Teymur Atəşli () — azərbaycanlı zabit, şair, jurnalist və siyasi mühacir.

Atası sovet işğalına qarşı Qubada baş tutmuş üsyanlarda iştirak etdiyi üçün ailəsi ilə birgə həbs olunub. Nəticədə Teymur bəy Bayıl həbsxanasında anadan olub. Azərbaycan Dövlət Universitetindənin alman filologiyası üzrə ali təhsil alıb. İkinci Dünya müharibəsi başladıqdan sonra Qırmızı Ordu tərəfindən səfərbərliyə cəlb olunaraq Polşa cəbhəsinə göndərilib.

Əvvəlcədən razılaşdığı 20 əsgərlə birlikdə almanların tərəfinə keçib, Berlin Zabitlər Məktəbində xüsusi hərbi hazırlıq kursunu bitirdikdən sonra SS birliyində xidmət edib. Stalinqrad döyüşündə iştirak edib. Göstərdiyi şücaətə görə "Dəmir xaç" ordeni ilə təltif olunub.

1949-cu ildə Türkiyəyə köçərək Adapazarında məskunlaşıb. Poliqlot olduğu üçün xarici dil müəllimi, notariat qurumlarında və məhkəmələrdə andlı tərcüməçi kimi çalışıb. 1961-ci ildən ömrünün sonunadək "Akşam Haberleri" qəzetində fəaliyyət göstərib. Ədəbi yaradıcılığı şeir, publisistika, memuar və dramaturgiyanı əhatə edib. Almaniyada və Türkiyədə bir neçə kitabı nəşr olunub.

Həyatı

İlk illəri və təhsili Teymur Mustafa oğlu 1923-cü il iyunun 15-də Bayıl həbsxanasında anadan olub. Əslən qubalıdır. Bakıda orta məktəbi bitirdikdən sonra, 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman filologiyası şöbəsinə daxil olub. İkinci kursda oxuyarkən səfərbərliyə cəlb olunaraq İkinci Dünya müharibəsində iştirak etmək üçün Polşa cəbhəsinə göndərilib.

İkinci Dünya müharibəsində Cəbhədə əvvəlcədən razılaşdığı 20 əsgərlə birlikdə 2 rus siyasi komissarını öldürərək hərbi hissəni tərk edərək almanların tərəfinə keçib. Berlin Zabitlər Məktəbində xüsusi hərbi hazırlıq kursunu leytenant rütbəsi ilə başa vurub və SS hərbi birliyinə təyin olunub.

Altı aydan çox davam etmiş Stalinqrad döyüşündə iştirak edib. Döyüşlərin birində 70-dən çox sovet əsgərini öldürüb və bölük komandirini ölümdən xilas edib. Bundan sonra 6-cı ordunun komandanı, general-feldmarşal Fridrix Paulus tərəfindən şəxsən "Dəmir xaç" ordeni ilə təltif olunub.

1942-ci ilin sentyabrında general Görickenin əmri ilə yaradılan xüsusi dəstəyə seçilib. Rus dilini yaxşı bilən SS üzvlərindən təşkil olunan dəstəyə sovet qoşunlarının arxasına sızmaq, əsgərlər arasında təşviş yaratmaq, yüksəkrütbəli zabitləri öldürmək, hücum planlarını ələ keçirmək və anbarları partlatmaq kimi təxribat tapşırıqları verilib. Teymur bəy bu dəstənin tərkibində müxtəlif gizli əməliyyatlara qatılıb. Teymur bəyin keçirdiyi əməliyyat nəticəsində Qırmızı Orduda xidmət edən polkovnik-leytenant Kalnov və kapitan Puqaçevski öldürülüb.

Döyüşlərin birində yaralanaraq Qırmızı Orduya əsir düşüb. Əsirlikdən xilas edildikdən sonra cəbhədən 40 kilometr aralıda yerləşən səhra xəstəxanasında müalicə alıb. Bir sıra hərbi əməliyyatlarda iştirakından sonra oberleytenant rütbəsinə yüksəlib. 1943-cü ilin yanvarında ağır yaralanıb. Yanvarın 8-də Stalinqrad cəbhəsindən çıxarılaraq müalicə üçün Xarkova aparılıb. Müharibə başa çatdıqdan sonra bir neçə il Mitenvald qaçqın düşərgəsində yaşayıb.

Mühacirətdə ikən Türkiyə hökumətinin himayəsi ilə 1949-cu il fevralın 12-də həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçüb və Adapazarında məskunlaşıb. İngilis, alman və rus dillərini bildiyindən xarici dil müəllimi, notariat qurumlarında və məhkəmələrdə isə andlı tərcüməçi kimi çalışıb. Adapazarı orta məktəbində ingilis dili müəllimi kimi çalışıb. Həmçinin bələdiyyədə işləyib, müxtəlif qəzetlərlə əməkdaşlıq edərək ədəbi fəaliyyətini davam etdirib.

1961-ci ildə Adapazarında nəşr olunan "Akşam Haberleri" qəzetinin yazı işləri müdiri vəzifəsinə başlayıb və ömrünün sonunadək bu vəzifədə çalışıb. 1976-cı il noyabrın 7-də qəzetin mətbəəsində ürək tutmasından vəfat edib. Adapazarındakı Əmirdağ qəbiristanlığında dəfn olunub.

