Günay Vüqar qızı Məmmədzadə () — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2014), kişilər arasında beynəlxalq usta (2018), qadınlar arasında ikiqat Azərbaycan çempionu, yeniyetmələr arasında dünya (10 yaş qrupunda) və ikiqat Avropa (8 yaşadək və 14 yaşadək) çempionu. 2016-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvü. Yığmanın heyətində Olimpiada (2016, 2018, 2022), dünya (2017, 2021) və Avropa (2017, 2019, 2021, 2023) çempionatlarının iştirakçısı. 2014-cü ildə, 14 yaşında olarkən qadınlar arasında beynəlxalq qrosmeyster adına yiyələnmiş və bununla da Azərbaycan qadın şahmatı tarixində belə gənc yaşda bu ada layiq görülmüş ilk şahmatçı olmuşdur. 2018-ci ildə kişilər arasında beynəlxalq usta adına layiq görülmüşdür.
Günay Məmmədzadə FİDE-nin 2023-cü ilin iyun ayı üçün olan reytinq siyahısında 2456 xalla Azərbaycan qadın şahmatçıları arasında birinci, "Ən yaxşı 100 qadın şahmatçı" siyahısında isə 25-ci yerdə qərarlaşıb. O, FİDE-nin reytinq siyahısında əmsalına (2483, oktyabr 2022) görə ən yüksək nəticə göstərmiş azərbaycanlı qadın şahmatçıdır.
2007, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasının qalibi olub. 2012-ci ildə "İlin ən yaxşı qız şahmatçısı" nominasiyası üzrə respublika müsabiqəsinin qalibi olub.
Uşaqlığı və şahmata başlaması Günay Məmmədzadə 19 iyun 2000-ci ildə Bakı şəhərində anadan olub. Babası və nənəsi həvəskar şəkildə şahmat oynayırdı. Bu sahəyə marağı onların sayəsində yaranıb. Şahmatda ilk addımları atmağı da ona babası ilə nənəsi öyrədib. 5 yaşında 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə getməyə başlayıb.
Şahmat karyerası
Erkən illəri
185px|thumb|left|Məmmədzadə 2007-ci ildə Günay Məmmədzadə 2005-ci ildən şahmatla məşğul olur. Şəxsi məşqçisi beynəlxalq qrosmeyster Rəsul İbrahimovdur.
2007-ci ildə Azərbaycan çempionatında səkkizyaşlı qızlar arasında keçirilən yarışda 3–4-cü yerləri bölüşüb. Eyni ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş səkkizyaşlı qızlar arasında Avropa çempionatında üçüncü, Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında isə ikinci yerə çıxıb.
2008-ci ildə Batumidə keçirilən 8 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. Eyni ildə Vyetnamın Vunqtau şəhərində keçirilən səkkizyaşlı qızların dünya çempionatında üçüncü olub.
2009-cu ildə 10 yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında 11 oyundan 10,5 xal toplayaraq, turniri məğlubiyyətsiz başa vurmuş və dünya tacına sahib olmuşdur.
2011-ci ildə qadınların Bakı çempionatında ikinci yeri tutub.
2012-ci ildə Rumıniyanın Yassı şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər arası şahmat üzrə VIII dünya çempionatında birinci yerə çıxıb. Eyni ilin oktyabr ayında qadınlar arasında Bakı çempionu olub.
2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilən 8–18 yaşlı yeniyetmələrin Avropa çempionatında 14 yaşlı qızlar arasında çempion adını qazanıb. 2013-cü ildə həmçinin, 14 yaşadək qızlar arasında Azərbaycan birinciliyinin də qalibi olub.
2014 Fevralın 1-dən 9-dək Moskva şəhərində keçirilən ənənəvi "Moskva Open" turnirində və fevralın 10-dan 19-dək Minskdə keçirilmiş David Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış edərək, beynəlxalq qrosmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını toplayıb.
Mart ayında qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında 7 xal toplayaraq dördüncü olub.
İyulun 6-dan 17-dək Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında otuz səkkizinci olmuşdur.
Sentyabr ayında Azərbaycanın müstəqilliyinə həsr olunmuş "Baku Open 2014" beynəlxalq şahmat turnirində iştirak edib və qırx altıncı yeri tutub.
7–10 noyabr tarixləri arasında Rusiyanın Soçi şəhərində keçirilmiş FİDE-nin Prezident Şurasının iclasında 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrosmeyster adının verilməsi barədə qərar qəbul olunub. Günay Azərbaycanın şahmat tarixində belə gənc yaşında bu ada layiq görülmüş ilk şahmatçıdır.
Noyabrın 26-dan dekabrın 4-dək Qətərin paytaxtı Doha şəhərində keçirilmiş "Qatar Masters Open" beynəlxalq şahmat turnirində 3 xal toplayaraq 150 şahmatçı arasında yüz otuzuncu yeri tutub.
