Persona non grata (latınca: personae non gratae — "arzuolunmaz şəxs") — diplomatik nümayəndəliyin fəaliyyət göstərdiyi ölkənin hökuməti tərəfindən arzu olunmayan təmsilçi kimi qəbul etdiyi şəxs. Xarici diplomat və ya nümayəndə qəbul edən ölkə tərəfindən persona non qrata elan edildikdə, bu o deməkdir ki, həmin şəxs artıq qəbul edilmir və ölkədən çıxarılır. Bu hərəkət adətən ev sahibi ölkə tərəfindən rəsmi və güclü diplomatik etiraz kimi qəbuledilməz hesab edilən və ya ev sahibi ölkənin maraqları ilə uyğun olmayan davranışa cavab kimi həyata keçirilir.

Kimisə persona non-qrata elan etmək imkanı, diplomatik münasibətlər sahəsində ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 23-cü maddəsinə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər, uzadılmaların sayı isə məhdudlaşdırılmır. 23.3-cü maddəyə görə, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir.

Həmçinin bax

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı

İstinadlar

Kateqoriya:Latınca hüquqi terminlər Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Beynəlxalq hüquq Kateqoriya:Qara siyahı Kateqoriya:Vizalar