thumb|Küveyt şəhər silueti
Ümumi iqisadi göstəricilər
Regionun neft çıxaran başqa ölkələri kimi Küveyt də ötən əsrin 70-ci illərinin enerji böhranının «bəhrəsindən» öz xeyrinə istifadə edə bilmişdir. Neftin qiymətinin kəskin surətdə qalxması bu ölkənin «iqtisadi-sosial taleyini» əsaslı surətdə dəyişdirmiş, milli təsərrüfatın ləng inkişafı qısa müddətdə onun sürətli artımı ilə əvəz olunmuşdur.A.Ş.Şəkərəliyev. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər. B., 1999
Gildən tikilmiş orta əsr şəhər və kəndlərinin yerində bir neçə il ərzində çoxmərtəbəli yaşayış evləri, bank, mehmanxana və digər inzibati binaları olan müasir şəhərlər salınmışdır.Dünyamalı Vəliyev, Aqil Əsədov “Beynəlxalq İqtisadiyyat” , Bakı , 2012. Şəhərlərdə ən müasir texnika və texnologiya ilə təchiz olunmuş neft emalı və neft-kimya müəssisələri, sement zavodları, su təmizləyici qurğular, müxtəlif məişət malları istehsal edən müəssisələr, məktəblər, xəstəxanalar və s. tikilmişdir. Ölkədə kənd təsərrüfatı plantasiyaları genişləndirilmiş, yaxın vaxtlara qədər karvan yollarının keçdiyi səhralarda müasir və geniş avtomobil magistralları çəkilmiş, dəniz və hava limanları təkmilləşdirilmişdir.
Küveyt iqtisadiyyatı
1989-cu ildə ölkədə gündəlik neft hasilatı 230 min ton, onun satışından əldə edilən gəlir isə 9250 mln. dollar təşkil etmişdir. Küveytin İraq tərəfindən işğal edilməsi və sonradan azadlıq uğrunda gedən müharibənin nəticələri (1990-1992) ölkənin iqtisadiyyatına, xüsusilə onun neft sənayesinə (neft buruqlarının yandırılması, boru kəmərlərinin partladılması, neft anbarlarının, neft emalı zavodlarının dağıdılması və s.) olduqca böyük ziyan vurmuşdur.Веснин В.Р., Цыпин И.С. Мировая экономика. М.: Проспект, 2009. 248 с. 1990-cı ildə ölkədə orta gündəlik neft hasilatı 130 min tona enmiş, yəni 1989-cu il səviyyəsindən 37 faiz azalmış, neftdən əldə edilən gəlir isə 6850 mln. dollara enmişdir. 1991-ci ilin ortalarından xarici şirkətlərin fəal iştirakı ilə ölkədə neft sənayesi və təsərrüfatın digər sahələrinin bərpası üzrə işlərə başlanılmış və qısa müddətdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bərpa işlərinin həyata keçirilməsi üçün 8,5-10 mlrd. dollar vəsait və iki-üç il vaxt lazım olmuşdur.Социально-экономическая география зарубежного мира, М.: Крон-Пресс, 1998, 592 с.
Artıq 1992-ci ilin axırında ölkədə neft hasilatı 1989-cu ilin səviyyəsinə çatmışdır. Dağıdılmış iqtisadiyyatın bərpası üçün Küveyt xarici kredit almağa məcbur olmuşdur. Bu krediti Küveyt İran körfəzi dövlətlərinin əməkdaşlıq Şurasının üzvləri olan ölkələrdən, xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ-dən almışdır.
Küveytin milli təsərrüfatının inkişaf xüsusiyyətləri neft ixrac edən digər ölkələrin əlamətlərinə oxşardır. Bu ölkədə də başlıca kapital iqtisadiyyatın daxili inkişafı hesabına deyil, neft ixracatı nəticəsində əldə edilən vəsait hesabına formalaşır. Müstəqillik əldə etdikdən sonra dövlət bu vəsaitlərdən müştərək müəssisələrinin yaradılması üçün fəal istifadə edir. İran körfəzinin başqa əmirliklərində olduğu kimi Küveyt də sürətlə sənayeləşdirməyə və iqtisadi strukturunun mürəkkəbləşdirilməsinə daha çox fikir verir. Belə təsərrüfat mexanizminin yaradılmasında məqsəd «neft erasının» başa çatmasından sonra ölkənin tələbatını təmin edə bilən milli iqtisadiyyatı formalaşdırmaqdadır.
