Kiçik Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti.

Ümumi məlumat Kiçik Qafqaz vilayəti Azərbaycanın qərbində yerləşir. Əsasən Kiçik Qafqaz dağlarını əhatə edir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə, Murovdağ (Gamışdağ 3724 m) və Qarabağdır. Qarabağ silsiləsindən qərbdə Vulkanik yayla yerləşir.

Relyefi - Vilayətdə mezozoy, kaynozoy, qismən də paleozoy (Əsrikçay hövzəsi) erasının süxurları yayılmışdır.Xüsusilə Qarabağ vulkanik yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən hündürləri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı və mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə zəngindir. Azərbaycanda ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay hövzəsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln. ildir. Gəncə ətrafında güclü zəlzələlər (7-8 bal) baş verir.

İqlimi Kiçik Qafqazın dağətəyi və alçaq dağlığında qışı quraq keçən mülayim-isti (cənub-şərq hissədə yayı quraq keçən mülayim-isti), orta dağlığında qışı quraq keçən soyuq, yüksək dağlığında isə dağ-tundra iqlimi hakimdir. Orta illik temperatur 00-100C, orta illik yağıntı 300–900 mm-dir.

Çay şəbəkəsi sıxdır. Çayları Kür və Arazın qollarıdır. Tovuz, Xaçın, Tərtər, Zəyəm, Şəmkir, Kürəkçay – Kürə; Həkəri, Bərgüşad, Köndələnçay, Oxçuçay ilə Araz çaylarına tökülürlər. İqlim yüksəklik qurşağa məruz qalır: dağətəyində və alçaq dağlığda -  quru qış ilə mülayim-isti iqlim, ortadağlığda – qışı quru soyüq iqlim,  yüksək dağlıqda - - dağlıq tundra iqlimi. Havanın orta illik temperaturu dağətəyində və alçaqdağlığda 10 °C, yüksəkdağlığda 0 °C-dir. Hündürlüklə atmosfer də, yağıntılar da dəyişir.

Kiçik Qafqaz təbii vilayətinin fiziki-coğrafi rayonunun iqlimi - Azərbaycan daxilində Kiçik Qafqaz özünün iqlim xüsusiyyətlərinə görə fərqlənir. Relyefin mürəkkəbliyi burada qışı quraq keçən soyuq və dağ-tundra iqlim tiplərinin yaranmasına səbəb olmuşdur. Ümumiyyətlə, ərazidə ayrı-ayrı iqlim elementlərinin təzahürü də müxtəlifdir. Coğrafi mövqeyin xüsusiyyətləri, mürəkkəb relyef və atmosfer sirkulyasiyasının qarşılıqlı təsiri burada günəşli saatların miqdarının müxtəlif kəmiyyətlər arasında dəyişməsinə səbəb olur. Dağ silsilələrinin istiqaməti və buludluluğun təsiri ilə günəşli saatların miqdarı 1700-2300 saat arasında dəyişir. Ən az günəşli saatlar noyabr və fevral aylarında müşahidə edilir. Bunun səbəbi həmin aylarda buludluluğun nisbətən yüksək olmasıdır. Günəşli saatların ən böyük miqdarı Qazaxda (390 m) və Gəncədə (312 m), ən az isə Şuşada (1358 m) və İstisuda (2294 m) olur. İl ərzində günəşli saatların 35%-i yay aylarının, 18%-i qış aylarının payına düşür. İllik maksimum iyul-avqust, minimum noyabr-dekabr aylarında müşahidə olunur.

Əraziyə düşən günəş radiasiyasının kəmiyyətinin müəyyənləşdirilməsi həmin ərazilərin isti ehtiyatlarından kənd təsərrüfatında, turizm-rekreasiya və başqa təsərrüfat sahələrinin fəaliyyətində səmərəli istifadə etməyə şərait yaradır. Hündür dağ sistemləri, geniş vulkanik yayla, dağarası çökəkliklər vilayətdə kəskin relyef müxtəlifliyinə səbəb olmuşdur ki, bu da alınan günəş radiasiyasının yaxın ərazilərdə belə xeyli fərqlənməsi ilə nəticələnir [Hacıyev Q.Ə., Rəhimov V.Ə., 1977, Həsənov M.S., 1999].