2015 Yanvarın 31-dən fevralın 8-dək davam edən "Moskva Open" turnirində tələbə qızların qrupunda mübarizə aparan Günay Məmmədzadə 9 oyundan 5 xal toplayaraq üçüncü yerin sahibi olub.
Martın 27-dən aprelin 4-dək Moskva şəhərində keçirilən ənənəvi "Aeroflot Open" beynəlxalq şahmat festivalının B qrupunda (reytinqi 2550-dən az olanlar) qırx ikinci olub.
Aprel ayında Gürcüstanın Çakvi şəhərində keçirilmiş qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında 98 şahmatçı arasında qırx səkkizinci yeri tutub.
İyul ayında Vyanada şahmatın rapid növü üzrə keçirilmiş "Qızlar üçün şahmat" turnirinin qalibi olub.
Sentyabrın 2-dən 15-dək Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş 20 yaşadək şahmatçılar arasında dünya çempionatında 13 oyundan 8 xal toplayaraq yeddinci olmuşdur.
2016 Moskva şəhərində 30 yanvar-7 fevral tarixləri arasında keçirilmiş "Moskva Open" turnirinin A qrupunda (kişilər arasında) altmış doqquzuncu, 1–9 mart tarixləri arasında keçirilmiş "Aeroflot Open" turnirinin B qrupunda (reytinqi 2550-dən az olanlar) isə yetmiş üçüncü yeri tutmuşdur.
15–23 mart tarixləri arasında keçirilmiş qadınlar arasında Azərbaycan çempionatında mümkün 9 xaldan 5 xal yarım toplayaraq altıncı olub.
May ayında Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq "Naxçıvan Open" şahmat festivalının A qrupunda (reytinqi 2250-dən yuxarı olan şahmatçılar) on ikinci yeri tutub.
27 may-7 iyun tarixləri arasında Rumıniyanın Mamaya şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında 112 şahmatçı arasında əlli üçüncü olmuşdur.
Noyabr ayında Azərbaycanın "Odlar Yurdu" klubunun heyətində Serbiyanın Novi Sad şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında iştirak edib. "Odlar Yurdu" yarışı beşinci yerdə bitirib, klubun heyətində ikinci lövhədə çıxış edən Günay Məmmədzadə isə şəxsi göstəricidə doqquzuncu olub.
2017 185px|thumb|right|Məmmədzadə 2017-ci ildə Yanvarın 28-dən fevralın 5-dək Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirinin A qrupunda (kişilər arasında) 150 şahmatçı arasında doxsanıncı yeri tutub.
Fevral ayında qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 7 xal toplayaraq, Azərbaycan çempionu adını qazanıb.
11–22 aprel tarixləri arasında Latviyanın paytaxtı Riqa şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 7 xal toplayaraq, 144 şahmatçı arasında iyirmi beşinci olmuşdur.
May ayında Naxçıvan şəhərində keçirilən ənənəvi "Naxçıvan Open" şahmat festivalının A qrupunda (reytinqi 2250-dən yuxarı olan şahmatçılar) mümkün 9 xaldan 5 xal toplayaraq on doqquzuncu olub.
13–25 noyabr tarixləri arasında İtaliyanın Tarvizio şəhərində keçirilmiş 20 yaşadək yeniyetmə qızlar arasında dünya çempionatında 89 şahmatçı arasında qırx ikinci olmuşdur.
Dekabrın sonunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak edib. Rapid üzrə yarışda mümkün 15 xaldan 6 xal yarım toplayaraq yetmiş yeddinci olan Günay, blits üzrə yarışda daha uğurlu çıxış etmiş və mümkün 21 xaldan 13 xal toplayaraq onuncu olmuşdur.
2018 Yanvarın 27-dən fevralın 4-dək Moskva şəhərində keçirilmiş "Moskva Open" turnirinin A qrupunda (kişilər arasında) mümkün 9 xaldan 6 xal toplayaraq iyirmi dördüncü olub.
Fevral ayında qadınlar arasında Azərbaycan çempionatında çempion Xanım Balacayeva ilə eyni xal toplasa da, əlavə göstəricilərə görə ikinci olub.
Mart ayında kişilər arasında beynəlxalq usta adına layiq görülüb. Bununla da o, Gülnar Məmmədovadan sonra bu ada layiq görülmüş ikinci azərbaycanlı qadın şahmatçı olub.
8–19 aprel tarixləri arasında Slovakiyanın Vısoke-Tatri şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 7,5 xal toplayaraq 144 şahmatçı arasında onuncu olub. Bu nəticə ona 2020-ci ildə baş tutacaq və 64 şahmatçının olimpiya sistemi üzrə mübarizə aparacağı dünya çempionatına lisenziya qazandırıb.