Öz planlarını həyata keçirmək üçün, yəni əsaslı sənaye sahələrinin tikintisi, infrastrukturun yaradılması, ixtisaslı milli kadrların hazırlanması və s. üçün Küveyt Qərb şirkətlərinin köməyindən geniş istifadə edir və onlar ilə birlikdə müştərək müəssisələr yaradır. thumb|left|Küveyt (şəhər)də Küveyt fond birjası Xarici sahibkarlara bu və yaxud başqa müəssisə səhmlərinin yalnız 49%-nə şərik olmaq imkanı verilir. Bununla yanaşı Küveyt neft ixracatından əldə etdiyi olduqca böyük vəsaitin hamısını ölkənin daxili iqtisadiyyatında istifadə etmək imkanına qadir deyil. Buna görə də əldə etdiyi kapitalın getdikcə böyük hissəsini faydalı şəraitdə Qərb ölkələrinin iqtisadiyyatına və banklarına yönəldir.
Ölkənin milli sərvəti olan neftdən gələn gəlirin yerli küveytlilər arasında eyni miqdarda paylaşdırılması prinsipi qəbul olunmuşdur.
İqtisadiyyatın dövlət tərəfindən tənzim olunması ön plana çəkilir. Ümumdaxili Məhsulun təqribən 75%-i dövlət bölməsində əldə edilir.
Emaledici sənaye, tikinti, ticarət və bank əməliyyatının isə payı xeyli dərəcədə artmışdır. Küveyt iqtisadiyyatının başlıca xüsusiyyəti ölkədə bol və ucuz enerjinin, böyük investisiya imkanlarının olması, həmçinin yerli əmək ehtiyatlarının çatışmamasıdır. Küveytdə ÜDM-un 54 faizi sənayenin, 45 faizi xidmət sahələrinin, 1 faizə yaxını isə kənd təsərrüfatının payına düşür.
Küveytin xarici iqtisadi əlaqələri
Xaricə yönəldilən kapitaldan və oradakı avuarlarından ölkə əhəmiyyətli dərəcədə valyuta əldə edir və neft ixracatından «asılılığı» keçdikcə zəifləyir. Ümumi daxili məhsulun formalaşmasında neft sənayesinin əvvəlki kimi başlıca rol oynamasına baxmayaraq, son on ildə onun payı bir qədər azalmışdır.
Sənaye Sənayenin aparıcı sahələri. Ölkə iqtisadiyyatının və onun maliyyə gəlirinin əsasını neft sənayesi təşkil edir. Neft yataqlarının ötən əsrin 30-cu illərində kəşf edilməsinə baxmayaraq, onun hasilatına yalnız 1946-cı ildə başlanılmışdır. Neft çıxarılması, nəql edilməsi və satılması hələ 1934-cü ildə yaradılan ABŞ və İngiltərə kapitalının nəzarəti altında olan «Küveyt oyl Kompani» şirkətinin əlində idi. 1948-ci ildə ABŞ-nin «Aminoyl» şirkəti «Birtərəf bölgə» də və Küveytə məxsus bir sıra adalarda neft kəşfiyyatı və çıxarılması işlərinə başlayır. 1960-cı ildən milli «Küveyt neşnl petroleum kompani» şirkəti yaradılır. Ölkədə neft çıxarılması və onun ixracatı üzərinə dövlət nəzarəti tədricən artır. Ölkənin siyasi müstəqillik əldə etdiyi onillikdə neft hasilatı tədricən artmış və 1972-ci ildə ən yüksək səviyyəsinə (165 mln. ton) çatmışdır. Neft hasilatının artması nəinki onun böyük ehtiyatı, həm də onun əlverişli təbii-geoloji şəraiti (səthə yaxın yerləşməsi, buruqların fontan vurması, yəni neftin yığılma məntəqələrinə boru kəmərləri vasitəsilə öz-özünə axması və s.) və bununla da hasilahatın maya dəyərinin olduqca aşağı olması ilə izah olunur.