Bütün dağlıq ərazilərdə olduğu kimi, Kiçik Qafqazda da günəş radiasiyasının illik gedişi özünəməxsus xüsusiyyətə malikdir. Ə.M.Şıxlinskinin [Şıxlinski Ə.M., 1949] tədqiqatları göstərir ki, Kiçik Qafqazda dəniz səviyyəsindən 200 m-dən 1000 m hündürlüyə qədər ümumi günəş radiasiyasının miqdarı çoxalır, sonra tədricən azalır. Lakin 3000 m-dən sonra yenidən artır. 500–600 m hündürlükdə ümumi radiasiya 126 kkal/sm2/il miqdarında olursa, 3000 m hündürlükdə 141 kkal/sm2/il, 3500 m hündürlükdə isə 148 kkal/sm2/il müşahidə edilir.

Fəsillər üzrə də ümumi radiasiyanın paylanmasında illik gedişə uyğunluq müşahidə edilir. Belə ki, isti dövrdə 500–600 m-dən başlayaraq 2000 m-dək onun miqdarı azalır, sonra isə yüksəlir. Aprel-oktyabr aylarında 200 m hündürlüyə qədər olan ərazilərdə ümumi radiasiya 89 kkal/sm2, 1000 m hündürlükdə 84 kkal/sm2 olursa, 2500 m-də 87 kkal/sm2, 3500 m-də isə 97 kkal/sm2-a qədər artır [ SSRİ. iql. sorğu kitabı. b.15,. c 1. 1957, 1971.].

Qış aylarında illik ümumi radiasiyanın cəmi 14%-i müşahidə edilir. Tədqiqatlar göstərir ki, 500 m hündürlüyə qədər olan ərazilərdə yay aylarında ümumi günəş radiasiyası çoxalır. Bu hündürlükdən başlayaraq 2000 m-ə qədər radiasiyanın miqdarı bir qədər azalır. 2500 m hündürlükdən sonra isə yenidən çoxalır.

Kiçik Qafqazda radiasiya balansının kəmiyyəti hündürlüyün artması ilə əlaqədar olaraq azalır. Belə ki, əgər 200 m hündürlükdə radiasiya balansının illik kəmiyyəti 48 kkal/sm2 müşahidə edilirsə, 1000 m-də 45, 2000 m-də 35, 2500 m-də 30, 3000 m-də 26, 3500 m-də 21 kkal/sm2-a qədər azalır [Tağıyeva U.R., 2013].

Dekabr-yanvar aylarında vilayətdə radiasiya balansının kəmiyyəti mənfi olur. Hündürlüyü 500–600 m-ə qədər olan ərazilərdə radiasiya balansı il boyu müsbətdir. Kiçik Qafqaz ərazisində FFR (fotosintetik fəal radiasiya) kəmiyyəti il ərzində 62-72 kkal sm2 arasında tərəddüd edir.

Havanın temperaturunun gedişi xeyli dərəcədə relyef şəraitindən asılıdır. Vilayətin dağətəyi ərazilərindən yüksəkliyə doğru yanvarın orta aylıq temperaturu azalır. Hündürlüyü 400 m-ə qədər olan ərazilərdə yanvarın orta temperaturu 1,0-2,0 °C, 400–800 m-də 0 °C-dən -3 °C-yə qədər, 800–1000 m-də -3-6 °C, 1000–1400 m-də -6-10 °C, 1400 m-dən yuxarıda isə -10-14 °C arasında dəyişir. Qeyd etmək lazımdır ki, qış aylarında havanın temperaturunun gedişi mütləq hündürlüklə yanaşı yamacların meyllyindən və ekspozisiyasından (səmtindən) asılı olaraq da dəyişir. (şəkil 4.3)

