Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; ) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur.Yaddaş müharibəsi: Zaqafqaziyada miflər, identiklik və siyasət V. A. Şnirelman, səh 103 Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Türkmənçay (1828) müqaviləsinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Həyatı Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir.Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: Şərq-Qərb, 2006, 328 s. səh. 305 250px|thumbnail|left|General İ. F. Paskeviçin İran şahzadəsi Abbas Mirzə ilə görüşü. Deh-Harreqan, 1827-ci il. A. Bakıxanov bu görüşdə tərcüməçi kimi iştirak etmişdir.1819-cu ildə Bakıxanov ozamankı Qafqazın baş hakimi general A. Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Həmçinin, burada o A. S. Qriboyedovla tanış olmuşdur; hətta sonuncu öz əsərlərinin ilkin variantını A. Bakıxanova oxumuşdur. Həmin dövrdə Tifilsdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün "Şərqdə min bir gün" adlı əsərində A. Bakıxanov yaradıcılığına yüksək qiymət verir. A. Bakıxanov A. S. Qriboyedov, F. Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş, 1833–1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A. S. Puşkinin ailəsi ilə tanış olmuşdur.Mirəhmədov Ə. Azərbaycan jurnalistləri və naşirləri. Bakı:"Ərgünəş", 2013, 272 s. səh.34 Abbasqulu ağa Bakıxanov 1832-ci ildə Bakıda fəaliyyətə başlayan ilk dünyəvi qəza məktəbinin yaradıcılarından biri kimi Azərbaycanda dünyəvi təhsilin formalaşmasına mühüm töhfə vermişdir. 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı "Gülüstan" adlı ədəbi məclis yaratmışdır. Bir jurnalist kimi o, "Tiflisskiye vedomosti", "Zakavkazskiy vestnik", "Kavkaz" qəzetlərinin fəaliyyətində iştirak etmişdi. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.
Bədii yaradıcılığı Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır.
Poemaları A. Bakıxanovun Varşavada olarkən yazdığı "Merace-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzi-hal"ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir.Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. IV cid. Bakı: "Elm", 2011. s.123 Və Yaradıcılığının ilk illərində onun dünyagörüşü üçün dini sxolastika və mistika səciyyəvi idisə, bu əsərlərinə dini mistikadan çox uzaqlaşır. A. Bakıxanov "Firəng məclisi" poemasında həyat təcrübəsi çox məhdud olan bir gənc zadəganın günlərini əyan məclislərində, eyş-işrətlə keçirən, sərbəst, mənasız həyat sürən ərli gözəl bir xanıma aşiq olması, onun uğursuz məhəbbət macəraları, keçirdiyi hiss və həyəcanları, mənəvi iztirabları romantik üslubda əks olunub. Poemalarından aydın görünür ki, o, Avropa zadəgan təbəqələrində hökm sürən sevgi, ailə münasibətlərini, əxlaq normalarını bəyənməmişdir, lakin o, Avropa zadəgan təbəqələrinin məişətini və adət-ənənələrini təsvir edərkən tünd satirik boyalara müraciət etməmişdir. O, belə hesab edirdi ki, hər bir xalqın özünəməxsus həyat tərzi, adət-ənənələri, əxlaq normaları vardır və onlar həmin xalq üçün xoşdur, əzizdir. Şair "Firəng məclisi" poemasını mənalı, ibrətamiz bir sonluqla bitirir: Həqiqət axtarana lazımdır möhkəm dəlil, Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil. Yaxşıya da, pisə də bir pərdə çəkilmişdir. Özgəyə ayıb tutmaq özü də ayıb işdir. Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan, Təkcə sən öz əqlinə arxalanma heç zaman. Ağılla dərk edirik nöqsan cəhətləri biz, Nöqsanını dərk edən ağıllıdır şübhəsiz. "Xəyalın uçuşu" poemasında isə şair Rusiyanı səyahət edərək Lehistana (Polşaya) getməsindən və bir neçə ay Varşavada yaşayaraq şəhərin ağıllı, savadlı, mötəbər dövlət nümayəndələri və alimləri ilə tanış olmasından, yüksək zadəgan məclislərində iştirak etməsindən bəhs edir. Polşanın baş hakimi vəzifəsində çalışan Paskeviçi yüksək ləyaqətə malik olan dövlət xadimi kimi tərifləyir, polyak zadəgan xanımlarının gözəlliyinə məftun olduğunu bildirir. Şair Varşavada maraqlı, mədəni bir mühitə düşməsinə baxmayaraq buradakı həyatından, taleyindən razı deyildir. O, burada mənəvi rahatlıq tapa bilməyib, ağır mənəvi iztirablar keçirir. A. Bakıxanov Varşavada keçirdiyi bu daxili mənəvi təlatümü, ruhi sıxıntıları əsərdə maraqlı bir şəkildə əks etdirmişdir.Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. IV cid. Bakı: "Elm", 2011. s.124 Poemada öz doğma diyarının, kəndinin parlaq, əlvan, romantik boyalarla təsvir və tərifini verən şair bu əsərini vətənpərvər misralarla bitirir: Bir əhd etdim xəyalıma bu axşam, Bu səfərdən əgər mən sağ qayıtsam, O guşədə sakit qərar tutaraq, Yaşayaram qovğalardan mən uzaq. Qalan ömrü keçirərəm firavan Şükür edərəm Allahıma hər zaman. Qüdsi, xoşdur Əmsar adlı məskənin, Şəhərlərdən çox üstündür öz kəndin.
Təmsilləri Abbasqulu ağa Bakıxanov "Tülkü və qoyun", "Qurd və ilbiz", "Yersiz iftixar" kimi təmsillərin müəllifidir. Onun qələm yaradıcılığından çıxan hər bir əsər zövq oxşayır. A. Krılovun "Eşşək və bülbül" təmsilini tərcümə etmişdir. Onun "Tatar nəğməsi" adlı şeiri polyak şairi Lado Zablotski tərəfindən polyak dilinə çevrilmişdir.
Elmi əsərləri Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir. "Qanuni-Qüdsi", "Əsrarül-məlaküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərir.
"Qanuni-Qüdsi" əsəri Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir. Əsər -ci ildə yazılmışdır. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, "Hərflər" (fonetika), "Kəlmələr" (morfologiya) və "Cümlə" (sintaksis) adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir. 1826 — Rusiya – İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir. "Qanuni-Qüdsi" əsərini özü rus dilinə ("Краткая грамматика персидского языка") tərcümə etmişdir.
"Kəşfül-Qəraib" əsəri 150px|right|thumbnail|Bakıxanovun Bakıdakı heykəli Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", digəri "Ümumi coğrafiya"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın Xristofor Kolumb (1451–1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs edir. Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov "Məriz" təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451–1506) başına gələn əhvalatlar, ozamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır. "Ümumi coğrafiya" — fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. "Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən. bəhs etmişdir. Yarımçıq qalan "Ümumi coğrafiya" əsəri haqqında müəllif özü belə məlumat verir: "Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir". Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində "Əsrarül-Mələkut"u yazarkən özünün "Ümumi coğrafiya" əsərindən müəyyən qədər istifadə etmişdir.
"Əsrarül-məlaküt" əsəri
Əsərinin müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi hissəsindən" götürüldüyü qeyd olunur. Bu əsər ərəb dilində qələmə alınmışdır. Əsərdə müəllif islamın ehkamlarının əksinə olaraq heliosentrik nəzəriyyəyə tərəfdar çıxmışdır. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur. Maraqlıdır ki, o bu əsəri 1832-ci ildə yazmış və özü ilə 1846-cı ildə Türkiyəyə aparmış və Osmanlı sultanı Sultan Əbdülməcidə təqdim etmişdir. Əsər 1848-ci ildə Türkiyədə "Əfkarül-cəbarut fi əsrarül-məlakut" adı ilə İstanbulda nəşr olunmuşdur. O bu çapı görə bilməmişdir. Müəllifin qeyd etdiyinə görə əsərin farsca da variantı olmuşdur, lakin həmin variant əlimizdə yoxdur. Onun ərəb dilində yazılmış digər elmi əsəri "Eynəl-mizan" adlanır. Əsər məntiq elminə həsr olunub. Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-əxlaq", digəri isə "Kitabi-nəsihət"dir.
"Təhzibül-əxlaq" əsəri