Əkbər Fəttah oğlu Əliyev () — Azərbaycan dövlət və partiya xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Naxçıvan Respublika Komitəsinin birinci katibi (1991), Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini (1988–1989).

Həyatı Əkbər Fəttah oğlu Əliyev 26 aprel 1950-ci ildə hazırkı Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1966-cı ildə Nehrəm kənd orta məktəbini bitirdikdən sonra rayondakı "Kommunizm" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1969–1970-ci illərdə Bakı şəhərindəki 85№-li Tikinti İdarəsində fəhlə işləmişdir. 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1974-cü ildən Bakı metaltökmə zavodunda nəzarətçi kimi çalışmışdır.

Əkbər Əliyev 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və 1979–1980-ci illərdə Rusiyanın Smolensk vilayətinin Qaqarin şəhərində Ümumittifaq Beynəlmiləlçi Komsomolçu Gənclər Tikinti Dəstələri qərargahının rəisi işləmişdir. Sonra yenidən Naxçıvan MSSR-ə qayıtmış və 1982-ci ilədək Naxçıvan MSSR Aqrokimya Laboratoriyasında böyük mühəndis, 1982–1983-cü illərdə isə 145 №-li Texniki-Peşə Məktəbinin direktoru olmuşdur.

1983-cü ildən Əkbər Əliyev Azərbaycan Kommunist Partiyası Babək Rayon Komitəsində şöbə müdiri, 1984-cü ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, daha sonra isə şöbə müdirinin müavini işləmişdir. 1988-ci ildə o, Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin edilmiş, 1989-cu ildə isə Azərbaycan KP Babək Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1990-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

1991-ci ildə Azərbaycan KP Naxçıvan Respublika Komitəsinin birinci katibi seçilən Əkbər Əliyev eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Ali Məclisin 26 avqust 1991-ci il tarixli fövqəladə sessiyasında Naxçıvanda Azərbaycan KP-nin fəaliyyətinin dayandırılması, həmçinin Əkbər Əliyevin Ali Məclisin sədri vəzifəsindən azad edilməsi qərara alınmışdır.

Əkbər Əliyev sonralar Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində çalışmışdır. 1993-cü ildən qeyri-dövlət sektorunda fəaliyyət göstərir.

Əkbər Əliyev 1979-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsi bürosunun üzvü seçilmiş, 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin imzalanması üzrə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Babək Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Naxçıvan MSSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri