“Harry Potter and the Prisoner of Azkaban: Original Motion Picture Soundtrack” - 25 may 2004-cü ildə satışa çıxarılmış albom. Film musiqisinin müəllifi Con Vilyamsdır. Film musiqisinə iki əsas mövzu daxildir: "Window to the Past" və "Double Trouble", digər musiqilər isə digər filmlərdə də istifadə olunmuşdur. Digər iki məşhur mövzu isə zaman çevirici və Sirius Blekin Harrini izləməsini təsvir etmək üçün istifadə olunmuş musiqilərdir. Film musiqisi “Abbey Road Studios”, Londonda yazılmışdır. “Billboard 200” hit-paradında 68-ci yerdə debüt edən albom “Top Soundtracks Chart”da üçüncü yerə yüksəlmişdir.
Albom “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Oskar mükafatına, “Vizual Mediada Ən Yaxşı Musiqi” nominasiyasında Qremmi mükafatına və “İlin Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Dünya Film Musiqisi Mükafatına namizəd göstərilmişdir. Kompozisiyaların siyahısı
Kompozisiya detalları Double Trouble
Bu mövzu Con Vilyams tərəfindən filmin istehsalı ərəfəsində yazılmışdır, çünki, bəstəkar Hoqvartsa geri qayıdan uşaqların isti qarşılanmalı olduqlarını düşünürdü. Mövzunun mətni Şekspirin “Maqbet” əsərindən götürülmüşdür. Musiqi London Oratoriya Məktəbi tərəfindən ifa olunmuşdur.
Forward to Time Past
Bu mövzu Hermiona və Harrinin keçmişə qayıtmaq üçün zaman çeviricidən istifadə etməsi zamanı istifadə olunur. Musiqi boyu eşidilən saat tıqqıltısı vaxtın keçməsini xatırladır. Musiqidə dörd əsas not üzərində qurulan motiv təkrarlanır, daha sonra səslənən taxta nəfəsli alətlər hərəkət hissi yaradır.
The Dementors Converge
Bu musiqi Harrinin Sirius Bleki Dementorlardan qorumağa çalışması səhnəsində istifadə olunur. Bu mövzu simlilərin həzin ifası ilə başlayır, lakin, musiqi inkişaf etdikcə Vilyams pikkoloları işə salır və uzun notlar təzyiq hissi yaradır. Kuliminasiya məqamında litavrların ritmini xorun səsi müşayiət edir və bu ifa musiqinin tempini zəiflədərək arfaların ifasına keçir. Simlilər musiqini başqa istiqamətə yönəldir və burada Con Vilyamsın “Patronus Light” mövzusundan istifadə olunur.
Finale
Bu mövzu daha çox “Harri Potter və Alov Qədəhi” filminin treyler musiqisi kimi məşhurlaşmışdır.
Tənqidçilərin mövqeyi
Albom film musiqisi tənqidçiləri tərəfindən əsasən yaxşı qarşılanmışdır. "MovieCues"-dan Arçi Vott albomu qiymətləndirərək qeyd edir ki, "2004-cü ilin ən yaxşı film musiqisi albomlarından biridir və Con Vilyams pərəstişkarları onun istənilən filmə yazdığı musiqini dinləməyə şad olurlar."
İstinadlar
02 Kateqoriya:2004-cü ilin musiqi albomları