Ədəbi fəaliyyəti right|frameless|200x200px Teymur Atəşli şeir, publisistika, memuar və dramaturgiya sahələrində fəaliyyət göstərib. Şeir və pyeslərini "Mücahid", "Azərbaycan" və "Türk birliyi" jurnallarında dərc etdirib. Ankarada nəşr olunan "Mücahid" jurnalında Hüseyn Cavidin həyat və yaradıcılığına dair xronoloji məlumat təqdim edib. 1954-cü ildə Əbdürrəhman bəy Fətəlibəylinin öldürülməsindən sonra onun xatirəsinə şeir həsr edib.

Dramaturji əsərləri arasında kommunizm əleyhinə yazdığı, bir pərdə və beş səhnədən ibarət "Tuzaq" pyesi yer alıb. "Ya istiqlal, ya ölüm" adlı mənzum dram yazdığı barədə də məlumat verilib, lakin əsərin sonrakı taleyi məlum deyil. Ədəbi fəaliyyətlə yanaşı, teatr işi ilə də məşğul olub. Adapazarında Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarını tamaşaya qoyub, həmin tamaşalarda aktyor kimi çıxış edib.

"Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk" adlı müharibə xatirələri 1956-cı ilin yanvar–fevral aylarında "Hürriyyet" qəzetinin ardıcıl 45 sayında hissə-hissə dərc olunub. Atəşli bu xatirələrində Stalinqrad cəbhəsində yaşadıqlarını, iştirak etdiyi hərbi əməliyyatları, əsirlərlə münasibətlərini və müharibə zamanı keçirdiyi hissləri təsvir edib.

1961-ci ildən etibarən Sakaryanın yerli "Akşam Haberleri" qəzetində fəaliyyət göstərib. Qəzetin "Xalqdan bir səs" rubrikasında 15 il ərzində şeirlərini yayımlayıb. Bu şeirlərdə gündəlik hadisələrə münasibətini ifadə edib. Daha sonra qəzetinin yazı işləri müdiri vəzifəsində işləyib. Sakarya Jurnalistlər Cəmiyyətinin ilk üzvlərindən olub.

Ailəsi Teymur bəy Mustafa bəy və Sonapərvər xanımın ailəsində anadan olub. Mustafa bəy 1920-ci illərdə Qubada baş vermiş sovet işğalına qarşı üsyanlarda iştirak edib. Onu cəzalandırmaq üçün onun özü ilə birlikdə həyat yoldaşı Sonapərvər xanımı da hamilə olmasına baxmayaraq 2 oğlu ilə birgə həbs edib, Bayıl həbsxanasında saxlanılıb. Teymur bəy də 1923-cü ildə həbsxanada dünyaya gəlib. Mustafa bəyi isə Sibirə sürgün ediblər.

Mitenvald qaçqın düşərgəsində yaşadığı dövrdə Anna adlı alman qadınla ailə qurub. Anna sonradan İslam dinini qəbul edərək Zeynəb adını götürüb. Onların üç oğlan və iki qız övladı olub.

Böyük oğlu Kamal Atəşli 1950-ci ildə Adapazarında doğulub və İstanbul Şişli Siyasi Elmlər Ali Məktəbini bitirib. "Şəkərspor", "Sakaryaspor Gənclər", "Düzcespor", "Yıldırımspor" və "Sakaryaspor" klublarında futbol oynayıb. Futbol fəaliyyəti ümumilikdə 21 il davam edib.

Kamal Atəşli Türkiyədə krossvord və ümumi bilik yarışmaları üzrə mütəxəssis kimi tanınıb. TRT-nin müxtəlif yarışmalarına qatılıb, onlardan birində avtomobil qazanıb. 2025-ci il iyunun 18-də vəfat edib. Adapazarındakı Əmirdağ qəbiristanlığında valideynlərinin yanında dəfn olunub.

Xatirəsi və irsi 2020-ci ildə türkiyəli yazıçı Fahri Tuna və azərbaycanlı tədqiqatçı Aynurə Paşayeva Teymur Atəşli haqqında kitab hazırlayıblar.

2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasında "Teymur Atəşli. Seçilmiş əsərləri" kitabı nəşr olunub. Filologiya elmləri doktoru Nikpur Cabbarlının tərtib etdiyi kitaba Atəşlinin şeirləri, "Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk" adlı müharibə xatirələri, "Tuzaq" pyesi və publisistik məqalələri daxil edilib. Bununla da ədəbi irsi Azərbaycanda ilk dəfə kitab şəklində çap olunub.

Teymur Atəşlinin vəfatının 49-cu ildönümündə Fahri Tunanın təşəbbüsü ilə anım tədbiri keçirilib. Tədbir Əmirdağ qəbiristanlığındakı məzarının ziyarəti ilə başlayıb və cəmiyyətin salonunda davam edib. Anım proqramında Fahri Tuna "Teymur Atəşlinin həyatı və şeir dünyası" mövzusunda 100 fotoşəkildən ibarət təqdimatla çıxış edib. Atəşlinin oğlu Çingiz Atəşli, həmkarları, qonşuları və keçmiş şagirdi onun ailə həyatı, jurnalistika və müəllimlik fəaliyyəti haqqında xatirələrini bölüşüblər.

Xatirələri Xatirələrində Qırmızı Orduya qarşı döyüşməsinin səbəblərini belə izah edib:

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan mühacirət ədəbiyyatı Kateqoriya:"Dəmir xaç" ordeni kavalerləri Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri