Həsənəli xan Qaradaği — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi.

Həyatı Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub".

Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Şah Təhmasibə (1524–1576) xidmət etmişdi. Oğlu I Şəmsəddin xəlifə, nəvəsi Əhməd xəlifə Qaradağ (Dizmar) mahalının hakimi olmuşlar, öz növbəsində Əhməd xəlifənin oğlu Mahmud sultan (1691-ci ildən), nəvəsi Bayandur sultan da (1701-ci ildən) həmçinin Qaradağ (Dizmar) mahalına hakimlik etmişlər. Bayandur sultanın oğlu Məhəmmədqasım xan (1716-cı ildən), nəvəsi Məhəmmədkazım xan (1730-cu ildən), Məhəmmədkazım xanın oğlu Mustafaqulu xan (1763-cü ildən) və nəvəsi Məhəmmədqulu xan (1801-ci ildən) Qaradağ xanlığının xanı olmuşlar. 1804-cü ildə Məhəmmədqulu xan rəiyyəti ilə birgə Şimali Azərbaycana köçüb Şuşada məskunlaşır. Rus ordusunun polkovniki idi. Oğlu Həsənəliağa xan Qaradağski (ata) rus ordusunda poruçik rütbəsində xidmət edirdi. Həsənəliağa erkən vəfat etdiyindən və oğlunun dünyaya gəlməsini görmədiyindən onun oğluna da Həsənəliağa adı verilir.

Uşaqlıq dövrü, təhsil illəri Balacaağa adı ilə el arasında çağırılan Həsənəliağa 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olmuşdur. Anası Xatın xanım ərə getdiyinə görə Balacaağa ilk əvvəl dayısının, sonradan Tiflisdə yaşayan əmisi Məhəmmədhüseynağa xan Qaradağskinın himayəsində boy atır. 8–9 yaşa çatdıqda Şuşaya gəlmiş əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus Qəza məktəbinə qoyub Tiflisə qayıdır. Şuşada oxuyarkən maddi yardımı anası Xatın xanımdan alır, lakin anası göndərdiyi pul və ərzağı qohumları özlərinə sərf etdiklərindən uşaq çox ehtiyac və əziyyətə dözməli olur. O, anasının yanında olmaq fikrinə düşür, lakin məktəbi buraxmaq istəməyib Şuşada oxumaqda davam edir. Həsənəliağa dayısının himayəsi altında yaşadığı illər ərzində keçirtdiyi acı günlər haqqında yazır: "Məktəbdən evə gəldikdə dayımın arvadı sacda bişirilmiş "xamralı" deyilən çörəyin birini əlində iki qatlayıb, sonra bir də qatlayıb dörd hissə etdikdən sonra hissənin birini mənim üçün verirdi. Bu mənim naharım olurdu. Bu nahardan sonra mən dərhal dərs hazırlamağa başlardım. Dərsi hazırlarkən dayımın uşaqları mənə çox vaxt mane olurdular – istehza edib gülürdülər, çünki çox az vaxtlarda mən onlarla oynamağa gedirdim. Onların hərəkətləri bəzən təhqirə qədər çatırdı. Lakin mən davam edib dərslərimi hazırlamaq üçün sakit və əlverişli yer tapırdım. Mən özümə pilləkənin altında xəlvət yer düzəltmişdim. Qaranlıq olduğu üçün şam yandırıb burada dərs hazırlayırdım. Bir neçə gündən sonra, uşaqlar yerimi tapdılar, məni yenə də dinc buraxmadılar. Onlar yuxarıdan başıma su tökməkdən və yaxud yanıma gəlib mane olmaqdan əl çəkmirdilər. Bir dəfə iki əlimlə kitabı tutub oxuduğum zaman, çöpü şama tutaraq yandırdıqdan sonra əllərimə yapışdırdılar, kitab əlimdən düşdü, mən bərk diksindim, onlar bundan şadlanıb güldülər. Əlimdən ağlayıb, kiriməkdən başqa heç zad gəlmirdi… Rusca oxuyanları müsəlmanların çox hissəsi sevmirdi, dindarlar belə adamı kafir adlandırırdılar. Hətta mən qoca nənəm Hürzad xanımın evinə gedən zaman, o məni xoş dil ilə qarşılayıb yemək təklif edirdisə də, lakin yeməkdən qabaq özü su ilə mənim ağzımı suya çəkirdi ki, sən məktəbdə "urusca" danışmısan ağzın murdar olub".

Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirir. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutur və tək yaşamağa başlayır. Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Bəşir Yusifzadənin atası Mirzə Ələkbər Yusifzadədən dərs almaq qərarına gəlir. Mirzə Ələkbər Yusifzadə ərəb, fars dillərini Həsənəliağaya öyrədir, Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini orijinalda mənimsəməyə kömək edir. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayır.

