İmitasiya Oyunu () — 2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun "Alan Türinq:Eniqma" bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən "Kodun sındırılması" tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmi. Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökumət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır.

Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. "The Weinstein Company" 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribütorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-də isə 28 noyabrda təqdim edilmişdir.

İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyada mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür. Film, 72-ci Qızıl Qlobus mükafatlarının təqdim edilməsi mərasimində beş, 21-ci Ekran Aktyorları Gildiyası mükafatlarının təqdim edilməsi mərasimində Ekran əsərində Ən Yaxşı Performans kateqoriyası da daxil olmaqla üç kateqoriyada mükafata namizəd göstərilmişdir. Ən Yaxşı Film və Ən Yaxşı Britaniya Filmi nominasiyaları da daxil olmaqla film doqquz nominasiyada BAFTA mükafatına namizəd göstərilmiş, 39-cu Toronto Beynəlxalq Film Festivalında isə Xalqın Seçimi Mükafatına layiq görülmüşdür.

LGBT vətəndaş haqqları təşkilatları və siyasi lobbiləşmə təşkilatı İnsan Haqqları Kompaniyası Türinqin irsini geniş ictimayətə çatdırdığına görə "İmitasiya oyunu" filmini yüksək qiymətləndirmişdir, lakin film bəzi tarixi hadisələrin dəqiq təsvir edilməməsi, Türinqin xasiyyətləri və əlaqələrinin düzgün çatdırılmamasına görə tənqid edilmişdir.

Məzmunu

Filmin təkxəttli olmayan ssenarisi 1951-ci ildə riyaziyyatçı Alan Türinqin evinə edilən basqından sonra Nok və Stil adlı polislərin onun evinə gəlməsi ilə başlayır. Türinqin şübhəli davranışı və hərbi xidmət keçməsi haqqında qeydlərin tapılmaması, Nokda onun SSRİ casusu olması haqqında şübhə oyadır. Nok tərəfindən dindirilmə zamanı Türinq Bleçli parkda işlədiyi zaman yaşadıqları haqqında danışır.

Daha sonra 1927-ci ildə baş verən hadisələr təsvir olunur, gənc və xoşbəxt olmayan Türinq məktəbdə təhsil alır. O, Kristofer Morkom adlı məktəb yoldaşı ilə yaxın dostluq edir və ona qarşı romantik hisslər bəsləyir, Kristofer Alanın diqqətini kriptoqrafiyaya cəlb edir. Türinq sevgisini etiraf etməyə imkan tapmamış Kristofer vərəmdən ölür.

1939-cu ildə Böyük Britaniyanın Almaniyaya müharibə elan etməsindən sonra Bleçli parka səfər edir və kommander Alistar Dennistonun təşkil etdiyi Hyu Aleksander, Con Kernkross, Piter Hilton, Keyt Furman və Çarlz Riçardın daxil olduğu kriptoqraflar dəstəsinə qoşulur. Dəstə nasistlərin gizli məlumatlar ötürmək üçün istifadə etdikləri Eniqma maşının göndərdiyi kriptləri sındırmağa çalışır.

Türinq üçün dəstənin digər üzvləri ilə işləmək çətin olduğundan, o tək fəaliyyət göstərir və Eniqmanı deşifrə etmək üçün yeni maşın yaratmağa çalışır. Dennistonun yeni maşın yaradılmasını maliyyələşdirməyə imtina etməsindən sonra, Türinq Vinston Çörçilə yazır və Çörçil maşını maliyyələşdirməyi tapşırmaqla yanaşı, Türinqi işçi qrupun rəhbəri təyin edir. Türinq Furman və Riçardsı dəstədən uzaqlaşdırır və onların əvəzinə işçi tapmaq üçün qəzetdə krossvord nəşr etdirir. Kembric Universitetinin yetirməsi olan Coan Klark Türinqin testini hamıdan uğurlu keçsə də, valideynləri onun Bleçli parkda oğlanlar arasında işləməsinə icazə vermirlər. Türinq onun qadın işçilərlə birlikdə yaşamasına şərait yaradır və hər gün görüşərək işdə irəliləyişlər və planlar haqqında məlumatlandırır.

