Etibar Səlidar oğlu Məmmədov () — Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Həyatı Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir.
Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə "Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
Ailəsi Etibar Məmmədov 1986-cı ildə ailə həyatı qurmuşdur. İki oğlu, bir qızı var.
Qardaşı Eldar Məmmədov 29 mart 2010-cu ildə vəfat edib.
Oğlu Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədridir.
İctimai-siyasi fəaliyyəti
Azərbaycan Xalq Cəbhəsində Etibar Məmmədov siyasi prosesslərə tələbəlik dövründə qoşulmuşdur. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib. O, 1988-ci ildə başlamış xalq hərəkatına qoşulmuş və tanınmış simalarından birinə çevrilmişdir. E.Məmmədov AXC-nin təsis konfransında ilk İdarə Heyətinin üzvü seçilmişdir.
20 yanvar hadisələrində sonra 25 yanvar 1990-cı il tarixdə Etibar Məmmədov həbs olunaraq Lefortovo həbsxanasına aparılmış və 9 ay burada saxlanlılmışdır. 1–2 noyabr 1990-cı ildə Bakıda, Mərdəkanda Məhkəmə prossesi keçirilir. Etibar Məmmədov Məhkəmə zalından azad olunmuşdur.
1989-cu ildə tətil hərəkatına başçılıq edib. 1990-cı il yanvar hadisələrindən sonra Moskvada xarici jurnalistlər üçün mətbuat konfransı keçirərkən DTK tərəfindən həbs olunmuş, 9 ay Lefortovo həbsxanasında saxlanılmışdır. E.Məmmədovun azadlığa buraxılması üçün o dövrdə 1,5 milyon imza toplanmışdır.
Etibar Məmmədov həbsdən azad olunduqdan sonra seçkilərdə namizəd olaraq iştirak edərək deputat seçilmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Parlamentində Demblokun həmsədri olub. 1991-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Dövlət Müdafiə Şurasının üzvü olub. "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktının həmmüəlifidir. Dövlət müstəqilliyinin tanınması ilə bağlı Türkiyə və Pakistanda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Azərbaycan Milli İstiqlal Partiyasında 1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya - Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur. thumb|Etibar Məmmədovun tərəfdarları Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir. Qurultayın ilk günündə prezident Əbülfəz Elçibəyin təbrik məktubu oxunmuşdur.
Qurultayın 2-ci günündə Etibar Məmmədov öz şəxsi qəzeti olan "Millət" qəzetinin partiyanın rəsmi mətbuat orqanı olduğunu elan etmişdir. Nizamnaməyə əsasən partiya sədrliyinə namizədlər elan olunmalı və namizədlər sədr seçiləcəyi təqdirdə təyin edəcəkləri müavinləri açıqlamalı idilər. Qurultay iştirakçılarının təklifi ilə sədrliyə Etibar Məmmədov namizəd olmuşdur. Qurultaya nümayəndə seçilən 503 nəfərdən qurultayda 486-sı iştirak etmişdir. Onlardan 421 nəfəri seçkilərdə iştirak etmiş, tək namizəd olan Etibar Məmmədov lehinə 419 səs, əleyhinə isə 3 səs verilmişdir. Sədr müavinliyinə namizəd Nazim İmanovun lehinə 416 səs, əleyhinə isə 5 səs verilmişdir. Beləliklə Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Nazim İmanov isə sədrinin müavini seçilmişdir.
1995-ci il parlament seçkilərində Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur. Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir.
1995-ci ildə Heydər Əliyevin sədri olduğu Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. 1998 və 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olub.
İstinadlar
Ədəbiyyat
1. Məmmədov E.S. “Lefortovo gündəliyi” Bakı 1992, 90 s. 2. Zülfüqarlı M.P. Azərbaycan ictimai-siyasi həyatında mühafizəkarlıq ideologiyası.Azərbaycan dövlət kitab palatası, Bakı 1997, 67 s. 3. Zülfüqarlı M.P. Azərbaycan Milli İstiqlal Partiyası.Qurultaydan qurultaya.Bakı 1998, 170 s. 4. Zülfüqarlı M.P. Prezidentliyə namizəd. 10 sual 10 cavab. Bakı 1998,40 s. 5. Telmanqızı N. E. Məmmədov və Azərbaycanın xarici siyasəti. Bakı, 1998, 75 s. 6. Zülfüqarlı M.P. İstiqlal tarixini yaradanlar ( 1972 - 1992 - ci illər).Bakı 2003, 190 s. 7. Zülfüqarlı M.P. İstiqlal yolu ETİBAR MƏMMƏDOV siyasi bioqrafiya 1972-1990 Üc cilddə I cild. Bakı, Qanun, 2025,364 s. 8. Zülfüqarlı M.P. İstiqlal yolu ETİBAR MƏMMƏDOV siyasi bioqrafiya 1990-1995 Üc cilddə II cild. Bakı, Qanun, 2025, 364 s.
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan prezidentliyinə namizədlər Kateqoriya:Azərbaycan Milli İstiqlal Partiyasının sədrləri Kateqoriya:Azərbaycan Güləş Federasiyasının prezidentləri Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Milli İstiqlal Partiyası Ali Məclisinin üzvləri Kateqoriya:Azərbaycan Respublikasının Müdafiə Şurasının üzvləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri Kateqoriya:SSRİ-də milli mənsubiyyətinə görə repressiyaya məruz qalanlar