Nəzərə almaq lazımdır ki, ölkədə fəaliyyət göstərən xarici neft şirkətləri başlıca olaraq daha zəngin yataqları istismar etməyə cəhd göstərirdilər. Bu da az vəsait sərf etmək və zəruri texniki tədbirləri həyata keçirmədən neft hasilatını artırmağa imkan verirdi.
Küveyt öz təbii sərvətlərinin tam sahibi olandan sonra, hökumət bir tərəfdən neft hasilatının azaldılmasına, digər tərəfdən isə xam neftin ixracatının neft məhsulları ilə əvəz edilməsinə yönəldilən siyasət aparmışdır. Nəticədə 1973-cü ildən 1987-ci ilə qədər neft hasilatı bir qədər azalmışdır. Neft ixracatının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, dünya bazarında neftin qalxması ilə əlaqədar onun ixracatından əldə edilən gəlir artmışdır. Ölkədə hər il təqribən 100 mln. ton neft hasil olunur. Məlumdur ki, dünya bazarında xam neftin qiyməti, neft məhsullarına nisbətən 4-5 dəfə ucuzdur. Bununla əlaqədar Küveyt neft ixracatın dan əldə etdiyi vəsaitin əhəmiyyətli hissəsini ölkə neftinin emalı və neft-kimya sənayesinin yaradılmasına istiqamətləndirmişdir. Ölkənin ilk neft təmizləmə müəssisəsi 1949-cu ildə Mina əl-Əhmədi şəhərində tikilmişdir. 1986-cı ildə bu müəssisənin istehsalat gücü xeyli genişləndirilmişdir. 1958-ci ildə Mina-Abdulla və 1968-ci ildə Əş-Şüeyb neft emalı zavodu tikilmişdir.
Küveytdə fəaliyyətdə olan neft emalı müəssisələrinin ümumi gücü 45 mln. tondur. Neft emalı zavodları avtomobil, təyyarə, mühərrik yanacaqları, bir sıra sürtkü yağları və s. istehsal edir. Başqa sözlə desək, yüksəkkeyfiyyətli texnika və müasir texnologiya ilə təchiz edilən neft emalı müəssisələri təbii xammalı kompleks şəkildə emal edir.
Təbii qaz Küveytin ikinci mühüm sərvətidir və əsasən neftlə birgə çıxarılır. Qaz istehsalı 1961-ci ildə 0,98 mlrd. kub m-dən 2003-cü ildə 11,0 mlrd. kub m-ə çatdırılmışdır. Qazı «Küveyt oyl kompani» və «Arabiyen Oyl» şirkətləri çıxarır. Mina əl-Əhmədi, Əş-Şüeyb, Mina-Abdulla şəhərlərindəki emal müəssisələrində istehsal olunan propan, butan, mayeləşdirilmiş qaz əsasən ixrac olunur.
Emaledici sənayedə neft-kimya, xüsusilə inkişaf etmişdir. Bu sahə başlıca olaraq ölkənin dövlət bölməsi çərçivəsində yaradılmış və inkişaf etməkdə davam edir. Ötən əsrin 70-ci illərində dünya bazarında neftin qiymətinin qalxmasından sonra neft-kimya sənayesi daha sürətlə inkişaf etmişdir. İlk növbədə Əş-Şüeyb və Mina əl-Əhmədidə fəaliyyət göstərən neft-kimya müəssisələri yenidən qurulmuş və yeni müəssisələr tikilmişdir. Bu müəssisələrdə xammal kimi əsasən tərkibində etan və propan olan neftlə yanaşı çıxan qaz, həm də neft emalı nəticəsində əldə edilən qazdan istifadə olunur.