Türinq gəncliyində sevdiyi oğlanın şərəfinə Kristofer adlandırdığı maşını quraşdırsa da, maşın almanların hər gün gecə on ikidə konfiqurasiyanı dəyişməsindən əvvəl Eniqmanın kodunu sındıra bilmir, Denniston maşının sındırılmasını və Türinqin işdən uzaqlaşdırılmasını əmr etsə də, dəstənin digər üzvləri Türinqin gedəcəyi halda işi tərk edəcəklərini bildirirlər. Valideynlərinin tələbi ilə Klark Bleçlini tərk etmək istədikdə Türinq ona evlilik təklif edir və Coan razılaşır. Kerinkrossla söhbət zamanı Türinq homoseksual olmasını etiraf edir, Kerinkross isə ona bunu sirr olaraq saxlamağı məsləhət görür. Almanların göndərdikləri gizli mesajları tutan işçi qızlardan biri ilə danışdıqdan sonra Türinq qərara gəlir ki, gündəlik göndərilən bütün mesajlarda olan bir neçə sözü təyin etməklə maşının işini asanlaşdırmaq olar. Bundan sonra Kristofer qısa zamanda Eniqmanın kodunu sındırmağa və mesajları oxumağa nail olur; lakin onlar uzun müddət Enqimanın sındırılması faktını gizli saxlamağa məcbur olurlar.

Türinq Kerinkrossun SSRİ casusu olmasını müəyyən edir. Kerinkross bunu etiraf edərək Sovetlər və Böyük Britaniyanın məqsədlərinin eyni olduğunu bidirir və sirrini açacağı halda, Türinqin homoseksual olmasını hamıya deyəcəyini bildirir. MI6 agenti Stüart Menzisin Klarkı təhdid etməsindən sonra Türinq Kerinkrossun casus olmasını deyir. Menzis bunu çoxdan bildiyini və qəsdən Sovetlərə məlumat ötürmək üçün Kerinkrossu dəstəyə yerləşdirdiyini deyir. Klarkın təhlükəsizliyindən narahat olan Türinq ona Bleçli prakı tərk etməsini söyləyir, homoseksual olduğunu bildirir və heç vaxt Klarkla maraqlanmadığını deyir. Müharibədən sonra Menzis kriptoqraflara bu vaxta kimi yaratdıqları bütün işləri məhv etməyi tapşırır və hər şeyin yaxşı olacağı təqdirdə bir də görüşməyəcəklərini bildirir.

1950-ci illərdə Türinq əxlaqsızlıqda günahlandırılır (homoseksual olmasına görə) və həbs cəzası əvəzinə kimyəvi kastrasiya yolunu seçir ki, yaratdığı maşın üzərində işləri davam etdirə bilsin. Türinqi ziyarət edən Klark onun həm fiziki, həm də mənəvi baxımdan bitkin vəziyyətdə olduğunu görür. O, Türinqə xatırladır ki, onun işləri milyonlarla insanın həyatını xilas edib və vaxtilə Kristoferin işlətdiyi ifadəni xatırladır: "Bəzən heç kimin güman belə etmədiyi insanlar, heç kimin gözləmədiyi möhtəşəm işlər görürlər."

Rollarda 200px 187px Əksər tədqiqatçılar aktyor Benedikt Kamberbetçin (solda) Alan Türinq (sağda) rolu üçün ən yaxşı seçim olduğunu qeyd edirlər. Benedikt Kamberbetç -Alan Türinq Kira Naytli — Coan Klark Metyu Qud -Hyu Aleksander Rori Kinner — Detektiv Nok Allen Liç — Con Kernkross Metyu Bird — Piter Hilton Çarlz Dens — Kommander Alistar Denniston Mark Stronq — Stüart Menzies Ceyms Norskot — Cek Qud Stiven Ueddinqton — Supt Smit Tom Qudmen-Hill — Sgt. Stil Aleks Lavzer — gənc Alan Türinq Cek Bennon — Kristofer Morkom Tuppens Middlton] — Helen Devid Çarkam — Coanın atası, Vilyam Kempt Lavzer Klark Viktoriya Viks — Coanın anası, Doroti Klark

İstehsal

Ad Filmin adı Türinqin 1950-ci ildə nəşr edilmiş və süni intellektin təhlil edildiyi "Hesablayıcı maşınlar və kəşfiyyat" adlı məqaləsində qeyd edilən eyni adlı testdən götürülmüşdür. Məqalə "Mən bir sual vermək istəyirəm, 'Maşınlar fikirləşə bilərmi?' Bu, 'maşın' və 'fikirləşmək' sözlərinin anlamının dəqiqləşdirilməsi ilə başlayır." fikrirləri ilə açılır.

