəcəyini elan etdi: hər kişi skalpına görə 100 dollar, qadın skalpına görə 50 dollar, uşaq skalpına görə 25 dollar vəd olunurdu. Amma bu azmış kimi hakimiyyət Şimali Amerikada tanınmış ovçu Consonla sövdələşməyə girərək onu da bu işə cəlb etməyi bacardı. Apaçilərlə yaxşı münasibətdə olan Conson hətta özünü Xuan Xosenin dostu kimi də tanıda bilmişdi.
Conson hiyləsini həyata keçirmək üçün apaçilərlə dost kimi görüşməkdən ötrü onların məskunlaşdığı məkana getdi. Bu zaman o özü ilə hinduların diqqətini çəkəcək müxtəlif cür hədiyyələr də aparmışdı ki, öz niyyətini daha rahat həyata keçirsin. Conson özü ilə hissələrə ayrılmış səhra topu da gətirib gizli bir yerdə quraşdırmış və onu hinduların toplaşacağı yerə tuşlamışdı. Ovçu təyin etdiyi yerdə hindularla görüşərkən onlara dost kimi hədiyyələr gətirdiyini söylədi. Sadəlövh hindular Consonun sözlərinə inanıb sevinc içərisində hədiyyələrə baxmağa cumdular. Bu zaman səhra topu atəşə başladı. Ardınca isə pusquda gözləyən silahlı əsgərlər də hücuma keçdilər. Hərbi rəhbər Xuan Xoseni isə Conson şəxsən özü güllələdi. Çünki onun öldürülməsi üçün böyük mükafat vəd olunmuşdu. Tədqiqatçılar qeyd edir ki, həmin qətliamda kimsəyə aman verilmədi. Nəticədə 400-dən çox apaçi qanına-qəltan edildi.
Manqas Koloradasın mübarizəsi Amerikalılar bu hiyləgər sövdələşmə ilə apaçilərə sarsıdıcı zərbə vursalar da bunun əvəzini çox acı şəkildə ödəməli olmuşdular. Bu qanlı hadisə baş verən zamandan - 1855-ci ildən başlayaraq apaçilər təkcə Meksikaya qarşı deyil, eyni zamanda ABŞ-yə qarşı müharibəyə girişdilər. Öldürülmüş başçının yerinə ondan da igid, ondan da cəsur bir lider Manqas koloradas keçdi. Onların "ağlar"a qarşı hücumları, zərbələri daha amansız xarakter aldı. Koloradasın Santa-Pita və Pinos-Altos şəhərlərinə hücumlarını Consonun qətiliamla nəticələnən xəyanətinə tutarlı cavab saymaq olar.
Lakin bununla belə Manqas Koloradas yaxşı anlayırdı ki, azsaylı apaçi tayfalarının ABŞ, Meksika kimi güclü düşmənləri qarşısında dura bilməsi üçün mütləq birlikdə hərəkət etmələri gərəkdir. Lakin bunu bacarmaq elə də asan məsələ deyildi. Yüzilliklər boyu tayfa adət-ənənələrinin daşlaşdığı, liderin yeganə söz sahibi olduğu ortamı təsəvvürə gətirdikdə birliyin yarana bilməsi qəti real görünmürdü. Bunu necə yaratmaq olardı ki?. Amma cəsur Manqas Koloradas çox çətin, mürəkkəb bu işin də çarəsini tapdı. Manqas Koloradas ailə ədət-ənənələrinə çox böyük hörmət olunduğu apaçi tayfalarının məhz bu xüsusiyyətindən istifadə etdi. Əvvəlki arvadlarının qızğın etirazına baxmayaraq özü Meksika ərazisində yaşayan apaçilərin böyük bir qolunun liderinin qızı ilə evləndi. Öz qızlarını isə qonşu tayfaların liderlərinə verdi. Sonuncu qızını navax tayfasının başçısı il' evləndirib əksər qəbilələri qohumluq bağları ilə bir araya gətirib bir ittifaq yaratdı. Hətta həmişə özünü kənarda saxlayan iri tayfalardan sayılan çirikaualılar da bu "ittifaqa" qoşuldu. İndi onlar bir-biri uğrunda döyüşməyə borclu idilər. Çünki hindular hörmət bəslədikləri şəxsləri, tayfaya aid olanları darda qoymağı özlərinə təhqir sayırdılar. Beləliklə, apaçilərin müqavimət hərəkatı böyük bir əraziyə - Meksikanın şimal əyalətlərinə, habelə Birləşmiş Ştatların Arizona, Nyu-Meksika və onlara yaxın bölgələrinə yayıldı.
