Dadaşov Fərid Həsən oğlu — görkəmli alim-geoloq, pedaqoq, elmi təşkilatçı və elmi biliklərin təbliğatçısı. Geologiya-mineralogiya elmləri doktoru, professor.
Həyatı Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952–1954-cü illərdə AzSİ-nin aspiranturasında oxumuş, "Neft yataqlarının geologiyası" kafedrasında işləmişdir. 1955-ci ildə "Bakı arxipelağının Səngaçal burnundan Gil adasına qədər olan şimal hissəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Azərbaycanın karbohidrogen qazları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1977–1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. "Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi" şöbəsinin rəhbəridir.http://gia.az/view.php?lang=az&menu=person&jur_id=0&id=26
Elmi fəaliyyət Elmi fəaliyyəti — təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır. O, neft-qaz geologiyası və geokimyası sahəsində, təbii qazların tədqiqatı üzrə görkəmli alimdir. Azərbaycanın və Xəzər dənizinin neftli-qazlı rayonlarının karbohidrogen qazlarının dəyişməsi qanunauyğunluğunu müəyyən etmiş, hidrosferin qazlarını öyrənmək üçün yeni üsul təklif etmiş, neft-qaz-toplanma zonalarının qazgeokimyəvi kriterilərini işləyib hazırlamışdır. Nəzəri işləmələri neft, qaz, sulfid yataqları axtarışında, hidrotexniki, mülki və sənaye obyektlərin tikintilərində, ekologiya sahələrində tətbiq edilmişdir.
Günəşli neft yatağını ilk kəşf edənlərdəndir. 1988-ci ildə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektiv strukturları xəritəsi"nə görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
300-dən çox elmi işin, 8 monoqrafiyanın, 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. "Azərbaycanın geokimyəvi anomaliyaları", "Azərbaycanın neft-qaz yataqları və perspektivli sahələri", "Xəzər dənizinin palçıq vulkanları", "Azərbaycanın neft və qaz ehtiyatlarının xəritəsi", "Azərbaycanın təbii qazları" xəritələrin müəlliflərindən biridir.
15 il ərzində doktorluq dərəcəsi vermək üzrə Elmi Şuranın sədri olmuşdur. 18 geologiya-mineralogiya elmləri namizədi, 3 elmlər doktoru hazırlamışdır.
Mənbə "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.''
İstinadlar
Kateqoriya:Geologiya-mineralogiya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan SSR Dövlət mükafatı laureatları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ geoloqları Kateqoriya:XXI əsr geoloqları