Ailə H. Xan Qaradağski 1888-ci ildə bir daha Tiflisə gedir. Səbəb atasının yadigarı olan əmisi Məhəmmədhüseynağanın xəstə olması idi. 1891-ci ildə Məhəmmədhüseynağa dünyasını dəyişir. Ölməzdən qabaq Məhəmmədhüseynağa yeganə qızı olan Balaxanım xanımla evlənməsini Həsənəliağaya vəsiyyət edir. 1891-ci ilədək Həsənəli ağa Tiflisdə köhnə tanışlarla təmasda olur, kitabxanalarda və əmisi ilə söhbətləşib vaxtını keçirirdi. Məhəmmədhüseynağanı dəfn edib təziyədən sonra Həsənəliağa əmisi qızı ilə birgə Şuşaya qayıdırlar. Həsənəliağa bütövlüklə özünü yaradıcılığa həsr edir. Bu dövr onun ən məhsuldar dövrü hesab oluna bilər. 1897-ci ildə övladları olmadığından Balaxanım xanımın razılığı ilə Həsənəliağa kasıb bir ailədən Teybə adlı qızla evlənir. Həsənəliağa ilə Teybə xanımın dörd övladı olur: Məhəmməd ağa, Çingiz ağa, Böyükxanım və Şəfqət ağa.

1922-ci ildə Həsənəliağa təqaüdə çıxır.

1924-cü ildə Həsənəliağa iflic olur, lakin 2–3 il ərzində müalicə olunub səhhət tapır. Əmək fəaliyyətinin çox hissəsini itirmiş Xan Qaradağski yenə də ədəbiyyat və mədəniyyət sahəsində çalışır. Azərbaycan Xalq Maarif Komissarlığı Şuşa maarif şöbəsi tərəfindən ona maaş təyin edilir və Qarabağ şairləri haqqında material toplayıb yazaraq Bakıya göndərməyi ona tapşırır. Xan Qaradağski bu vəzifəni yerinə yetirir, öncə topladığı və yeni toplamış materialları göndərilmiş nümayəndələrə təhvil verib yeni tapşırıqlar ilə məşğul olurdu.

1929-cu ildə Həsənəliağa Xan Qaradağski yenidən xəstələnir, dekabr ayının 2-də Şuşa şəhərində vəfat edir və hörmətlə şəhər qəbiristanlığında (Böyük qəbiristanlığın şəhərə ən yaxın hissəsində) dəfn edilir.

Uşaqları Məhəmməd ağa Həsənəliağa oğlu Qaradaği (28.01.1898–19.09.1976) – Şuşa şəhərində anadan olub. Sovet dövründən qabaq adı Xanoğlan ağa idi. Məhəmməd ağa atasının Qaradaği təxəllüsünü özünə soyad etmişdir. Qardaşları Çingiz ağa və Şəfqət ağa isə Xan Qaradağskini azərbaycanlaşdırıb Qaradağlı etmişlər. Bunu Sovet dövründə Xan adından ehtiyatlanmaları ilə izah etmək olar.

Məhəmməd ağa Qaradaği 1920-ci ildən Şuşada və Laçında inzibati işdə və İcraiyyə komitəsi aparatında xidmət edib. 1938-ci ildən müəllimlik etməyə başlayıb. 1945-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1968-ci ildə təqaüdə çıxanadək pedaqoji fəaliyyətlə məşğul olub. Atasının əlyazmalarını qoruyub saxlayaraq onları Azərbaycan Respublikası Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təhvil vermişdi. Maşın çapı ilə (kiril əlifbasında) atasının həyat və fəaliyyətinə dair bir kitab hazırlayıb onu da Əlyazmalar İnstitutuna təhvil verib. Özünün də gözəl təbi olduğundan bir neçə qəzəl, M. Y. Lermontovdan, Aqniya Bartodan tərcümələri, mahnıları var.

Məhəmməd ağa Bağırzadə Afərim (1906–1929) xanımla, sonra Ruqiyyə xanım Qafar qızı Səfərəliyeva (1912–1989) ilə ailə qurmuşdu. Birinci nikahdan Kamal adlı oğlu (1923–1985), ikinci nikahdan Vahid (1930–2000), Eldar (1932-ci il təvəllüd), Elşad (1940– 1991) adlı oğulları, Həmidə xanım (1934–1964) adlı qızı oldu.

Çingiz ağa Həsənəliağa oğlu Qaradağlı (1903–22.11.1969) haqqında qəzetdə verilən nekroloqda yazılır: "…görkəmli maarif xadimi, istedadlı müəllim Çingiz Həsənəlixan oğlu Qaradağlı 1903-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1920–1932-ci illərdə Laçın və Şuşa məktəblərində müəllimlik etmiş, rus dilini zəhmətkeş balalarına öyrətmişdir. 1932-ci ildən etibarən, o, maarif işçiləri həmkarlar ittifaqının respublika komitəsində işləmişdir. Ç. Qaradağlı 1936-cı ildən Bakı Şəhər Xalq Maarif Şöbəsində çalışmışdır. O, yenidən maarif işçiləri həmkarlar ittifaqı respublika komitəsində fəaliyyət göstərmişdir. 1949-cu ildən 1962-ci ilədək Bakı məktəblərində müəllim olmuş və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir". Sovet dövründən qabaq adı Çingizxan idi.