Küveytin iqlim şəraitinin xüsusiyyətləri, yəni tarixən mövcud olan içməli «su qıtlığı» ölkədə iqtisadiyyatın xüsusi sahəsinin – dəniz suyunun təmizlənməsi üzrə təmizləyici qurğular ölkə iqtisadiyyatının mühüm sahəsidir. İlk su təmizləyici qurğu 1950-ci ildə Mina əlƏhmədidə, sonralar isə əş-Şüeyb və əş-Şüveyxdə tikilmişdir. Ölkənin paytaxtında həm də çirkab suların təmizlənməsi üçün dörd zavod fəaliyyət göstərir. Çirkab sular təmizləndikdən sonra onlardan əkin sahələrininin suvarılmasında, landşaftın yaşıllaşdırılmasında geniş istifadə edilir. Təmizləyici qurğuların sayının və gücünün artırılması elektrik enerji istehsalı ilə sıx əlaqədardır.
1970-ci ilə qədər Küveytdə elektrik enerjisi neft və qaz əsasında işləyən istilik elektrik stansiyalarında istehsal olunurdu.
1970-ci ildən isə su təmizlənərkən elektrik enerjisi alınmasına başlanılmışdır. Hazırda ölkədə hər il 19-20 mlrd. kv / saat elektrik enerjisi istehsal olunur.
Son illər ölkədə günəş enerjisinə maraq artır. 1980-ci ildə Sülaybitəhdə günəş enerjisi ilə işləyən elektrik stansiyası yaradılmışdır. Enerjinin bu növü Küveytin iqlim şəraiti üçün, xüsusilə, əlverişlidir. Hesablamalara görə ölkə ərazisinin cəmi 1,0%-ində günəş enerjisinin toplanması (akkumulyasiyası) hər birinin gücü 1 min MVT olan onlarla elektrik stansiyalarına bərabər olardı.
İqtisadiyyatın sürətli inkişafı, sənayeləşdirilmə, kənd əhalisininin şəhərlərə köçməsi, şəhərlərin genişləndirilməsi və yeni şəhərlərin salınması, infrastruktur sahələrinin yaradılması milli tikinti sənayesinin yaradılmasına və sürətli inkişafına səbəb olmuşdur. Ölkədə həyata keçirilən tikinti işləri, xüsusilə şəhər tikintilərinin, liman təsərrüfatının genişləndirilməsi, yaşayış məntəqələri yerləşən sahil bölgəsinin yenidən qurulması, yeni sənaye obyektlərinin tikintisi və s. həddindən artıq tikinti materialları tələb edir ki, bunu da nə yerli istehsal, nə də idxal hesabına ödəmək mümkün deyildi. Buna görə də ölkə tikinti materialları istehsalını gücləndirmək məqsədi ilə tikinti sənayesinin inkişafına daha böyük miqdirda vəsait ayırmağa məcbur olmuşdur. Xüsusilə İraq-Küveyt müharibəsində dağıdılmış Küveyt şəhərlərinin bərpası üçün daha çox tikinti materialları tələb olunmuşdur. Bu məqsədlə qonşu ərəb ölkələri, xüsusilə BƏƏ Küveytə tikinti materialları ixracatını artırmışdır.
«Neft erasına» qədər yüngül və yeyinti sənayesinin əsasını çoxlu sayda kiçik müəssisələr və emalatxanalar təşkil edirdi. Bu müəssisələrin əksəriyyəti demək olar ki, şəhərlərdə, ilk növbədə paytaxt mahalında yerləşirdi. Ötən əsrin 70-ci illərində bu sahələrdə xüsusi bölmənin fəaliyyətini gücləndirmək üçün dövlət bir sıra tədbirlər həyata keçirmişdir. Məsələn, yüngül və yeyinti sənaye müəssisələrinin tikintisi üçün ayrılan torpaq sahələri güzəştli qiymətlə verilmiş, onlar üçün zəruri olan infrastruktur sahələrinin tikintisini dövlət öz üzərinə götürmüş, sahibkarları bəzi vergilərdən azad etmiş və onlara aşağı faizlə kredit vermişdir. Belə şəraitdə yüngül və yeyinti sənaye sahələrinin müəssisələrinin sayı sürətlə artmışdır. İndi ölkədə bir neçə iri toxuculuq və tikiş fabriki, dəri məmulatları, ayaqqabı istehsal edən müəssisə fəaliyyət göstərir.