Çəkilişlər Kamberbetçin layihəyə qoşulmasından əvvəl "Warner Bros." ssenarini alarkən, Leonardo Dikaprionun Türinqi canlandırmaq istəyini nəzərə alaraq ssenarini yeddi qat baha qiymətə satırlar. Sonda Di Kaprio layihəyə qoşulmadı və ssenarinin hüquqları müəllifə qaytarıldı. Sonradan "Black Bear Pictures" filmi maliyyələşdirmək qərarına gəldi və film üçün $14 milyon ayırdı. Layihənin inkişafı zamanı Ron Hovard və Devid Yets də daxil olmaqla müxtəlif rejissorlarla əlaqə saxlandı. 2012-ci ildə Baş ovçuları filminin rejissoru kimi tanınan Morten Tildumun layihə üzərində işə razılaşdığı və bu filmin rejissorun ilk ingilis dilli filmi olacağı açıqlandı.

Filmin əsas çəkilişləri 15 sentyabr 2013-cü ildə İngiltərədə başladı. Filmin çəkiliş məkanlarına Türinqin təhsil aldığı Şerbone məktəbi və kriptoqrafların İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərdikləri Bleçli park da daxil idi. Digər çəkiliş məkanlarına Nettlbed (Oksfordşirdə Coys Qrov) və Çeşam (Bukingemşir) şəhərcikləri daxil idi. Bəzi səhnələr Bayçester aerodromunda və Çanseri Leynin Hüquq Cəmiyyəti Binasının yaxınlığında çəkilmişdir. Əsas çəkilişlər 11 noyabr 2013-cü ildə tamamlanmışdır.

Filmdə istifadə olunmuş Bombe elekto-mexanik maşını Türinqin hazırladığı və Bleçli parkdakı muzeydə saxlanan orijinal maşın əsasında hazırlanmış replikadır. Quruluşçu-rəssam Mariya Djurkoviç qeyd edir ki, onun rəhbərlik etdiyi işçi komandası maşını daha kinomatoqrafik edərək, orijinaldan böyük ölçüdə və daxili mexanizmlərin görünəcəyi formada hazırlamışlar.

"The Weinstein Company" 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribütorluğu üçün ödənən ən böyük məbləğdir. Film həm də rejissorlara elm, riyaziyyat və texnologiya ilə bağlı innovativ filmlərin çəkilməsinə kömək edən Tribeka Film Festivalının Sloan Rejissor Fondunun qəbuledicisi olmuşdur.

Film musiqisi

2014-cü ilin iyununda bəstəkar Aleksandr Desplatın film üçün musiqi yazacağı elan edildi. Desplat film musiqisinin yazılması və orkestrasiyasını üç gün ərzində tamamladı. Film musiqisi London Simfonik Orkestri tərəfindən Londonda yerləşən Abbey Road Studiosda yazılmışdır.

Desplat bütöv bir struktur şəklində qavranılan film musiqisinin yazılması işinin çətinliyini belə izah edir:

Bəstəkar Türinqin fikirləşməsi və mexaniki maşının fəaliyyətini göstərmək üçün fasiləsiz fortepiano arpeciosundan istifadə etmişdir.

Film musiqisi Ən yaxşı film musiqisi nominasiyasında Oskar mükafatına namizəd göstərilsə də, Desplat tərəfindən bəstələnmiş Böyük Budapeşt oteli filminin musiqisi mükafatı qazanmışdır.

Çıxarılması

Marketinq 24 dekabr 2013-cü ildə Böyük Britaniyada Türinqə qarşı Kral əfvinin elan edilməsindən sonra, həmin gün Kamberbetçin Türinqin bombe maşını qarşısında ilk fotosu yayımlandı. 2014-cü ilin iyununda, Türinqin ölümünün ildönümündə "Entertainment Weekly" jurnalı Kira Naytli, Metyu Qud, Metyu Berd və Allen Liçin canlandırdıqları obrazların ilk görünüşünü təqdim edən iki çəkiliş fotosu yayımladı. 23 iyunda Türinqin 102-ci doğum günündə "Empire" jurnalı Mark Stronq və Çarlz Densin obrazlarının göründüyü iki çəkiliş fotosu yayımladı. Çəkiliş fotolarının müəllifi Kamberbetçi "Casus, çölə çıx!" filmində də çəkmiş fotoqraf Cek İnqlişdir.

2014-cü ilin sentyabrında Prinston Universitet Nəşriyyatı və "Vintage Books" nəşriyyatı filmin çıxarılması ilə əlaqədar olaraq Endryu Hudcsun "Alan Türinq:Eniqma" bioqrafik əsərini yenidən nəşr etdilər. İlk BK və ABŞ treylerləri 22 iyul 2014-cü ildə çıxarıldı. İlk beynəlxalq tizer posteri 18 sentyabr 2014-cü ildə "Əsl eniqma kodu sındıran insan idi" başlığı altında çıxarıldı.