Alberto Cakometti () — İsveçrə heykəltaraşı, boyakar və qrafik.Cakometti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 170. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Həyatı
Erkən həyatı Boyakar Covanni Cakomettinin (1868–1933) oğludur. Cenevrədə Zərif Sənətlər Məktəbində, İncəsənət və peşə məktəbində oxumuşdur (1919–20). 1920–21-ci illərdə İtaliyada olmuş, italyan incəsənətini, antik memarlığı, Qədim Misir kolleksiyalarını öyrənmişdir. 1922-ci ildən Parisdə yaşamış, 1925-ci ilədək E.A. Burdelin "Qrand-Şomyer" akademiyasındakı emalatxanasında təcrübə toplamışdır.
Sonrakı həyatı Ən yeni cərəyanların təsiri ilə Cakometti yaradıcılığında kubizm formaları meydana gəldi ("Tors", 1925, Kunsthaus, Sürix, Cakometti fondu); Afrika və Kolumbaqədərki Amerika incəsənətinə, Kiklat adalarındakı bütlərə maraq onun bir sıra əsərlərində əksini tapmışdır ("Baş", 1925, Müasir İncəsənət Milli Muzeyi, Paris). 1920-ci illərin sonundan Cakometti sürrealizm təmsilçiləri ilə yaxınlaşmışdır; bu dövr heykəltaraşlığında bəsitləşən formalar abstraksiyaya yaxınlaşır ("Tamaşa edən baş", 1927–28, Kunsthaus, Sürix).
Fəaliyyəti İrreal formalar axtarışında Cakometti şəbəkəli struktura ("Saray səhər saat 4-də", 1932–33, Müasir İncəsənət Muzeyi, Nyu-York), üfüqi sərili heykəllərə müraciət edir ("Başı kəsilmiş qadın", 1932, orada). 1934-cü ildən sürrealizm cərəyanından uzaqlaşan Cakometti fərdi üslubunu inkişaf etdirmişdir ["Görünməyən obyekt" ("Boşluğu saxlayan əllər"), 1934, Yel universitetinin rəssamlıq qalereyası, Nyu-Heyven].
İrsi İkinci dünya müharibəsi illərində Cenevrədə olan Cakometti tuncdan miniatürlər ("Adam cığaz kürsülük üzərində ", 1940–41, şəxsi kolleksiya, Paris) və gözəl natürmortlar ("Bufet üzərində alma", 1937) yaratmışdır.
Əsərləri Sənətkar 1945-ci ildə Parisə qayıtmışdır; J.P. Sartrın və J. Jenenin Cakometti yaradıcılığı haqqında məqalələri ona şöhrət gətirmişdir. Son dövr əsərlərini tuncla işləmişdir ("Əyləşmiş qadın", 1946, Müasir İncəsənət Milli Muzeyi, Paris; "Büdrəmiş insan", 1950, Kunsthaus, Sürix). Fransız ekzistensializminin təsiri ilə yaratdığı əsərlərində təcrid olunmuş, özünə qapanmış fiqurlar ağac gövdəsinə bənzədilir, müxtəlifmiqyaslı personaj və detalları birləşdirən priyomlar heykəltaraşlığı boyakarlıq perspektiv effektləri ilə zənginləşdirir ["Tala" ("Doqquz fiqur ilə kompozisiya", 1950, Kunsthaus, Sürix), "Təməl üzərində dörd fiqur" (1950, A. Maqın kolleksiyası, Paris) və s.]. Son dövr boyakarlıq portretlərində perspektiv ixtisarlar, yığcam və ya uzadılmış məkan effektlərindən istifadə edilmişdir ("Rəssamın anası", 1951, Müasir İncəsənət Milli Muzeyi, Paris).
Həmçinin bax Heykəltaraşlıq Sürrealizm Ekspressionizm Kubizm Giannino Castiglioni Emile Guillemin
İstinadlar
Xarici keçidlər Alberto Cakometti fondunun rəsmi internet saytı Alberto Cakometti verilənlər bazası Alberto Cakomettinin İsveç Milli Kitabxanasındakı əsərləri Alberto Cakomettinin Müasir İncəsənət Muzeyindəki əsərləri
Kateqoriya:Sürrealizm Kateqoriya:İsveçrə heykəltaraşları