Yanvar ayından fevrala keçərkən havanın temperaturunun gedişində əsaslı sıçrayış nəzərə çarpmır. Martın əvvəllərindən başlayaraq temperaturun sürətlə artması müşahidə edilir. Maksimum kəmiyyətlər isə iyul-avqust aylarında müşahidə olunur. Ə.M.Şıxlinskinin [Şıxlinski Ə.M., 1969] məlumatlarına görə ərazidə iyul ayında havanın temperaturu dəniz səviyyəsindən yüksəkliyə doğru hər 100 m-də 0,5 °C azalır. İyul-avqust aylarında havanın temperaturu cüzi dəyişir. Bəzən isə avqustun ortalarında temperatur  iyula nisbətən daha yüksək olur. Sentyabr-oktyabr aylarında alınan günəş radiasiyasının miqdarının azalması, habelə əraziyə soyuq hava kütlələrinin daxil olması nəticəsində temperaturun azalma intensivliyi bir qədər artır. Noyabr ayında temperaturun azalması davam edir və dağlıq ərazilərdə həm gündüz, həm də gecələr temperaturun 0º-dən aşağı düşməsi müşahidə edilir [SSRİ. iql. sorğu kitabı. b.15,. c II, 1966, Az. Res.iql.dəy.haqq. I məlumat, 2000].

Kiçik Qafqazda havanın orta illik temperaturu 14,4 °C ilə ( Naftalan), 1,8 °C (Göygöl - Şəmkir) arasında dəyişir. Mütləq hündürlüyü 1200 m-ə qədər olan ərazilərdə havanın orta illik temperaturu 10 °C-dən yuxarı olur. Yalnız hündürlüyü 1800 m-dən yüksək olan ərazilərdə havanın orta illik temperaturu 5 °C-dən aşağı müşahidə edilir. Hündürlüyü 900 m-ə qədər olan ərazilərdə ən soyuq ayın (yanvar) orta temperaturu 0 °C-dən aşağı düşmür. 1200 m-dən hündür olan ərazilərdə fevral ayında havanın orta aylıq temperaturu 0 °C-dən aşağı müşahidə olunur. Yüksəkliyi 1500 m-dən artıq olan ərazilərdə dekabr ayında da havanın orta temperaturu mənfi olur. Hündürlüyü 800 m-ə qədər olan ərazilərdə mart ayının orta temperaturu 5 °C-dən yuxarı,  1600 m-dən yuxarıda isə mənfi olur. Vilayətdə ən isti ay iyul və avqustdur. Həmin aylarda havanın orta temperaturu 26 °C ilə 11 °C arasında dəyişir. Mütləq hündürlüyü 600 m-ə qədər olan ərazilərdə bu ayların orta temperaturu 25 °C-dən yuxarı, 1800 m-dən yüksək olan ərazilərdə iyulun orta temperaturu 15 °C-dən aşağı olur.

Şəkil.4.3. Kiçik Qafqaz təbii vilayətində havanın orta illik temperaturu.

Hündürlüyü 800 m-ə qədər olan ərazilərdə mütləq maksimum temperatur 40 °C-yə çatır, 800–1800 m-ə qədər olan ərazilərdə isə 30-35 °C arasında dəyişir. Hündürlüyü 2200 m-dən yüksək olan ərazilərdə mütləq maksimum temperatur 25 °C və daha az olur. Ən soyuq aylarda belə, isti hava kütlələrinin əraziyə daxil olması nəticəsində bəzən havanın mütləq maksimum temperaturu 20-25 °C-yə qədər qalxa bilir.

Mütləq maksimum temperaturun orta kəmiyyəti 38 °C ilə 23 °C arasında dəyişir. Hündürlüyü 600 m-ə qədər olan ərazilərdə mütləq maksimum temperaturların orta kəmiyyəti 37-38 °C, 1500 m-ə qədər olan ərazilərdə 30-35 °C, daha hündür hissələrdə isə 23-25 °C arasında tərəddüd edir.

Bütün dağlıq ölkələrdə olduğu kimi Kiçik Qafqazda da atmosfer yağıntılarının paylanmasında aşağıdakı qanunauyğunluq müşahidə olunur: ən az yağıntı dağətəyi hissələrə düşür, ərazinin dəniz səviyyəsindən hündürlüyünün artması ilə yağıntıların miqdarı çoxalır. Müəyyən hündürlükdə yağıntıların maksimal zonası müşahidə edilir. Bundan sonra hündürlüyün artması ilə atmosfer yağıntılarının miqdarı azalır     [Həsənov M.S., 1984, Konstantinov A.R., 1968].                   