1942–1945-ci illərdə Çingiz ağa Qaradağlı Ağdam şəhər Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.

Çingiz ağa Qaradağlı "Riyazül-aşiqin" təzkirəsinin müəllifi və şairlər arasında Müştəri təxəllüsü ilə tanınan Məhəmməd ağa Mirzə Sədray oğlu Müctəhidzadənin (1867–1958) qızı Sürəyya xanımla (1909–1974), Külsüm xanım Həşim qızı Talıblı (1910–1983) ilə həyat qurmuşdu. Sürəyya xanımla Çingiz ağanın Fikrət adlı oğlu (1927–1981), Külsüm xanımla isə Aydın adlı oğlu (1929–1980) olur.

Böyükxanım xanım Həsənəliağa qızı Qaradağlı 1913-cü ildə Şuşada anadan olub. Böyükxanım Qaradağlı-Talıbzadə də müəllimlik etmişdi. Ömrünün 60 ilini orta məktəblərlə bağlayıb tarix və coğrafiya fənlərindən dərs demişdir. Böyükxanım xanım XIX əsrin sonu-XX əsrin əvvəllərinin görkəmli ziyalılarından biri olan, Abdulla Şaiqin böyük qardaşı Axund Yusif Ziya Talıbzadənin (1877–1923) oğlu Tələt Talıbzadənin ömür-gün yoldaşı olmuşdur. Onların bir oğlu olub: Davud Talıbzadə (1931–1988). Böyükxanım Qaradağlı-Talıbzadə dünyasını 1992-ci ildə dəyişmişdir.

Şəfqət ağa Həsənəliağa oğlu Qaradağlı (29.03.1916–11.04.1985) Şuşa şəhərində anadan olub. Ömrünü pedaqoji fəaliyyətlə bağlayaraq müəllimlik etmişdi. Qabaqcıl maarif xadimi ada layiq görülmüşdü. Şəfqət ağa Qaradağlı Ilk nikahindan Yasar (1934–2007)adli oglu ikinci Hörmət xanım Əlirza qızı Məlikrzayeva (1921–1996) ilə ailə qurmuşdu. Şəfqət ağa ilə Hörmət xanımın Elşən (1941–1962), Rövşən (1944–2008) adlı iki oğlu və Hicrət (1949-cu il təvəllüd) adlı qızları olur. 3-cü nikah Agdam rayon gulabli kand sakini Aziz xanim Madat qiziyla (1921–1997) aila qurmus va bu nikahdan Firqat (1951)-ci il tavalludlu qzlari olmus

Pedaqoji fəaliyyəti, Tiflis dövrü Xan Qaradağski şəhərdə artıq istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 60-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayır və bu fəaliyyəti ilə də özünə hörmət qazanır. Qohum-qonşular uşaqlarını savadlandırmaq üçün onun yanına göndərirlər. Balacaağa dedikləri Xan Qaradağski onların xahişini məmnuniyyətlə qəbul edir və 20 nəfərə qədər uşaq toplayıb evində dərs deməyə başlayır. Sxolastik üsulu ilə ərəbcə dərs keçməyin çətinliyini bilən Xan Qaradağski, şagirdlərinə dərsi özünun tərtib etdiyi sadə üsulla: təbaşir və yazı lövhəsi ilə, parta arxasında ana dilində keçir. Dərslərində riyaziyyat, Ana dili, ədəbiyyat, coğrafiya və başqa dünyəvi fənlərlə yanaşı Qur’an ayələri və namaz dualarına da xüsusi önəm verirdi. Əzbərləmə metodunun üstün cəhətlərindən də faydalanmaq üçün o, öz şagirdləri üçün xüsusi olaraq müxtəlif səpkili didaktik xarakterli şeirlər yazırdı. Qeyd olunmalıdır ki, Azərbaycan məktəbləri arasında ilk yazı lövhəsi və partalardan istifadə edən məhz Həsənəliağa Xan Qaradağski olmuşdur.

Həsənəliağa nın əmisi 1873-cü ildə əmişə olduğu kimi yayda Şuşaya gəlir və Həsənəliağa əmisinin görüşünə gedərək ondan Tiflisə getməsi üçün icazə alır. Əmisi Balacaağa ilə bir qədər söhbət edib onun rus, fars və ərəbcə olan savadını yoxlayır, şairliyini, fikirlərini də bəyənir və belə deyir: "Mən oğulsuz olmağım haqqında artıq kədərlənməyə bilərəm…"