Kerol () — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmi. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir.

Kerol filminin istehsalına hələ 1997-ci ildə başlanılmışdır; məhz həmin dövrdə, Fillis Neyci ssenarinin birinci layihəsini tərtib etməyi qərara alır. Böyük Britaniyanın məşhur Film4 Productions şirkəti və onun keçmiş icraçı direktoru Tessa Ross filmin hazırlaması üçün lazımi maliyyə vəsaitini ayırırlar. Öz uzun müddətli "yetişmə dövrünün" gedişatı zamanı, film maliyyələşdirmənin axtarışı, müəllif hüquqları, əsas iştirakçıların iş qrafiklərinin uyğunluğu və lazımlı insanlara çıxışla çətinliklər də daxil olmaqla bir sıra çətin həll olunan maneələrlə rastlaşmışdır. Number 9 Films studiyasının həmtəsisçisi olmuş Elizabet Karlsen romanın ekranlaşdırması üçün tələb olunan bütün hüquqları əldə etdikdən sonra, onun çalışdığı studiya 2011-ci ildə çəkilişlərə qoşulacağını bildirir. Nyu-Yorkun Killer Films şirkətinin əməkdaşı Kristina Vaxon 2013-cü ildə ekranlaşdırılacaq filmin rejissoru ilə tandemdə çıxış etmək məqsədilə bir müddət birqə çalışdığı Todd Heynsə müraciət edir və ondan rəsmi icazəni aldıqdan dərhal sonra layihəyə qoşulur. Əsas çəkilişlər 2014-cü ilin mart ayında Ohayo ştatının Sinsinnati şəhərində başlanır və 34 gün ərzində davam edir. Kinooperator Edvard Laxman Kerol filmini Super 16 mm adlı xüsusi plyonka ilə çəkir.

Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-də seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır. Həmçinin film 27 noyabr 2015-ci ildə Böyük Britaniyada tamaşaçılar üçün nümayiş olunmuşdur.

Məzmunu

1952-ci ildə fotoqraf olmağa cəhd göstərən Terez Belivet, Milad mövsümü ərzində Manhetten şəhərində yerləşən Frankenberq Univermağında müvəqqəti satıcı kimi işləyir. Günlərin birində, o, mağaza otağının o biri başında kiçik nümunəvi qatar komplektinə baxan olduqca qlamur və baxımlı bir qadını görür. Terezin tövsiyələri əsasında, Kerol Eyrd adlı həmin qadın Milad bayramı üçün qızına gözəl hədiyyə alır. Kerol gənc işçi Terezi dostyana söhbətə cəlb edir və mağazanı tərk edərkən əlcəklərini təsadüfən orada unudur. İş saatı bitdikdən sonra Terez əlcəkləri özü ilə yaşadığı evə aparır və çalışdığı mağazanın çekləri içərisində Kerolun ünvanını taparaq poçt vasitəsilə əlcəkləri göndərməyə qərar verir.

Terezin sevgilisi Riçard Fransaya getməyi və orada onunla evlənməyi planlaşdırır, lakin Terez bunun əksinə olarq sevgi münasibətlərində hər iki cinsə meyil göstərdiyini hiss etməyə başlayır. Terezin qarşılıqlı dostu olan Denni, onu çalışdığı iş yerinə, yəni The New York Times nəşriyyatına dəvət etməyi və burada işləyən bir foto-redaktora təqdim etməyi təklif edir. Səfər zamanı Denni, onu öpmək üçün fürsətdən istifadə edir. Terez bu öpüşə qarşı çıxmasa da, əşyalarını götürərək otağı tərk edir. Eyni zamanda, Kerol ona laqeyd münasibət bildirən əri Harcla birgə yaşamaqdan imtina edir və boşanmağın çətin dövrünü yaşayır; bu evlilikdən onun Rindi adında kiçik bir qızı var. Kerol, əlcəyi göndərən şəxsə minnətdarlığını bildirmək üçün mağazaya zəng vurur və telefona cavab verən Terezi nahara dəvət edir. Hər iki qadın bir-biri ilə yaxından maraqlanmağa başlayırlar. Daha sonra Kerol Milad bayramını qeyd etmək üçün Terezi yaşadığı Nyu Cersidəki evinə dəvət edir. Onlar avtomobilə minərək yola düşürlər və Kerol şam ağacını almaq üçün yaşağdığı evin yaxınlığındakı bir mağazaya daxil olur, Terez isə onun üçün açıq-saçıq şəkillər çəkməyi qərara alır. Qızını özü ilə Floridaya aparmağa çalışan Harc, qəflətən keçmiş həyat yoldaşının yaşadığı evə daxil olur və iki qadının birlikdə bayramı qeyd etdiklərini görərək şübhələnir, çünki bu hadisədən təxminən bir il öncə Kerol həyat yoldaşının ən yaxın rəfiqəsi Ebbi ilə yaxın münasibətdə olmuşdur. Terez onların dalaşdığına şahidlik edir və Harc əsəbi halda evi tərk etdikdən sonra, Kerol rəfiqəsini öz avtomobili ilə vağzala aparır və Terez evinə geri qayıdır.

Kerol daha sonra Terezə zəng edərək, ondan üzr istəyir və yenidən görüşmək istədiyini bildirir; yeni görüş yeri kimi artıq Terezin yaşadığı ev təyin olunur və Kerol burada rəfiqəsinə Canon fotoaparatını və çəkiliş üçün plyonka hədiyyə edir, lakin Kerol həmin gün Harcın hakimi hədələyərək, ona qarşı "əxlaq haqqında əsasnaməni" nəzərdən keçirməyi xahiş etdiyini və Rindi üzərində ona tam qəyyumluğun verilməsini tələb etdiyini öyrənir; Harc həmçinin keçmiş həyat yoldaşının tələbləri yerinə yetirməyəcəyi təqdirdə onun başqa qadınlarla homoseksual əlaqələrdə olduğunu bütün ictimaiyyətə yayacağı ilə hədələyir. Kerol boşanma prosesinin stressindən qaçmaq üçün Qərbə səyahət etməyi arzulayır və bu səyahətə Terezi dəvət edir. Özünü atılmış hiss edən Harc əsəbi halda Kerolu hələ də sevdiyini deyərək, onun Terez ilə əlaqələrin çox sürməyəcəyini qabaqcadan xəbər verir. Onlar uzun müddət mübahisə etməyə başlayır və nəhayət sonda əlaqələrin davam edilməsinin mənasız olduğunu anlayırlar. Bundan sonra Terez və Kerol səyahətə yola düşürlər. Kerol ilə keçirdiyi unudulmaz səyahətin ikinci günündə Terez qaldığı moteldə Tommi Taker adlı şəxslə rastlaşır.

Yeni il ərəfəsində rəfiqələr Ayova ştatında yerləşən Vaterloo şəhərinə gəlir və buradakı motellərin birində nömrə kirayələməyi qərara alırlar. Məhz burada Kerol Terezi ilk dəfə öpür. Hər iki qadın nəhayət bir-birinə duyduqları güclü hisləri etiraf edərək cinsi əlaqə ilə məşğul olurlar. Növbəti gün isə sevgililər öyrənirlər ki, sən demə Tommi adlı həmin müəmmalı satıcı oğlan, faktiki olaraq Harc tərəfindən kirayələndirilmiş və boşanma prosesində ona qarşı şahidliyi öz üzərinə götürmüş özəl tədqiqatçıdır. Kerol üzərində daim gəzdirdiyi pistoleti Tommiyə yönəldərək, ona qarşı durmağa çalışır və tədqiqatçı qorxu içərisində önəmli bütün məxvi material və lentləri onun keçmiş əri Harca göndərdiyini bildirir. Kerol qızının himayəsi uğrunda mübarizə aparmaq məqsədilə gecəykən Nyu Yorka geri qayıtmağa məcbur olur və rəfiqəsi Ebbidən növbəti günə kimi sevdiyi Terezin qayğısına qalmağı xahiş edir. Nyu-Yorka qayıdan Terez Kerola zəng edir, lakin bilir ki, əgər bir də Rendi ilə görüşsə o, Terezlə əlaqəsini davam etdirməyəcək, Kerol sakitcə qulaq asır və Terezi göz yaşları içində qoyaraq telefon əlaqəsini kəsir.

Terez çəkdiyi şəkillərdən ibarət portfolio yaradır və The New York Times-da işə düzəlir. Ayrılığın öhdəsindən gələ bilmək üçün o, psixoterapevtin xidmətindən istifadə edir. Hər iki vəkillə qarşıdurma görüşü zamanı, Kerol qəflətən bütün məxvi lent və yazıların həqiqətən onun haqda olduğunu etiraf edərək, öz təbiətini inkar etməyəcəyini bildirir. Hüquqi konfrontasiyalardan qaçmaq və uşağının həyatını qorumaq üçün, Kerol Harcla danışıqlar aparmağa razılıq verir və keçmiş həyat yoldaşının Rindi üzərində daimi himayədarlığına qarşı olmayacağını deyərək, uşağı ilə müntəzəm görüş tələb edir. Kerol keçmiş ərinə bildirir ki, onun irəli sürdüyü təklifi rədd etmək ən azından kənardan çox iyrənc görünərdi.