Bundan sonra hinduların hücumları da kəskinləşdi, daha ciddi xarakter aldı. Gəlmələrin işi isə bir az da çətinləşdi. Çünki yerli şəraiti, hər bir cığırı, hər bir qayanı, gölü, təpəni... əzbər bilən hindular əsgərləri asanlıqla pusquya sala, onları qəfil yaxalaya bilirdilər. Bundan başqa, apaçilər çöl həyatına əsgərlərdən daha yaxşı uyğunlaşmış halda idilər.
Apaçilərin növbəti intiqamı Manqas Koloradas savadsız olsa da hərbi işlərdən çox yaxşı anlayırdı. Nə vaxt geri çəkilməyi, nə vaxt hücuma keçməyi, harada pusqu qurmağı, nə zaman döyüşdən yayınmağı... yüksək səviyyədə bacarırdı. Manqası düşmənə tanıtdıran elə ilk uğurlu əməliyyat oldu. Onda Nyu-Meksikada əsgəri birliklərin onlardan xəbər tuta biləcəkləri ərazidən keçərək kiçik bir gölün yaxınlığında düşərgə qurdular. O yerdə ki, bir neçə gün əvvəl, gecələrin birində 6-7 hindu gəlib orada səngər rolu oynaya biləcək xəndəklər qazmışdılar və üstünü otlarla, çırpılarla örtmüşdülər. Manqas apaçilərin böyük bir süvari dəstəsinə əmr vermişdi ki, axşam qaranlığından istifadə edib səssizcə yaxınlıqdakı təpəliklərin arxasında gizlənsinlər və döyüşə hazır olsunlar.
Kəşfiyyat əsgəri qarnizona xəbər verdi ki, 30-35 nəfərdən ibarət bir apaçi dəstəsi xeyli aralıda düşərgə salıb orada gecələməyə hazırlaşır. Ətrafdakı vəziyyət öyrəniləndən sonra 120 nəfərlik əsgəri bölük sübh tezdən onları məhv etmək üçün yola çıxdılar. Hindular yaxşı bilirdilər ki, əsgərlər gecə qaranlığı zamanı döyüşə girməkdən çəkinirlər. Sübh tezdən əsgərlərin apardıqları müşahidələr də onu anladırdı ki, apaçilər hər şeydən xəbərsizdi. Orada arxasında müdafiə oluna biləcəkləri bir-iki ağacın gövdəsindən başqa yuxulu hinduların heç yerə sığına bilməyəcəklərini güman edən əsgərlər qəfil hücumla onların hamısını öldürə biləcəklərinə inanırdılar. Ona görə də tərəddüd etmədən hücuma başladılar.
Belə bir həmləni onsuz da gözləyən, amma hər şeydən xəbərsiz kimi özlərini göstərən apaçilər bir göz qırpımında həmin səngərlərə girərək qarşılıq verdilər. Əsgərlərin atəşləri isə onlara ziyan vermirdi. Hökumət qoşunlarının ön sıraları ilk olaraq ciddi itkiyə məruz qaldı. Bu üzdən əsgərlər də həmin düzənlik ərazidə münasib yerlərdə mövqe seçib apaçiləri mühasirəyə almağa cəhd etdilər. Əslində bu ağlabatan bir strategiya idi. Çünki belə situasiyada arxalarında göl olan hinduların geri çəkilməyə, qaçmağa yolları qalmırdı və üstün sayda olan əsgərlər tərəfindən əvvəl-axır məhvə məhkum olacaqları daha gerçək görünürdü. Hətta bir qədər kənarda yerləşən hərbi düşərgədən əlavə qüvvələrin çağrılması da işi tezləşdirə bilərdi. Amma Koloradas bunların hamısını qabaqcadan hesablamışdı.