Tədqiqatlar göstərir ki, Kiçik Qafqazın şimal yamacında yağıntıların maksimum miqdarı 2500–2800 m yüksəkliklərdə müşahidə edilməklə 800–850 mm təşkil edir. Bu hündürlükdən sonra yağıntıların miqdarı tədricən azalır və 3600–3700 m yüksəkliklərdə təqribən 600 mm müşahidə edilir (şəkil 4.4).

Kiçik Qafqazda atmosfer yağıntılarının illik miqdarı 300–400 mm-lə 600–900 mm arasında dəyişir. Vilayətin şimal hissəsində, yəni Gəncə-Qazax düzü və Ceyrançöldə onun kəmiyyəti 300–400 mm, Murovdağın şimal yamaclarında 700–800 mm və daha çox, cənub yamacında 700 mm və daha çox atmosfer yağıntısı müşahidə edilir. Yağıntıların kəmiyyətinin belə müxtəlif olması həm relyefin mürəkkəbliyi, və həm də müxtəlif istiqamətdən gələn hava kütlələri ilə bağlıdır.                     

Bu vilayətdə ilin isti dövründə (IV-IX aylar) atmosfer yağıntıları 200–300 mm-lə 400–600 mm, soyuq dövründə isə 100–150 mm-lə 200–300 mm arasında tərəddüd edir [Rəhimov X.Ş., 1984, 2001]. 

Yağıntıların illik paylanması yazda və yayın əvvəlində (may-iyun), müşahidə edilən bir maksimum və yanvarda müşahidə edilən bir minimuma səciyyələnir. Burada 0,1 mm-dən artıq yağıntı düşən günlərin sayı il ərzində hündürlükdən asılı olaraq 90-130 gün arasında olur.                     

Respublikamızın digər bölgələrində olduğu kimi, Kiçik Qafqazda da havanın həm mütləq, həm də nisbi rütubəti çox mürəkkəb paylanma xüsusiyyətlərinə malikdir. Ərazinin rütubətlə təminatını öyrənmək üçün illik yağıntının illik rütubət çatışmazlığı cəminə olan nisbəti ilə ifadə olunan Md-dən [Şaşko D.İ., 1961] istifadə olunmuşdur. Hesablamalar göstərir ki, vilayət ərazisində rütubətlənmə göstəricisi respublikanın orta illik göstəricisinə nisbətən bir qədər çox olmaqla 0,20-yə çatır.

Digər dağlıq ərazilərdə olduğu kimi, Kiçik Qafqazda da buxarlanma hündürlükdən, yamacların meyliliyi və səmtindən asılı olaraq dəyişir. Vilayət ərazisində buxarlanmanın ən aşağı kəmiyyəti dekabr-fevral, ən yüksək kəmiyyəti isə aprel-iyul aylarında qeyd edilir.

Şəkil 4.4.Kiçik Qafqaz təbii vilayətində atmosfer yağıntılarının orta illik miqdarı.

Burada buxarlanma il ərzində 200–500 mm arasında dəyişir. Ə.M.Şıxlinskinin hesablamalarına görə vilayətdə buxarlanma qabiliyyəti 1100 mm-lə 800 mm arasında dəyişir.

 Kiçik Qafqazda buludluluğun paylanması xüsusiyyətləri ilə Ə.C.Əyyubov, V.A.Nadirov, B.H.Məmmədov, Q.Ə.Hacıyev, M.A.Cabbarov və b. məşğul olmuşdur. Ə.C.Əyyubova [Əyyubov Ə.C., 1968, 1975]. görə Kiçik Qafqazda buludluluğun 2 tipi – yüksək dağlıq və orta dağlıq tipləri yaranır. 1-ci tip 2000 m-dən yuxarıda, 2-ci tip isə 500 m-lə 2000 m arasında müşahidə edilir. Maksimum buludluluq yazda və payızda, minimum isə yayda və qışda yaranır.