Kerol Terezə məktub yazaraq, onunla görüşmək istədiyini bildirir, onlar Ritz Tower otelinin qonaq otağında görüşməyi qərara alırlar. Burada Kerol Medison-avenyuda yeni ev kirayələdiyini və mebel mağazasında satıcı kimi işə qəbul olunduğunu deyir. O, həmçinin yeni mənzilin iki insan üçün kifayət qədər geniş olduğunu deyərək, Terezin onunla birgə yaşamasını istədiyini etiraf edir, lakin Terez bundan imtina edir və qəflətən sükut yaranır. Kerol Terezə öz həmfikirliləri ilə Palıd otağında iclas keçirəcəyini və əgər Terez öz fikrini dəyişsə çox sevinəcəyini və onunla şam edəcəyini deyir. Terez daha bir neçə dəqiqə Kerol ilə birlikdə qalır və Kerol onun qulağına "Səni sevirəm" sözünü pıçıldayır. İki qadın arasında yaşanan romantik anlar qəflətən otağa daxil olan və Terezi aylarla görməyən Cek tərəfindən yarımçıq qalır. Kerol ayağa qalxaraq getməyə hazırlaşır, ancaq getməzdən öncə o, Terezin çiyninə toxunur.

Terez Cekin dəvət etdiyi axşam qonaqlığına gəlir və burada o, qəti şəkildə qadınlara duyduğu marağa görə, ona sevgi münasibətlərini nümayiş etdirən kişilərdən heç birisi ilə açıq ictimai əlaqədə ola bilməyəcəyini anlayır. Terez tez-tələsik Palıd otağına doğru qaçır. O, otağa daxil olur, kütləni nəzərdən keçirir, sonra isə otağın arxa hissəsində tənha şəkildə oturan Kerolu görür. Kerol başa düşən təbəssümlə başını sallayır, Terez onun yanına tərəf gəldikdə isə onun təbəssümü böyüyür.

Rollarda

Keyt Blanşett — Kerol Eyrd Runi Mara — Terez Belivet Sara Polson — Ebbi Gerhard Kayl Çendler — Harc Eyrd Ceyk Lesi — Riçard Semko Kori Maykl Smit — Tommi Taker Con Maqaro — Denni MakElroy Kerri Braunştayn — Jenevyev Kantrell Kevin Krouli — Fred Heyms Nik Pajiç — Fill MakElroy

İstehsal İnkişaf Kerol filmi yazıçı Patrisia Haysmitin 1952-ci ildə yazdığı "Duzun qiyməti" adlı yarım-avtobioqrafik romanın əsasında ekranlaşdırılmışdır. Roman başlanğıcda "Kler Morqan" psevdonimi altında nəşr edilməli idi, ancaq onu nəşr edən tərəf, yəni Harper & Brothers şirkəti bu addan imtina edir. Bunun üçün də Haysmit romanın adını Kerol ilə əvəz edərək, 1990-cı ildə kitabı yenidən nəşr etməyə qərar verir. Hekayə üçün Haysmitin 1948-ci ildə Nyu-York şəhərində Bloomingdale's mağazalar zəncirində işləyən xəz paltolu sarışın qadınla — Ketlin Senn ilə rastlaşmasından ilham alınıb. Hekayə Haysmitin özünə əsaslanıb və Senn Kerolun şəxsiyyəti üçün şablon rolunu oynayıb. Haysmit həmçinin keçmiş sevgilisi olan Virciniya Kent Katervudun yaşadığı təcrübələrindən də istifadə etdi. Virciniya Kent aristokrat zümrəsindən idi. Kent gizli teyp qeydlərini əhatə edən (onun qadın sevgilisi bu qeydləri məhkəmədə istifadə etmişdi) səs-küylü keçən boşanma prosesində uşağının himayədarlığından mərhum edilmişdi. Haysmitin Senn ilə tanış olduğu axşam o, hekayənin səkkiz səhifəlik xülasəsini hazırladı, bir neçə həftə sonra hekayəni inkişaf etdirdi və 1951-ci ildə onu tamamladı.