İyunun 12-dən 21-dək Rusiyanın Voronej şəhərində keçirilmiş "Voronej-2018" beynəlxalq şahmat festivalında iştirak etmiş və mümkün 9 xaldan 4 xal yarım toplayaraq 131 şahmatçı arasında altmış beşinci olmuşdur. Günayın bu turnirdə keçirdiyi doqquz görüşdən yeddisində rəqibi kişi şahmatçılar olmuşdur.
İyulun 25-dən avqustun 5-dək Türkiyənın paytaxtı Ankara şəhərində təşkil olunmuş klublararası Türkiyə çempionatında "Karaman Bələdiyyə İdman Klubu"nun heyətində beşinci lövhədə mübarizə aparan Günay, 11 oyundan 7 xal yarım toplayaraq şəxsi göstəricidə bürünc medal qazanıb. "Karaman Bələdiyyə İdman Klubu" isə çempionatı on üç komanda arasında altıncı yerdə başa vurub.
7–15 avqust tarixləri arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş 25-ci Beynəlxalq Şahmat Festivalının baş turnirində 9 mümkün xaldan 5 xal yarım toplayaraq 158 şahmatçı arasında qırxıncı yeri tutub. Günayın turnirdə qarşılaşdığı rəqiblərinin hamısı kişi şahmatçılar olub.
12–18 oktyabr tarixləri arasında Yunanıstanın Halkidiki yarımadasında keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında Azərbaycanın "Odlar Yurdu" klubunun heyətində birinci lövhədə mübarizə aparıb. "Odlar Yurdu" klubu yarışı altıncı yerdə bitirib, Günay isə öz lövhəsi üzrə şəxsi göstəricidə səkkizinci olub.
26–30 dekabr tarixləri arasında Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak etmişdir. Rapid üzrə yarışda 12 oyundan 7 xal yığaraq 124 şahmatçı arasında otuz doqquzuncu, blits üzrə yarışda isə 17 oyundan 10 xal yığaraq 125 şahmatçı arasında iyirmi beşinci olub.
2019 4–12 fevral tarixləri arasında keçirilmiş qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 8 xal yarım toplayaraq, ikinci dəfə Azərbaycan çempionu adını qazanıb.
11–22 aprel tarixləri arasında Türkiyənin Antalya şəhərində keçirilmiş qadınların şəxsi Avropa çempionatında mümkün 11 xaldan 7 xal toplayaraq 130 şahmatçı arasında iyirmi birinci olub.
30 aprel-10 may tarixləri arasında Naxçıvan şəhərində keçirilmiş ənənəvi "Naxçıvan Open" şahmat festivalının A qrupunda mümkün 9 xaldan 4 xal toplayaraq 54 şahmatçı arasında iyirmi doqquzuncu olub.
17–28 iyul tarixləri arasında Türkiyənın Konya şəhərində təşkil olunmuş klublararası Türkiyə çempionatında "Karaman Bələdiyyə İdman Klubu"nun heyətində mübarizə aparıb. "Karaman Bələdiyyə İdman Klubu" çempionatı səkkizinci yerdə başa vurub.
Avqustun 5-dən 11-dək Latviyanın paytaxtı Riqa şəhərində baş tutmuş "RTU Open 2019" yarışının A turnirində mümkün 9 xaldan 5 xal toplayaraq 150 şahmatçı arasında yetmiş səkkizinci olub.
10–16 noyabr tarixləri arasında Monteneqronun Ultsin şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kuboku yarışında Azərbaycanın "Odlar Yurdu" klubunun heyətində birinci lövhədə mübarizə aparıb. "Odlar Yurdu" klubu yarışı dördüncü yerdə bitirib, Günay isə öz lövhəsi üzrə şəxsi göstəricidə üçüncü olaraq bürünc medal qazanıb.
26–30 dekabr tarixləri arasında Rusiyanın paytaxtı Moskva şəhərində şahmatın rapid və blits növləri üzrə keçirilmiş şəxsi dünya çempionatında iştirak etmişdir. Rapid üzrə yarışda 12 oyundan 6 xal yarım yığaraq 122 şahmatçı arasında qırx səkkizinci, blits üzrə yarışda isə 17 oyundan 8 xal yarım yığaraq 122 şahmatçı arasında altmış beşinci olub.
2020 21–30 yanvar tarixlərində Cəbəli-Tariqdəki Kaleta Hotelində baş tutmuş "Gibraltar International Chess Festival"ının "Masters" qrupunda yarışan Günay, mümkün 10 xaldan 5 xal toplayaraq 250 şahmatçı arasında yüz iyirmi doqquzuncu olub.